“Cənub” qaz dəhlizinə böyük ümidlər bəsləyirik
Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç :“Ümidvaram ki, Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik”
Fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk nazirlər toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Məşvərət Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin “Cənub” qaz dəhlizi layihəsinin praktiki icrası üçün başlanğıc olacağını vurğulayıb: “Əminəm ki, bugünkü görüş ərzində fikir mübadiləsi, müzakirələr bu layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəkdir”.
Layinənin yaranma tarixindən danışan dövlət başçısı 2011-ci ildə Avropa Komissiyasının sədri Barrozu ilə Bakıda Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandığını diqqətə çatdırıb: “2012-ci ildə TransAnadolu - TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında saziş imzalandı. Bu saziş Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı bizim tərəfimizdən TANAP layihəsi təqdim edildi, dərhal bütün tərəfdaşlarımızın güclü dəstəyini qazandıq.
Bir sözlə, TANAP Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm yer tutur. Siz yəqin ki, bilirsiniz, artıq TANAP-ın praktiki həyata keçirilməsinə başlanıb. 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi burada - Bakıda keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verdi. Bu, görülmüş işlərin qısa tarixçəsi idi. Buna görə bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmadan bu gün “Cənub” qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideya və ya istək kimi səslənərdi. Lakin bu gün bu layihə artıq həyata keçirilmə mərhələsində olan layihədir.
Qeyd etmək istəyirəm ki, Dövlət Neft Şirkəti ilə əsas investorumuz olan bp arasında tərəfdaşlıq neft-qaz layihələrimizin həyata keçirilməsində olduqca mühüm rol oynadı. Artıq 20 ildir ki, bu tərəfdaşlıq davam edir və gələn illərdə də davam edəcək.
Bir daha deyim ki, Cənub qaz dəhlizi üçün resurs bazası bp-nin əməliyyatçı olduğu “Şahdəniz” yatağıdır. “Şahdəniz”dən başqa digər nəhəng qaz yataqlarını da götürsək, – yeri gəlmişkən, hesablamalarımıza görə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur, - “Abşeron”, “Ümid” və digər yataqlar “Cənub” qaz dəhlizi layihəsinə birmənalı olaraq töhfə verəcək. Çox güman ki, bu gün proqnozlaşdırdığımız rəqəmləri üstələyən daha çox hasilatımız və ixracımız olacaq.
Əməkdaşlığımızın vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir. Fikrimcə, Məşvərət Şurasının bu gün keçirilən toplantısı bu məqsədi daşıyacaq. Görülmüş və planlaşdırılmış işlər barədə təqdimat olacaq. Lakin bu layihədə iştirak edən bütün ölkələr və şirkətlər arasında əlaqələndirmə və səmərəli ünsiyyət uğurun əsas ilkin şərtlərindən biri olacaq. Əvvəlcə olduğu kimi, Gürcüstan, Türkiyə və Azərbaycan arasında aparılmış üçtərəfli əməkdaşlığa bənzər qaydada işləməliyik. Həmin üçtərəfli əməkdaşlıq və yüksək səviyyədə olan qarşılıqlı etimad, dəstək artıq qeyd etdiyim layihəni həyata keçirməyə imkan yaratdı. Hazırda isə daha mürəkkəb vəziyyətdir. Çünki iştirakçıların və tərəflərin sayı çoxdur. Buna görə bizə maksimal səviyyədə qarşılıqlı etimad lazımdır və bir-birimizi dəstəkləməliyik. Hamımız bu layihənin həyata keçirilməsinə töhfə verməliyik ki, onu vaxtında icra edək”.
Prezident vurğulayıb ki, Cənub qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq.
Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq.
Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır. Bu gün qarşımızda ölkələrdən ibarət komanda var. Avropa Komissiyası güclü dəstəyini verir. Çox şadam ki, bugünkü görüşdə cənab Şefçoviç iştirak edir. Bu, planlarımızda nikbinliyi artırır. Çünki əminəm ki, bu layihənin həyata keçirilməsi məqsədilə nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaq. Layihə vaxtında icra olunacaq və hamımız Cənub qaz dəhlizinin baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır”.
İclasda çıxış edən Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç ötən dövrlərdə qurumun regionun enerji layihələrinə yetərincə diqqət və dəstək vermədiyini etiraf edib: “Keçmişdə buraxdığımız səhvləri öyrənməliyik. Həmin vaxt regionla bağlı olan böyük layihələr maddi formasını tapmadı, çünki kifayət qədər siyasi dəstək yox idi. Biz siyasi baxımdan bu məsələlərə kifayət qədər əhəmiyyət vermədik və əlaqələndirmə mexanizmi çatışmırdı. Bilirdim ki, belə miqyaslı layihə üçün problemlərin həllinə yönəlmiş yanaşmadan istifadə etməliyik. Bilirik ki, bu qədər təəssürat bağışlayan, belə bir əhəmiyyətə malik olan “Cənub” qaz dəhlizi kimi layihəni həyata keçirdikdə, əlbəttə ki, bir çox məsələlər həll olunmalı, onlar vaxtında, lazımi qaydada və konstruktiv yanaşma əsasında aradan qaldırılmalıdır. Bu səbəbdən deməliyəm ki, Xəzər qazının Avropaya çatdırılması bizim uzunmüddətli arzumuz idi. Lakin biz bunu hazırda nəinki düşünmürük, görülmüş işlər sayəsində bu layihəyə artıq yaxınıq.
