“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.09.2009, 09:01
440

Klinton Ermənistan və Türkiyəni verdikləri vədlərə riayət etməyə çağırıb

A- A+

Ankara və Yerevan arasında münasibətlərin qurulması barədə protokollar oktyabrın 10-da imzalanacaq

ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistan və Türkiyəni münasibətləri normallaşdırmaq barədə vədlərə riayət etməyə çağırıb. 

BMT Baş Assambleyasının sessiyası çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ilə görüşən Hillari Klinton bildirib ki, tərəflər prosesi davam etdirməli və fikir ayrılıqlarını aradan qaldırmalıdır.

“Münasibətlərin normallaşması heç bir ilkin şərt irəli sürülmədən məqbul bir müddətdə həyata keçirilməlidir”, - deyə xanım Klinton bəyan edib.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair sənədlərin oktyabrın 10-da imzalanacağını bildirib.

Baş nazir müvafiq protokolların iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanacağını deyib. İmzalanacaq protokollar hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minə bilər.

Türkiyə mediasının məlumatına görə, protokolların İsveçrənin Sürix, yaxud Bern şəhərində imzalanacağı gözlənilir. Sənədlərin altına xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan imza atacaqlar. İndiyədək aparılmış danışıqlara vasitəçilik edən İsveçrənin  xarici işlər naziri Mişelin Kalmi Rey  isə müşahidəçi kimi yer alacaq.

Lakin protokolların imzalanması ilə Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması baş verməyəcək. Məlum olduğu kimi, hər iki tərəf protokolların parlamentlərdə ratifikasiya olunandan sonra qüvvəyə minməsi barədə öhdəlik götürüb.

Türkiyənin baş naziri Ərdoğan Nyu-Yorkda jurnalistlərlə söhbətində deyib ki, Ankara protokolların parlamentə təqdim olunmasını ləngitməycək. Lakin sənədlərin parlamentdə səsverməyə çıxarılması və ratifikasiya olunması Dağlıq Qarabağ münaqişəsinin həllində baş verəcək irəliləyişlərdən asılı olacaq.

Doğrudur, Türkiyə parlamentində də çoxluq AKP-nin əlindədir. Lakin 2003-cü ildə parlamentdəki AKP çoxluğu hökumətin Amerika qoşunlarının ölkə ərazisindən İraqa keçməsinə icazə verən qətnaməsini təsdiq etməmişdi.

Bu arada Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə münasibətlərə dair erməni diasporu  ilə anlaşa bilmək üçün xaricə - ABŞ, Fransa və Rusiyaya səfər edəcək. Sarkisyanın bu ölkələrdəki erməni diaspor təşkilatları ilə görüşləri olacaq.

Sarkisyan həmin səfərlərdən dönəndən sonra (8-9 oktyabr) Moldovanın paytaxtı Kişinyovda (MDB sammiti çərçivəsində) Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparacaq.

Bu sammitdən əvvəl isə Türkiyə prezidenti Abdullah Gül Naxçıvanda türkdilli ölkələrin sammiti çərçivəsində (2-3 oktyabr) prezident İlham Əliyevlə görüşəcək. Şübhəsiz ki, bu görüşdə əsas müzakirə mövzusu Qarabağ və Ermənistanla münasibətlər olacaq.

Xatırladaq ki, ötən həftə Türkiyə baş naziri Ərdoğan Nyu-Yorkda ABŞ prezidenti Obama ilə görüşdə də Qarabağ məsələsini diqqətə alıb. Ərdoğan deyib ki, prezident Obama ilə görüşündə Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üçün səyləri artırmasını istəyib.

“Obama təsdiq etdi ki, bu məsələyə xüsusi önəm verir və danışıqlar prosesini sürətləndirmək üçün səylər göstərilir. Eyni məsələni Rusiya prezidenti Dmitri Medvedyevlə də müzakirə etdim. Ona da dedim. Əgər Minsk Qrupu bu prosesi sürətləndirsə, inanıram ki, tezliklə nəticə əldə olunacaq. Çünki Azərbaycanla Ermənistan arasında anlaşma əldə edilsə, bu, Türkiyənin də işini asanlaşdıracaq. Ondan sonra biz Ermənistanla münasibətlər məsələsində asanlıqla qərar verə bilərik”, - deyə Ərdoğan bildirib.

