Fransanın “erməni qanunu”na etirazlar davam edir
Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi...
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatında 2012-ci il yanvarın 23-də “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir: “Azərbaycan Respublikası Fransa Senatında 2012-ci il yanvarın 23-də “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinə dərindən təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir. Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər.
XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20 faiz torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə, Fransanın obyektivliyini şübhə altına alır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır”.
* * *
Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi
Tanınmış yazıçı-dramaturq, kinossenarist, ictimai xadim Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina edib. O, yanvarın 25-də bəyanatla çıxış edib.
“Azadlıq” radiosunun məlumatına görə, bəyanatda deyilir ki, bu il yanvarın 23-də Fransa Senatının çıxardığı qərar Fransanı, onun böyük demokratik ənənələrini sevənlərin hər birini heyrətləndirdi və kədərləndirdi.
Bəyanatda bildirilir ki, Fransa parlamentinin qəbul etdiyi, “erməni soyqırımı”nın inkarının cinayət sayılması haqda qanun yüz minlərlə fransızın həyatını qurban verdiyi demokratik dəyərlərə, Azadlıq, Bərabərlik, Qardaşlıq kimi anlayışlara ziddir. Rüstəm İbrahimbəyov hesab edir ki, belə bir qanun fransızların özünüifadə azadlığını pozur.
Bəyanat müəllifi qeyd edir ki, belə bir qanunun ortaya çıxmasına çalışanlar beynəlxalq münasibətlərdə təhlükəli presedentin əsasını qoymuş olurlar: “Bu yeni qanunun Türkiyə əleyhinə olduğu görünür. Ancaq onun girovları bütün türk dünyasıdır və mən də bir Azərbaycan vətəndaşı kimi elan edirəm ki, bu mürəkkəb vəziyyətdə “Azərbaycan-Fransa” Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti kimi aldığım Fransanın ədəbiyyat və mədəniyyət ordenindən imtina etməyə bilmirəm”.
Yazıçı bəyanatında qeyd edir ki, o, Fransanın Konstitusiya Məhkəməsinin parlamentin bu qədər etiraz və diskussiyalara səbəb olmuş qərarına sağlam düşüncə ilə yanaşıb insan hüquq və azadlıqlarını kobud şəkildə pozan qanunun qüvvəyə minməsinə şərait yaratmayacağına inanmaq istəyir.
* * *
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Fransa Senatına etiraz bəyanatı
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Fransa Senatında 2012-ci il yanvarın 23-də “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun qəbul edilməsi ilə bağlı bəyanat yaymışdır.
İctimai Birlikdən AzərTAc-a daxil olmuş bəyanatda deyilir: “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi qondarma “erməni soyqırımı” ilə bağlı Fransa Senatında 2012-ci il yanvarın 23-də “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanunun qəbul edilməsinə təəssüfləndiyini bəyan edir, qərarı qəti şəkildə pisləyir və bu münasibətə öz kəskin etirazını bildirir. Tarixin saxtalaşdırılmasına xidmət edən, heç bir fakta söykənməyən qondarma “erməni soyqırımı” ilə əlaqədar qərarın qəbul edilməsi fundamental insan hüquqlarına, söz və ifadə azadlığına, həqiqət, ədalət və son nəticədə demokratiya prinsiplərinə tam ziddir.
Fransa Senatının bəzi üzvlərinin belə bir sənədə səs verməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın vasitəçilik missiyasının üzərinə kölgə salır. Bu, dünyanın bir sıra dövlətlərində sülhü və sabitliyi bərqərar etmək cəhdlərinə ciddi zərbə vurmaqla yanaşı, Fransanın tarixi hadisələrə qərəzli və ədalətsiz münasibətini ifadə edir, ümumiyyətlə, Fransanın obyektivliyini şübhə altına alır.
Fransa Senatı baş verməyən bir soyqırımı gündəliyə çıxarır. Amma əsl soyqırımı azərbaycanlılara qarşı törədilmişdir. Ancaq dünya birliyi bu vəhşiliyə göz yumur. Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində insanları amansızcasına qətlə yetirərək soyqırımı törədiblər. Ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi soyqırımı insanlıq əleyhinə yönələn bəşəri bir cinayətdir. Bir gecədə Xocalı şəhəri yerlə-yeksan oldu. Bu soyqırımı nəticəsində 613 nəfər, 8 ailə tamamilə məhv edilmiş, 1275 insan girov götürülmüşdür. Fransa Senatı qanlı cinayətə bu günə qədər heç bir münasibət bildirməmiş, laqeydlik göstərmişdir. Bir sözlə, Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsini təcavüzkara havadarlıq əlaməti kimi qiymətləndiririk. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Belə bir qərarın qəbul olunması, əslində həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin uzadılmasına şərait yaradır. Bu səbəbdən də, sizləri ermənilərin qeyri-real tələblərindən imtina etməyə çağırırıq.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Fransa Senatının üzvlərinin atdığı bu addımı bir daha birmənalı şəkildə pisləyir, onun ədalətsiz və ermənipərəst qərar olduğunu, antitürk mahiyyəti daşıdığını diqqətinizə çatdırır. Biz bu qərarı tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edən addım, Türkiyəyə təzyiq kimi qiymətləndiririk. Başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzasının tətbiq olunması Fransa dövləti üçün böyük rəzalətdir. Fikrimizcə, 100 il əvvəlki hadisələri bir ölkənin Senat üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar təhlil etməlidirlər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Fransa Senatının erməni təxəyyülünün əsassız iddiası olan bu qərarın qəbul olunmasından təəssüflənir və bu cür məsələləri gündəmə gətirməklə insanların söz və ifadə azadlığını kobud şəkildə pozan ədalətsiz qanuna qarşı qəti etirazını bildirir”.
* * *
Professor Bertran Mate: Senatın qəbul etdiyi qanun Fransa Konstitusiyasına ziddir
Senatın “erməni soyqırımı”nı tanımayanları cinayət məsuliyyətinə cəlb etmək haqqında qəbul etdiyi qanun Fransa Konstitusiyasına ziddir.
AzərTAc xəbər verir ki, bu fikirləri Fransada nəşr olunan nüfuzlu “Liberation” qəzetində geniş məqalə ilə çıxış edən hüquq professorları Bertran Mate və Anna Levada bildirmişlər.
Hər iki professor hesab edir ki, ilk növbədə bu qanun söz, fikir və elmi-tədqiqat aparmaq azadlığını məhdudlaşdırır. Hər hansı bir tarixi hadisənin cinayət olmasını təsdiq edən sənədin Senatda qəbul edilməsi qanun statusu daşıya bilməz. Bununla yanaşı, qanunun qəbul edilməsi Avropanın siyasi sisteminə zidd olaraq hakimiyyət bölgüsü prinsipini də pozmuşdur. Çünki soyqırımı və yaxud digər bənzər hərəkətlərin cinayət olması və buna görə cəza verilməsi yalnız məhkəmənin səlahiyyətlərinə daxil olan məsələlərdir. Konkret məsələdə məhkəmə də araşdırma aparmaq imkanında deyil. Çünki hadisənin iştirakçıları və şahidləri çoxdan ölmüşlər.
Professorların fikrincə, Fransa qanunvericiliyi soyqırımı, irqçiliyi və digər bu kimi halları cinayət hesab edir. Odur ki, bu qanunu qəbul edib əlavə problemlər yaratmağa heç bir ehtiyac yox idi.