“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.06.2013, 14:57
349

Qaz, Qarabağ və demokratiya

A- A+

Azərbaycan prezidentinin Avropa İttifaqı rəhbərliyi ilə görüşündə münasibətlərin geniş spektri müzakirə olunub

“Şəhdəniz” qazı Avropanın enerji xəritəsini dəyişdirəcək”. “Yaxın vaxtlarda “Şəhdəniz” konsorsiumu tərəfindən qəbul olunacaq qərar Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsinə şərait yaradacaq və bu, Avropanın enerji xəritəsini tam dəyişdirəcək”. 

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeylə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Brüsselə bundan əvvəlki səfərindən sonra enerji sahəsində çox pozitiv dəyişikliklər müşahidə olunur. Dövlət başçısı qeyd edib ki, TANAP layihəsinin elan olunması Cənub qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq. 

İlham Əliyevin sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqlindən hər iki tərəf udur: “Azərbaycan öz qazını çıxaracağı enerji bazarları tapacaq, Avropa isə uzunmüddətli dövr üçün Azərbaycanın timsalında alternativ enerji mənbəyi əldə edəcək”.

Prezident Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın davam edəcəyini vurğulayıb: “Görürsünüz ki, bu əlaqələr yaxşı səviyyədədir və biz bunu mükəmməlləşdirmək üçün çalışa bilərik”.

“Qarabağ problemi ədalətli həlli olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz”

“Dağlıq Qarabağ problemi ədalətli həll olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz. Avropa Birliyi ATƏT-in Minsk Qrupu vasitəçilərinin səylərini dəstəkləyir”.

Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında belə deyib. O, həmsədr ölkə başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda verdikləri bəyanatı alqışlayıb.

Van Rompey Azərbaycanı AB-nin vacib tərəfdaşı adlandırıb: “Biz enerji sahəsi də daxil olmaqla, əməkdaşlıqda çox şeyə nail olmuşuq və bundan daha artığına nail ola bilərik”.   

AB rəhbəri Azərbaycan prezidenti ilə görüşdə əməkdaşlıq perspektivlərini, enerji məsələsini, Azərbaycanın demokratiya və insan haqları sahəsində inkişafı və qarşıdan gələn prezident seçkilərini müzakirə etdiklərini söyləyib. H. Van Rompey seçkilərin yüksək standartlara uyğun keçiriləcəyinə ümid etdiyini bildirib. O, Azərbaycanla assosiasiya sazişinin imzalanması üzrə aparılan danışıqların nəticələnəcəyinə ümid bəslədiyini də vurğulayıb.

“Azərbaycan demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir”

“Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur”. Bu fikri iyunun 21-i Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə prezident İlham Əliyev bəyan edib.

Jurnalistin sualını cavablandıran dövlət başçısı bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: “Azərbaycanda siyasi məhbus yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”.

Joze Manuel Barrozu deyib ki, Azərbaycan Sovet İttifaqının – azadlıqların olmadığı totalitar rejimin bir hissəsi olub: “Ona görə də bu gün müstəqil, suveren ölkə olan Azərbaycandakı vəziyyətə və bir zamanlar mövcud olan Azərbaycandakı vəziyyətə baxsaq, ədalətli olaraq ölkədə böyük tərəqqi olduğunu görmüş olarıq.

Hər ölkənin öz özəllikləri var. Hansısa ölkədə demokratiyadan danışan zaman bu ölkənin öz tarixindən, coğrafiyasından, üzləşdiyi problemlərdən irəli gələn özəlliklərinin olduğunu nəzərə almaq lazımdır. Bu o demək deyil ki, Azərbaycan bu gün bütün standartlara cavab verir. Səmimi qəlbdən güman edirəm ki, tərəqqiyə nail olmaq üçün şəffaflıq və demokratik islahatların keçirilməsi zəruridir. Və tam şəkildə əminəm ki, prezident İlham Əliyev ölkəsinin müasirləşməsi xəttinə bağlıdır və Azərbaycanın imicinin, nüfuzunun qeydinə qalır” (APA).

O qeyd edib ki, insan haqları Avropa Birliyinin tərəfdaş ölkələrlə əməkdaşlığının əsas maddəsidir: “Avropa da mükəmməl deyil və biz bütün AB ölkələrində və tərəfdaş dövlətlərdə bütün hüquqların qorunmasına əmin olmaq kimi bir məsələdə sayıq olmalıyıq”.

Xəbərlər
Redaktorun seçimi