“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.07.2009, 11:04
467

Dağlıq Qarabağa və Ermənistana səfərlər davam edəcək

A- A+

Rövşən Rzayev: “Əsas məsələ odur ki, hər iki tərəfin buna istəyi var və bu formatda əlaqələr dəstəklənir”

“Həm Azərbaycan, həm də Ermənistan tərəfi ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin daha intensiv və geniş formatda davam etdirilməsinə razılıq verib”. 
İyulun 3-də ictimaiyyət nümayəndəsi kimi Dağlıq Qarabağa və Ermənistana səfər etmiş “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasi” İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev “Media forum” saytına açıqlamasında belə deyib.

Deputatın sözlərinə görə, hələlik növbəti səfərin tarixi məlum olmasa da, bunun yaxın zamanlarda baş tutması istisna deyil: “Növbəti səfər üzərində işləniləcək. Nümayəndə heyətinin tərkibi, sayı və səfərin vaxtı dəqiqləşdiriləcək. Əsas məsələ odur ki, hər iki tərəfin buna istəyi var və bu formatda əlaqələr dəstəklənir. Hər iki tərəf bu formatda əlaqələrin genişləndirilməsinə razılığını bildirib”.

R.Rzayev deyib ki, Dağlıq Qarabağ və Ermənistana gedəcəyi haqda səfərdən bir neçə gün əvvəl məlumatlı olub.


«Media forum», 06.07.2009. .

 

Millət vəkili Şuşanın və “Gövhər ağa” məscidinin fotolarını mətbuata təqdim edib 

Bir neçə gün əvvəl Dağlıq Qarabağ və Ermənistana səfər edən nümayəndə heyətinin üzvləri Şuşanın “Gövhər ağa” məscidində də olublar.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev
APA-ya açıqlamasında Şuşa məscidinə getdiklərini, ibadət ocağının vəziyyəti ilə tanış olduqlarını və Allah evinin durumunu əks etdirən şəkillər çəkdirdiklərini deyib.

Şuşa şəhərində və məscidin qarşısında çəkilən şəkilləri APA-ya təqdim edən R. Rzayev ibadət ocağının dağılmış vəziyyətdə olduğunu söyləyib. Onun sözlərinə görə, məsciddə heç bir təmir-bərpa işləri aparılmayıb.

 

Mövzuya dair:

Jurnalistlər səfirlərin yolu ilə getmək istərdimi?

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan ziyalılarının hər iki ölkənin Rusiyadakı səfirlərinin başçılığı ilə Xankəndi, Şuşa, Yerevan və Bakıda keçirdiyi görüşlərdən danışanda bildirib ki, jurnalistlərin qarşılıqlı səfərləri də vacibdir və buna ciddi hazırlıq görülməlidir.

“Media forum” saytı nazirin azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin vacib olması haqda dediklərinə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun, “Bizim Yol” qəzetinin rəhbəri Bahəddin Həziyevin, “525-ci qəzet”in baş redaktor müavini Qalib Toğrulun münasibətini öyrənib.

B.Sadıqov erməni-azərbaycanlı münaqişəsinin başlandığı ilk vaxtlarda – 1988-ci illərdə belə səfərlərin təşkil olunmasına qarşı çıxdığını deyib: “Amma indi vəziyyət əsaslı şəkildə dəyişib. Ermənistan özü ağır duruma düşüb, ermənilər artıq xarabalıqda yaşamaqdan, beynəlxalq yardımlardan beziblər. Onlar ağılsız siyasətin əlindən təngə gəliblər. Azərbaycanda isə başqa vəziyyətdir. İnkişaf hər addımda özünü büruzə verir. Bu baxımdan jurnalistlərin qarşılıqlı səfərinin təşkil olunması müsbət nəticə verə bilər”.

Qarşılıqlı səfərlər zamanı həqiqətlərin ortaya qoyulacağını bildirən və bunu erməni siyasətçilərinə təsir etməyin ən yaxşı yolu sayan B.Sadıqov vurğulayıb: “Bizim jurnalistlər də, onların jurnalistləri də gördüklərini yazmalıdırlar. Bu məsələdə internet jurnalistikası daha önəmli rol oynamalıdır”.

“Azərbaycan”ın baş redaktoru məmniyyətlə belə səfərlərdə iştirak etmək istədiyini söyləyib: “Mən artıq güclü, üstün dövlətin, səsi eşidilən, iradəsi tanınan dövlətin nümayəndəsi kimi gedərəm və onlara sual edərəm ki, məgər biz sizə bu cür Ağdam qoyub gəlmişdik? Ağdamı xaraba qoymusunuz, bayquş kimi xarabada yaşamaq istəyirsiniz? Dünyanın harasında insan özünü yaxşılıqlardan məhrum edib? Ermənilərə bu sualı verərdim...”

B.Həziyev xatırladır ki, jurnalistlərin əvvəllər də qarşılıqlı səfərləri olub: “Nə qədər ki, münaqişə həll edilməyib, bizim Ermənistana, ermənilərə münasibətimiz adekvat olmalıdır. İnsan öz düşməninə necə baxırsa, biz onlara elə baxmalıyıq. Eyni zamanda proses gedir, nəsə çıxış yolu axtarılır. Jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması bu axtarışda iştirak edən adamların öz şeçimidir”.

B.Həziyev ona belə bir təklif edilmədiyini və bunu heç gözləmədiyini də vurğulayıb: “Səsləndirilməyən təklif barəsində nəsə demək istəmirəm. Əvvəl mənə təklif eləsinlər, sonra baxarıq”.

Q.Toğrul azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlər etməsi təklifinə müsbət yanaşır: “Ümumiyyətlə, bütün müharibələrin, etnik münaqişələrin tarixi göstərir ki, onların həlli üçün qarşı-qarşıya duran xalqlar arasında yaxınlaşma olmalıdır. Onu da nəzərə alaq ki, indi nəyisə silahla, güclə həll etməyin müşkül olduğu bir dövrdə yaşayırıq”.

İşğal altında olan torpaqlarımız barəsində çox şayiənin dolaşdığını söyləyən Q.Toğrul bir jurnalist kimi həmin əraziləri öz gözləri ilə görmək istərdi: “Mənə belə bir təklif edilsə, böyük məmnuniyyətlə razı olardım”.

«Media forum», 06.07.2009.

 

 

Xəbərlər
Redaktorun seçimi