“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.06.2013, 14:59
479

Azərbaycan qazının Avropaya yolu TAPıldı

A- A+

“Şahdəniz-2” layihəsinin qazı Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu ilə nəql ediləcək

Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb.

Bakıda keçirilən tədbirdə çıxış edən bp şirkətinin («Şahdəniz» konsorsiumun operatoru) Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell qeyd edib ki, «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və düzgün seçimini edərək TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb: «Bu layihə strateji önəm daşıyır və bu layihənin icrası nəticəsində Azərbaycan yeni kəmər vasitəsilə Avropanın yeni qaz təchizatçısına çevriləcək».

Q.Birrell bildirib ki, seçim aparılarkən kəmərin maliyyə və kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və dizayn kimi aspektlər nəzərdən keçirilib: «TAP vasitəsilə ilkin olaraq ildə 10 milyard kubmetr qaz Azərbaycandan Avropaya çatdırılacaq. Layihə əlavə qaz infrastrukturunun yaradılmasına da səbəb olacaq. Azərbaycandakı «Şəfəq-Asiman» kimi qaz yataqları gələcəkdə Azərbaycandan Avropaya qaz nəqlini artıracaq».

«Şahdəniz-2» layihəsinə sərmayə qoyuluşlarından danışan BP rəsmisi əlavə edib ki, ikinci mərhələyə 40 milyard dollar həcmində vəsait yatırılacaq, bu da ildə 16 milyard kubmetr qazın nəqlinə gətirib çıxaracaq.

Qeyd olunub ki, 2013-cü ilin sonunadək TAP layihəsinə sərmayə qoyuluşu ilə bağlı qərar qəbul olunacaq.

Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard dollar təşkil edir.

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Hazırda layihənin 3 səhmdarı var. Bunlar İsveçrənin «Axpo» (42,5%), Norveçin «Statoil» (42,5%) və Almaniyanın «E.ON Ruhrgas» (15%) şirkətləridir.

 * * *

“Nabucco” “Şahdəniz” konsorsiumunun TAP layihəsini seçməsinə münasibət bildirib

“Nabucco Gas Pipeline International GmbH” “Şahdəniz II” konsorsiumunun üzvlərinin İtaliya bazarı üçün ilkin olaraq 10 mlrd. kubmetr qaz nəqli marşrutu üzrə TAP-ın seçilməsi qərarını tanıyır və qəbul edir. Bu barədə “Nabucco” konsorsiumunun yaydığı açıqlamada bildirilir.

Qərar iki bazar və bu bazarların şərtlərinə əsaslanan seçim etmiş istehsalçılar arasında olan rəqabət əsasında qəbul edilib. “Nabucco” təəssüf edir ki, Avropaya bu yeni qaz marşrutu “Şahdəniz”dən planlaşdırıldığı kimi 10 mlrd. kub m qaz nəqlini reallaşdırmayacaq.

Qeyd olunur ki, diversifikasiyaya ehtiyac hələ də Avropa bazarı, əsasən də Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün çətinlik yaradır: “Biz hələ də inanırıq ki, “Nabucco” bu ehtiyaclara cavab verəcək yeganə marşrutdur. “Nabucco” alternativ qaz mənbələrinə əsaslanan imkanlarını inkişaf etdirməkdə özünə güvənir”.

Sonda konsorsium son 10 ildə davamlı və israrlı dəstəkləri üçün bütün səhmdarlarına təşəkkür edib: “Səhmdarlar indi “Nabucco” üçün növbəti addımları müzakirə edəcəklər”.

Xəbərlər
Redaktorun seçimi