Azərbaycanda daha bir türk camesi bağlandı
“Bu camelər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək” – Heydər Əliyev, 2000-ci il
Türkiyə-Ermənistan yaxınlaşmasının Azərbaycanda doğurduğu rezonans getdikcə böyüməkdədir. Özəlliklə oktyabrın 14-də Türkiyə-Ermənistan futbol matçı ilə bağlı yaşanan olaylar, həmin matçda Azərbaycan bayrağının yasaqlanması münasibətləri daha da gərginləşdirib.
Buna cavab olaraq Azərbaycan tərəfin atdığı addımlar da soyuqqanlılıqdan uzaq, əsəbi bir tərzdədir. Oktyabrın 17-də Bakıdakı Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidədən Türkiyə bayraqlarının yığışdırılması da buna misaldır.
Türkiyə bayraqlarının yığışdırılmasının “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanunun tələbinə əsasən həyata keçirildiyi bildirilir. Halbuki sözügedən qanun 2008-ci il aprelin 25-də qüvvəyə minib və onun Türkiyə bayraqlarına münasibətdə məhz indi, ilyarım sonra icra olunması suallar döğurur.
Türkiyə-Azərbaycan münasibətlərindəki anlaşılmazlıq Azərbaycanda Türkiyə tətrəfinən inşa edilmiş camelər (məscidlər) ilə bağlı da özünü göstərir. Xatırladaq ki, Bakıdakı Şəhidlər Xiyabanında Türkiyə tərəfindən inşa edilmiş Şəhidlər camesi bir neçə ay öncə təmir ediləcəyi elan olunaraq bağlanıb.
Bu günlərdə isə Bakı ətrafında, Abşeron rayonunun Mehdiabad qəsəbəsində digər bir türk camesi bağlanıb.
Mehdiabad qəsəbəsinin dini icmasının rəhbəri İsmayıl Süleymanovun “Yeni Müsavat” qəzetinə verdiyi məlumata görə, oktyabrın 17-də qəsəbə icra nümayəndəsindən onlara məscidin fəaliyyətinin dayandırılması tapşırılıb: “Həmin gündən məscidə ibadətlər dayandırılıb. İcra nümayəndəliyindən bildirdilər ki, məsciddə təmir işləri aparılacaq. Buna görə də məscidin fəaliyyətini dayandırmağı tapşırdılar”.
Məscidin üzərindəki lövhədə ibadət evinin 1999-cu ildə Türkiyə Diyanət Vəqfi tərəfindən inşa edildiyi qeyd olunub.
İ.Süleymanovun bildirdiyinə görə, camedə 2007-2008-ci illərdə təmir işləri aparılıb. Bu isə ibadət evinin təmir adı ilə bağlanması barədə deyilənlərin inandırıcı olmadığını deməyə əsas verir. İ.Süleymanov məscidin nə vaxt fəaliyyətə başlayacağını dəqiq deyə bilməyəcəyini söyləyib.
* * *
Onu da qeyd edək ki, sözügüdən came və Azərbaycanda Türkiyə tərəfindən inşa edilmiş bir neçə digər ibadət ocaqları ilə birlikdə 2000-ci ilin aprelində Türkiyənin dini işlər naziri Mehmet Nuri Yılmazın Azərbaycana səfəri gedişində rəsmən ibadətə açılmış, camelərə qanuni status verilmişdi.
2000-ci ilin aprelin 26-da Azərbaycan prezidenti Heydər Əliyev Türkiyənin dini işlər naziri Mehmet Nuri Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən türk camelərinin fəaliyyətindən razılıq etmişdi.
Heydər Əliyev: Biz son dəfə Naxçıvanda görüşmüşdük. Orada sizinlə bərabər tikilmiş məscidi, cameni açdıq, böyük bir iş gördük. İndi də Bakıdasınız. Təşəkkür edirəm.
Mehmet Nuri Yılmaz: Hörmətli cumhur başkanım, bizi qəbul etdiyinizə görə öz adımdan çox təşəkkür edirəm. Üç gündür burdayıq. Cənab şeyxülislam Allahşükür Paşazadə çox yaxşı münasibət göstərdi.
Bir neçə camemiz var idi, onların açılışlarında iştirak etdik. Mənəviyyatsız həyat olmaz. Biz də dini öyrətmək, insanlara ibadətləri doğru öyrətmək üçün yardım göstəririk. Zati-alilərinizin böyük dəstəyini gördük. Buna görə də Sizə minnətdarlığımızı bildirir, hörmət və ehtiramımızı ərz edirəm.
Hacı Allahşükür Paşazadə: Möhtərəm prezident! Bu camelər çoxdan tikilmişdir. Cənab Nuri Yılmazın müəyyən işləri olduğuna görə bura gəlişi bir az çətinləşmişdi, bunların açılışı olmamışdı. Bir növ bunları qanuniləşdirmək üçün biz ikimiz də həmin camelərə getdik və bu camelərdə camaatla bir yerdə olduq, namaz qıldıq və onların açılışını elan etdik ki, ora bu gündən fəaliyyət göstərir.
Həmin camelərin yaxşı cəhəti odur ki, biz onlara iki nəfər - həm imam, həm də axund təyin etdik. Yəni siz bilirsiniz ki, Azərbaycanda iki məzhəb olduğuna görə, hər ikisinin eyni olmasını nəzərə alaraq qardaşlığı daha da yüksəltmək üçün biz həmin camelərdə belə addımları atdıq. Camaat orada sizin üçün, xalqımız üçün, həm də Türkiyə xalqı üçün, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da möhkəmlənməsi üçün dualar oxuyurlar. Bu, Qubada, Qusarda, Ağdaş rayonunun Ləki qəsəbəsində, Yevlaxda, Mehdiabadda olmuşdur.
Heydər Əliyev: Yəni Abşeron rayonunda.
Hacı Allahşükür Paşazadə: Bəli, Abşeronda. Biz açılış keçirərək onları qanuniləşdirdik. Ona görə də Sizə bir daha təşəkkürümü bildirirəm. Bu məscidlərin hər biri qardaşlıq, dostluq ocağı olacaqdır.
Heydər Əliyev: Təbiidir. Azərbaycanda vicdan azadlığı bizim əldə etdiyimiz istiqlaliyyətin nəticəsidir. Bilirsiniz ki, biz 70 il öz dinimizdən məhrum olmuşuq. Ancaq istiqlaliyyət, müstəqillik əldə edilən kimi bizim bütün insanların azadlıqları təmin olundu, o cümlədən vicdan azadlığı. Bunların da hamısı ölkəmizi daha da yüksəldir.
Ona görə də, təbiidir, - bu məscidlər, camelər məhz insanların mənəviyyatca yüksəlməsinə xidmət etməlidir. Buna görə də gördüyünüz işlərə görə çox məmnunam.
Mən bir daha deyirəm, şeyx həzrətləri də doğru buyurdu ki, bu camelər Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək, daha da inkişaf etdirəcəkdir.
Bax: