Azərbaycanın xarici işlər naziri İran rəsmilərinin bəyanatlarına cavab verib
“Heç bir ölkənin daxili işinə qarışmırıq və bizim daxili işlərimizə qarışmağa imkan verməyəcəyik”
“Hansısa ölkənin bizim daxili işlərimizə qarışmasına imkan verməyəcəyik”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov son günlər İran rəsmilərinin Azərbaycanla bağlı verdiyi bəyanatlara münasibət bildirərkən belə deyib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan öz xarici siyasətində digər ölkələrin daxili işlərinə qarışmır və başqa ölkələrin də bizim xarici işlərimizə qarışmasına yol verməyəcək: “Bizim xarici siyasətimiz Azərbaycanın mili maraqlarına uyğun olaraq aparılır. İranın hərbi qüvvələrindən gələn belə bəyanat bizdə sual doğurur. Biz Ermənistan rəhbərliyinin, yüksək məmurların İrana səfərlərini müzakirə etmirik. Heç bir ölkənin daxili işinə qarışmırıq və bizim daxili işlərimizə qarışmağa imkan verməyəcəyik”.
Nazir Xəzərin cənubunda – Azərbaycan-İran sərhədində yerləşən “Alov” yatağı ilə bağlı İranın neft sənayesi naziri Qulam Hüseyn Nozari bəyanatına da münasibət bildirib: “Vaxtilə bu məsələ ilə bağlı keçmiş prezident Heydər Əliyev İranla razılığa gəlmişdi ki, delimitasiya məsələsi bitməyənə kimi həmin yataqda heç bir iş aparılmayacaq. Azərbaycan Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın tezliklə qəbul olunmasına tərəfdardır”.
Mövzuya dair:
Azəraycan XİN-in sözşüsü Elxan Poluxov: “İranın verdiyi bəyanatlar bizdə təəccüb doğurur”
“İranın verdiyi bəyanatlar bizdə təəccüb doğurur”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bağlı rəsmi Tehranın verdiyi bəyanatları belə şərh edib.
Onun sözlərinə görə, Azərbaycan ərazisini zəbt edən işğalçı dövlətlə sıx münasibətlərdə olmaq, həmin ərazidə müsəlman abidələrini dağıdan, müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirən ölkə ilə belə münasibətlər qurmaq müqabilində İranın Azərbaycana qarşı bu cür bəyanatlar səsləndirməsi təəccüb doğurur: “Azərbaycan müstəqil dövlətdir və öz xarici siyasətində başqa ölkələrin işlərinə qarışmamaq prinsipini əsas götürür”.
APA.