 

Mövzuya dair:

Erməni diasporu Sarkisyana xəbərdarlıq edib: “Türkiyə ilə paraflanmış protokollar imzalanmasın”

Əksəriyyəti Rusiya ermənilərindən ibarət olan bir qrup diaspora ermənisi Ermənistan rəhbərliyini Türkiyə ilə paraflanmış protokolları imzalamamağa çağırıb.

“Novosti-Armeniya” agentliyinin verdiyi məlumata görə, Ermənistanın prezidenti, parlamenti və siyasi partiyalarına müraciət ünvanlayan diaspora təmsilçiləri Ermənistan-Türkiyə yaxınlaşmasını getdikcə artan narahatlıqla izlədiklərini deyiblər: “Biz guya mehriban qonşuluq pərdəsi altında erməni soyqırımı qurbanlarının xatirəsinə xəyanət və erməni millətinin gələcək nəsillərini tarixi vətənlərinə sahiblik hüququndan məhrum etmək cəhdini laqeydliklə müşahidə edə bilmərik”.

Müraciət müəlliflərinin fikrincə, imzalanması və ratifikasiyası planlaşdırılan protokollarda Türkiyə tərəfinin məlum şərtləri əksini tapıb ki, bu sənədlərin yerinə yetirilməsi düzəldilməsi mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Onlar hesab edir ki, tarixçilərdən ibarət hökumətlərarası komissiyanın yaradılması “soyqırım”ı şübhə altına salacaq.

“Ermənistanın iki ölkə arasındakı mövcud sərhədləri tanıması isə cinayət xarakterli Moskva və Qars müqavilələrinin mahiyyətcə tanınması deməkdir. Bundan başqa, protokolların elan olunmasından sonra da Türkiyə Azərbaycanın maraqlarına ziddi addım atmayacağını bəyan edərək özünün əvvəlki şərtini rəsmən təkrarlayır. Yəni Türkiyə Ermənistanla yaxınlaşmanı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirməyə davam edir. Protokollar buna əsas da verir. Belə ki, həmin sənədlərdə tərəflər dövlətlərin ərazi bütövlüyünü tanısalar da, millətlərin öz müqəddəratını təyin etməsindən bir cümlə də danışmırlar”, - deyə müraciətdə vurğulanır.

Müraciətdə bildirilir ki, iki ölkə arasında mehriban qonşuluq münasibətləri yalnız Türkiyənin “erməni soyqırımı”nı tanınması və erməni xalqının pozulmuş hüquqlarının bərpası şərti ilə mümkün ola bilər: “Erməni xalqının böyük hissəsini təşkil edən diasporanın rəyi nəzərə alınmadan Ermənistanla Türkiyə arasında hər hansı məsələnin həlli qəbuledilməzdir”.

 

Bax həmçinin:

Türkiyə parlamentinin sədri Mehmet Əli Şahin:

“Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə ilə Ermənistan arasında razılaşmaya dair protokollar Məclisdən keçməyəcək”

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 26-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mehmet Əli Şahin TBMM sədri seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirib.

Öz növbəsində prezident İlham  Əliyev bildirib ki iki ölkənin dövlət başçıları tərəfindən əsası qoyulan dostluq və tərəfdaşlıq ənənələrinin parlament rəhbərləri tərəfindən davam etdirilməsi ölkələr arasında münasibətlərin yüksək göstəricisidir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısının əhəmiyyətindən danışan dövlət başçısı əlaqələrin bu formatda da uğurlu olacağını deyib. Bir neçə gündən sonra Naxçıvanda keçiriləcək türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünə toxunan prezident bir-birinin ardınca bu cür əhəmiyyətli tədbirlərin keçirilməsini türkdilli xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsi işinə xidmət edəcəyini vurğulayıb.

Türkiyə parlamentinin sədri Türkiyə-Ermənistan münasibətlərindən danışaraq bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar TBMM-dən keçməyəcək.

Prezident İlham Əliyev bu mövqeyə görə təşəkkür edib.

Xəbərlər
Redaktorun seçimi