“Ermənistan mövcud vəziyyətin ağırlığını dərk etməlidir”
“İcmalararası dialoq qarşılıqlı anlaşma üçün psixoloji iqlim yaratmağa kömək edə bilər”Xəbər verildiyi kimi, Azərbaycan nümayəndə heyəti yanvarın 27-dən 31-dək Strasburqda Avropa Şurası Parlament Assosiasiyasının (AŞPA) qış sessiyasında iştirak edib. Sessiyada müzakirələr zamanı azərbaycanlı deputatlar Ermənistanın ölkəmizə qarşı təcavüzü, bu işğalın doğurduğu fəsadları bir daha avropalı həmkarlarının diqqətinə çatdırıblar.
Nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd edərək AŞPA rəhbərliyini bu məsələyə diqqət ayırmağa çağırıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayevlə müsahibəmiz də bu mövzudadır.
- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq məsələsi AŞPA-nın əvvəlki sessiyalarında da qaldırılıb. Sizcə, bu dialoq münaqişənin nizamlanması prosesinə hansı töhfəni verə bilər?
- Artıq bir neçə ildir ki, icmalararası dialoq barədə məsələ müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən AŞPA-nın sessiyalarında müntəzəm olaraq qaldırılır. Biz hesab edirik ki, icmaların dialoqu danışıqlar prosesinə müsbət impuls verə bilər. Azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağda yanaşı yaşayıblar və iki xalqın dinc yanaşı yaşamasına alternativ yoxdur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz münaqişənin beynəlxalq hüquq əsasında ədalətli və sülh yolu ilə nizamlanmasına səy göstərir. Azərbaycan rəhbərliyi həmçinin erməni tərəfi ilə də müxtəlif səviyyələrdə dialoqa dair təşəbbüsləri dəstəkləyir. Xatırladaq ki, 2007 və 2009-cu illərdə Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri Ermənistana və Dağlıq Qarabağa səfər etmişdilər və bu addım Azərbaycan prezidenti tərəfindən dəstəklənmişdi. Biz bu prosesin davamı olaraq birbaşa ünsiyyətə, ictimaiyyət təmsilçilərinin, iki icma ziyalılarının dialoquna təşəbbüs göstəririk və bu məsələdə bizə beynəlxalq təşkilatların köməyi lazımdır.
Avropa Şurasının Parlament Assambleyası da belə bir dialoqun qurulmasına təsir göstərə bilər. 2005-ci il yanvarın 25-də Assambleya «Dağlıq Qarabağ regionunda münaqişə haqqında» 1416 nömrəli xüsusi qətnamə qəbul etmişdi. AŞPA-da Azərbaycan və Ermənistan deputatlarının iştirakı ilə Dağlıq Qarabağ məsələsi üzrə alt komitənin yaradılması da həmin qətnamənin nəticələrindən biri olmuşdu. Alt komitənin nə üçün real fəaliyyət göstərmədiyi isə artıq başqa söhbətin mövzusudur. Onu da deyim ki, iki ölkənin xalqları arasında barışıq, inam və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məsələsi sözügedən qətnamənin əsas müddəalarından biridir. Sənəddə Assambleya Azərbaycan və Ermənistan rəhbərliyini bu istiqamətdə səy göstərməyə çağırır.
Ötən ilin iyununda, yay sessiyasında Assambleyanın ovaxtkı sədri Jan-Klod Minyonun təşəbbüsü ilə AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşü keçirildi. Təxminən iki saat çətin, amma faydalı fikir mübadiləsi aparıldı. Doğrudur, prosesi davam etdirmək mümkün olmadı. Ümid etmək istərdim ki, AŞPA-nın yeni seçilmiş sədri xanım Ann Brasserə həmin görüşləri bərpa etmək və onları faydalı, keyfiyyətli səviyyəyə qaldırmaq müyəssər olacaq.
- Lakin bu təşəbbüslərə baxmayaraq, Ermənistan icmalararası dialoqa mane olur…
- Rəsmi İrəvan Dağlıq Qarabağın erməni icmasını münaqişənin üçüncü (Ermənistan və Azərbaycan ilə yanaşı) tərəfi kimi təqdim etməyə cəhd göstərir və onu danışıqlar masası arxasında bu statusda əyləşdirmək istəyir. Buna görə də Ermənistan rəhbərliyi həm bizim tərəfimizdən, həm də müəyyən beynəlxalq dairələr tərəfindən icmalararası ünsiyyətə dair təşəbbüslərə qarşı çıxır. 2011-ci ilin dekabrında Dağlıq Qarabağın azərbaycanlı icması Berlində erməni tərəfi ilə dialoq-forum keçirmək təşəbbüsü ilə çıxış etdi. Rəsmi İrəvan Dağlıq Qarabağ ermənilərinin Berlinə nümayəndə göndərməsinə icazə vermədi. Bununla belə, İrəvandan bir neçə QHT nümayəndəsi və Almaniyada təhsil alan erməni tələbələr həmin görüşdə iştirak etdilər.
