“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2010, 19:21
444

Qarabağ tarixinin elektron salnaməsi hazırlanır

A- A+

Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir

Dağlıq Qarabağ münaqişəsinə dünyada obyektiv münasibətin təmin olunması bu problemin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mühüm şərtlərindəndir. 

Bu baxımdan münaqişə ilə bağlı həqiqətlərin, Qarabağın ən qədim zamandan əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən tarixi xronikanın dünyaya çatdırılması böyük önəm kəsb edir.

İndiyədək bu istiqamətdə xeyli iş görülsə də, nəticə hələlik arzuolunan səviyyədə deyil. Məhz buna görə ölkə rəhbərliyi bu məsələnin həm dövlət, həm də qeyri-dövlət qurumlarının ümdə işi kimi daima vurğulayır.

Prezident İlham Əliyev bu barədə demişdir: “Biz Qarabağ haqqında tarixi həqiqətləri dünyaya çatdırmalı, bu sahədə daha ciddi işlər görməliyik. Bunun üçün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır”.

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi bu zərurəti nəzərə alaraq “Qarabağ tarixinin salnaməsi – elektron xronoqraf” layihəsini həyata keçirməyə başlayıb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşən layihə Qarabağın tarixinin bütün mərhələlərini, Qarabağ münaqişəsi və münaqişə ətrafında sülh prosesinin tam xronikasını əhatə edən elektron salnamənin (xronoqraf) yaradılmasını nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın internet məkanında Qarabağ haqqında xeyli sayt, elektron resurslar mövcud olsa da, indiyədək Qarabağın tarixinin dolğun və tam əhatəli xronologiyası hazırlanmayıb. Halbuki bu sahədə çoxlu kitablar, məqalələr və s. mövcuddur ki, onların əsasında Qarabağın tarixinin zəngin elektron xronoqrafını tərtib etmək mümkündür.

“Qarabağ tarixinin elektron salnaməsi” tarixi faktların xronoloji təqdimatı ilə məhdudlaşmayacaq, mövzular müvafiq mənbələrə, sənədlərə, resurslara istinad və keçidlərlə, illüstrasiyalarla müşayiət olunacaq.

Elektron xronoqraf Effektiv Təşəbbüslər Mərkəzinin www.azerbaycanli.org saytında ayrıca veb-səhifə olaraq (https://azerbaycanli.org/az/page610.html) yerləşdiriləcək.

Bundan əlavə, Qarabağ tarixinin elektron salnaməsi internet məkanda müxtəlif elektron mənbələrdə yerləşdiriləcək və hər kəs bu resursdan təmənnasız yararlana biləcəklər.

Dörd ay müddətinə nəzərdə tutulan layihə iyul ayında yekunlaşacaq.

 * * *

►Bax həmçinin: 

http://www.525.az/view.php?lang=az&menu=8&id=17351

http://medeniyyet.az/site/?name=content&content=5669

 

Xəbərlər
Redaktorun seçimi