“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.03.2015, 15:09
1514

Trans-Anadolu qaz kəmərinin təməli qoyulub

A- A+

“Cənub” qaz dəhlizinin əsas hissəsinin inşası başlanır. 2020-ci ildə Azərbaycan qazı yeni kəmərlə Avropaya nəql ediləcək...

Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib. 

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.

Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi. Filmdə qeyd olunur ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq.

2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olduğunu bildirdi, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət edəcəyini diqqətə çatdırdı. 

“Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir”, - deyən Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirdi ki, ABŞ “Cənub” qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə etdi.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç 2014-cü ildə Bakıda “Cənub” qaz dəhlizinin, 6 ay sonra isə Qarsda TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirdi. “Cənub” qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şefçoviç dedi ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı “Cənub” qaz dəhlizinin əsas hissəsi adlandırdı. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını dedi.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “Cənub” qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirdi. Gürcüstan dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırdı.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyədə olmaqdan məmnunluğunu bildirdi, gələn ay Çanaqqala zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər edəcəyini söylədi. “Bu gün tarixi gündür və bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir”, - deyən dövlət başçısı ölkələrimizin bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə çatdırdı. Bildirdi ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və cəsarəti sayəsində reallaşan “Əsrin müqaviləsi” ilə başlanan enerji siyasəti nəticəsində ilk dəfə Xəzər dənizinə xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac olunması üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi bölgənin və qitənin enerji təhlükəsizliyində əvəzsiz rol oynadı.

TANAP qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildiyini deyən Prezident İlham Əliyev dünya miqyasında böyük qaz yataqlarından olan “Şahdəniz”in “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğuladı. Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı “Cənub” qaz dəhlizini Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları “Cənub” qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu vurğuladı, TANAP layihəsinin təməlinin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının rəmzi məna daşıdığını dedi və layihəyə uğurlar arzuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin sülhə və rifaha xidmət etməsini arzuladı. Dövlət başçısı “Şahdəniz” qazını Avropaya çatdıracaq bu kəmərin əhəmiyyətindən danışdı, onun ilk növbədə, ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət edəcəyini bildirdi. Nəzərdə tutduğu hədəflərin özəlliyi baxımından TANAP-ın alternativinin olmadığını deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin olduğunu dedi.

Sonra TANAP boru kəmərinin təməli qoyuldu.

AZƏRTAC

Xəbərlər
Redaktorun seçimi