Biz hesab edirik ki, belə görüşlər qarşılıqlı anlaşmaya nail olmaq üçün, tərəflərin öz itkilərini, mövcud vəziyyətin zərərini dərk etməsi üçün çox vacibdir. Münaqişənin davam etməsi hər iki tərəfdə yeni itkilər deməkdir. Bu günlərdə cəbhə xəttində baş vermiş atışmalar bunu bir daha göstərdi. Əminəm ki, münaqişə dinc yolla həll ediləcək. Bizim dialoqla bağlı təşəbbüslərimiz ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri və XİN başçıları səviyyəsində aparılan danışıqlar prosesinə qoşulmaq məqsədi güdmür. İcmaların dialoqu qarşılıqlı inamın, münasibətlərdə müəyyən ictimai, psixoloji iqliminin yaradılmasına kömək göstərə bilər. Onsuz da əvvəl-axır bütün münaqişələr beynəlxalq hüquq çərçivəsində, dinc danışıqlar yolu ilə həll olunmalıdır.
- Beynəlxalq hüquq baxımından Ermənistanın Qarabağ ermənilərini münaqişənin bir tərəfi kimi təqdim etmək səyini necə qiymətləndirirsiniz?
- Bu cəhdlərin heç bir beynəlxalq hüquqi əsası yoxdur. 1992-ci ilin martında ATƏT ölkələri nazirlər Şurasının Helsinki görüşünün yekun sənədi əsasında formalaşmış Minsk qrupunun mandatında Dağlıq Qarabağ münaqişəsinin tərəfləri dəqiq göstərilib: bu, Ermənistan və Azərbaycandır. Həmin sənəddə Dağlıq Qarabağın erməni və azərbaycanlı icması münaqişədə maraqlı tərəflər kimi qeyd olunub. Beləliklə, münaqişənin hər hansı üçüncü tərəfi barədə söhbət gedə bilməz. Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair bütün sonrakı sənədləri bu prinsipə əsaslanır və ATƏT-in Helsinki sənədinə istinad edir.
- Erməni tərəfinin daha bir “sevimli” mövzusu millətlərin öz müqəddəratını təyinetməsi hüququ ilə bağlıdır. Siz bununla bağlı nə deyə bilərsiniz?
- Erməni tərəfi münaqişənin əvvəlindən bu məsələdə öz müqəddəratını təyinetmə hüququnun mahiyyətini təhrif etməyə çalışır. Beynəlxalq hüquqa dair bütün sənədlərdə dəqiq göstərilir ki, milli azlıqların müqəddəratı konstitusiya və hüquq əsasında, dinc yolla öz həllini tapmalıdır. Millətlərin öz müqəddəratını təyinetməsi ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə zidd olmamalıdır. Əksinə, milli azlıqlar ölkənin ərazi bütövlüyü çərçivəsində ən geniş muxtariyyətədək öz müqəddəratlarını müəyyən edə bilərlər və dünyada buna dair nümunələr çoxdur.
Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq sənədlər - BMT Təhlükəsizlik Şurasının 1993-cü ilə qəbul olunan dörd qətnaməsi, BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsi və başqa sənədlər Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə dəstəklənən, «öz müqəddəratını təyinetmə» adı altında gizlədilən Dağlıq Qarabağdakı erməni separatizmi isə nəinki beynəlxalq hüquq normalarını pozur, həm də birbaşa silahlı təcavüz vasitəsilə həyata keçirilir.
BMT Baş Assambleyasının 24 oktyabr 1970-ci il tarixli qətnaməsində dəqiq deyilir ki, millətin öz müqəddəratını təyinetmə hüququ mütləq qüvvə tətbiq edilmədən həyata keçirilməlidir. Sənəddə göstərilir ki, «bütün xalqların öz müqəddəratını təyinetmə hüququ var; onlar bu hüquqa əsasən öz siyasi statuslarını sərbəst müəyyən edir və öz iqtisadi, sosial və mədəni inkişaflarını həyata keçirirlər», «ölkənin milli birliyini və ərazi bütövlüyünü qismən və yaxud tamamilə dağıtmağa yönəldilmiş hər hansı cəhd Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsipləri bir araya sığmır».
Ermənistan suveren Azərbaycanın ərazisini işğal edib, Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb, sonra da onun ətrafındakı yeddi rayonu tamamilə dağıdaraq dinc əhalini torpaqlarından didərgin salıb. İndi isə bu işğalın nəticəsi olaraq Dağlıq Qarabağ ermənilərinin «öz müqəddəratını təyinetmə» hüququnu reallaşdırmağa cəhd göstərir. Bəs azərbaycanlı icması haradadır, onun tarixi torpaqlarında, doğma yurdunda yaşamaq hüququ necə olsun?
Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinə dair AŞPA-nın yuxarıda qeyd etdiyimiz 1416 saylı qətnaməsində də ərazi bütövlüyü prinsipinin dəyişməzliyi vurğulanır. Qətnamənin 2-ci bəndində deyilir: “Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir”.
Ermənistan beynəlxalq hüquq normalarını inkar edərkən, müxtəlif bəhanələrlə dialoqun baş tutmasına, qarşılıqlı anlaşma körpülərinin salınmasına müqavimət göstərərkən anlamalıdır ki, dinc nizamlanmaya getməkdən savayı onun başqa yolu yoxdur. Təəssüf ki, böyük dövlətlərin bir sıra rəsmi şəxsləri də öz əməl və bəyanatlarında siyasi tərəfkeşlik və ziddiyyət nümayiş etdirməklə Ermənistanın bu mövqeyinə göz yumurlar. İstərdik ki, münaqişənin nizamlanmasında vasitəçilik edənlər daha çox məsuliyyət, konstruktivizm və obyektivlik göstərsinlər. Ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı prinsipləri, beynəlxalq hüquqa dair sənədlər bütün dünyada sülhün və sabitliyin təmin edilməsində əsas prioritetdir. Başqa yol yoxdur!
"525-ci qəzet"