Bildiyiniz kimi, mən Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğulam. İstəyirik ki, bu layihə Avropa məkanında gözəçarpan keçid yaratsın. Müxtəlif nöqteyi-nəzərdən götürsək, bu müzakirə siyasi gündəlikdə daha yüksək səviyyəyə qaldırılıb. Çünki bu məsələ Sizin də qeyd etdiyiniz kimi, enerji təhlükəsizliyi ilə bağlıdır. Səmimi desək, biz Avropa İttifaqında yayda yox, qışda nəyin baş verəcəyi haqqında düşünməkdən artıq yorulmuşuq. İnanırıq ki, Avropa kimi böyük iqtisadiyyata və etibarlı istehlakçıya xoş münasibət bəslənilməlidir. Onun ardı kəsilməyən qaz təchizatına hüququ olmalıdır. Buna görə də biz vəziyyətin yaxşılaşması üçün əlimizdən gələni etməliyik. Nail olmaq istədiyimiz həmin şaxələndirilmənin əsas vasitələrindən biri mənbələrin və resursların şaxələndirilməsidir”.
Maroş Şefçoviç qeyd edib ki, Cənub qaz dəhlizi Avropa istehlakçılarına yeni təchizat marşrutu ilə yeni qazı nəql edəcək birinci əsas layihədir: “Bu gün Avropa İttifaqında apardığımız hesablamalara görə, istifadə etdiyimiz qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə Avropa İttifaqına idxal etdiyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq. Yaxşı bilirsiniz ki, idxal edilən neft və qazın əsas hissəsi üç qonşumuzdan - Rusiya, Norveç və Əlcəzairdən daxil olur. Lakin onu da açıq söyləməliyik ki, Ukraynadakı hazırkı böhran vəziyyəti daha da mürəkkəbləşdirdi. Biz mütləq olaraq şaxələndirməni əvvəlkindən daha çox genişləndirməliyik. Elə indicə mən bolqar həmkarlarımızı salamladım, birinci gün Sofiyada onlarla görüş keçirdik. Bu toplantı şuranın qərarı ilə keçirildi. Çünki uzun illər ərzində müzakirə olunan ən iri layihələrdən biri olan “Cənub axını” layihəsinin təxirə salınması ilə bağlı qərar qəbul edilmişdir. Bu layihə baş tutmadı və bu baxımdan Cənub-Şərqi Avropanın həssaslığını göstərdi. Bu problemi biz həll etməliyik. Avropa İttifaqının üzvü olan bütün dövlətlərin enerji təhlükəsizliyinə, Avropa enerji sisteminə real inteqrasiyasını təmin etməliyik. Belə qərara gəldik ki, Avropanın cənub-şərq hissəsindəki üzv dövlətlərin ən azı üç müxtəlif enerji mənbələrinə çıxışına zəmanət verəcək tədbirlər planı iyunda hazırlansın. Bu halda şaxələndirmə və sabit enerji platforması haqqında danışmaq olar.
Əlbəttə ki, biz hazırda həyata keçirilən “Cənub” qaz dəhlizi layihəsinin uğuruna və tempinə böyük ümidlər bəsləyirik. Buna görə də hesab edirəm ki, bu layihə üçün Məşvərət Şurası ideyası əla ideyadır. Şadam ki, bu gün biz konsorsiumdakı biznes tərəfdaşlarımızla da konkret məsələləri müzakirə edəcəyik.
Çox şadam ki, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi cənab Puliti buradadır. Digər təsisatlara - Avropa İnvestisiya Bankının, Dünya Bankının nümayəndələrinə də söz veriləcək. Çünki hesab edirəm ki, bu layihə digər beynəlxalq maliyyə təsisatları üçün də maraqlıdır. Ona görə ki, biz Avropa İttifaqı olaraq öz enerji qurğularımızı bu layihəyə qoşaraq onun müəyyən hissələrinə artıq dəstək vermişik”.
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini çıxşını bu sözlərlə bitirib: “Fikrimcə, bugünkü görüşün ən yaxşı nəticəsi yol xəritəsinin tərtibi ola bilər. Biz hansı işlərin görülməsini, hansı problemlərin olduğunu aydın şəkildə bilməliyik. Onları həll edə biləcəyikmi və nə vaxt həll edəcəyik? Cədvələ uyğun işləyəcəyik və proqnozlaşdırdığınız kimi, Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik”.