“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.04.2010, 19:47
426

Türkiyə baş naziri Ermənistan prezidentinə məktubda nə yazıb?

A- A+

Ərdoğanla Sarkisyanın Vaşinqtonda yeni anlaşma imzalayacağı bildirilir

Son günlər Türkiyə-Ermənistan yaxınlaşması prosesi ətrafında Ankara-İrəvan-Bakı-Vaşinqton arasında intensiv diplomatik trafik cərəyan etməkdədir.

Xəbər verildiyi kimi, Türkiyə baş nazirinin xüsusi səlahiyyətli nümayəndəsi kimi bu ölkənin xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu aprelin 7-də İrəvana gedib və Ərdoğanın xüsusi məktubunu prezident Serj Sərkisyana çatdırıb.

Daha sonra Ərdoğanın məktub diplomatiyasının davamı olaraq Sinirlioğlu aprelin 9-də Bakıya göndərilib. Bütün bunlar Türkiyənin baş naziri ilə Ermənistan prezidenti arasında gələn həftə (12-13 aprel) Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti zamanı baş tutacaq görüşə hazırlıq və Sürix protokollarının gələcəyinə dair Ankaranın siyasətini izah etmək məqsədi daşıyır.

Türkiyə mənbələri təsdiq edir ki, Ərdoğanla Sərkisyan arasında Vaşinqtonda ABŞ administrasiyası tərəfindən hazırlanan gizli “yol xəritəsi” imzalanacaq. Bu sənəd protokolların ratifikasiyası istiqamətində tərəflərin atacaqları addımların konkret qrafikini müəyyən etməlidir. Bu müddət çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən irəliləyiş, o cümlədən Ermənistan qoşunlarının müəyyən cədvəl üzrə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması barədə razılaşmanın əldə olunacağı istisna edilmir.

Türkiyə mənbələri həmçinin Ərdoğanın Sərkisyana məktubunun bəzi detallarını da yayıb. Bildirilir ki, Sinirlioğlu tərəfindən Ermənistan prezidentinə Ərdoğanın adından çatdırılan yazılı və şifahi mesajda Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq prosesinə  sadiq qaldığını, Sürix protokollarının altındakı imzasından çəkilmək fikrində olmadığını, Sərkisyanla Vaşinqtonda görüşərək danışıqlar aparmağa hazır olduğunu çatdırır.

Həmçinin məktubda deyilir ki, Türkiyə protokolların parlamentdə ratifikasiyası prosesini başlatmağa hazırdır (“haberaktuel.com”). O da bildirilir ki, Ərdoğan öz nümayəndəsini Ermənistana göndərmək qərarını əvvəldən qəbul edib və hələ mart ayında Sərkisyanla görüş barədə erməni tərəfinə müraciət edib.

Türkiyə tərəfi Ermənistanla bu təmasların Azərbaycanın başı üzərindən qurulan hansısa oyunun bir hissəsi olmadığını göstərmək üçün Bakını da məlumatlandırıb. Bir gün əvvəl xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefon danışığı aparıb və ona Ermənistanla son təmaslar barədə məlumat verib. Dünən isə Sinirlioğlu Ərdoğanın xüsusi elçisi qismində Bakıya gəlib və özü ilə baş nazirin məktubunu gətirib.

Türkiyə qaynaqları xəbər verib ki, Ərdoğanın məktubunda Bakının Ankara-İrəvan-Vaşinqton xəttində baş verən son təmaslarla bağlı narahatlıqlarını aradan qaldırmaq üçün mesajlar yer alır. Bildirilir ki, Ərdoğanın məktubunun əsas mahiyyəti belədir: "Türkiyənin Ermənistanla münasibətlər qurmaq prosesində Azərbaycan kənarda tutulmur və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesin tərkib hissəsidir.

Eyni zamanda, Ərdoğan Azərbaycan prezidentini inandırmağa çalışır ki, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması regionda sülhə və stabilliyə xidmət edir, lakin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə Ermənistanla sərhədlərini açmayacaq. Türkiyənin baş naziri məktubunda onu da göstərir ki, bəzi çevrələr tərəfindən Ankara-Vaşinqton-İrəvan üçlüyünün Bakını proseslərdən kənarlaşdırmağa çalışdığı haqda ortaya atdığı iddialar həqiqətə uyğun deyil. Ərdoğana görə Dağlıq Qarabağ problemi Türkiyənin əsas prioritetidir.

Ərdoğanın məktubunu gətirən Feridun Sinirlioğlu isə  bildirib ki, o, Bakıya  Ərdoğanın mesajını gətirib. “Mən cənab baş nazirimizin bir mesajını gətirmişəm. Bunu cənab prezident İlham Əliyevə təqdim edəcəm. Hazırda deyəcəyim bu qədərdir” Sinirlioğlu qeyd edib.

 Bu arada Ərdoğanın Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşəcəyi təsdiqlənib. Dövlət katibi Hillari Klinton isə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək. Obama-Sərkisyan-Ərdoğan görüşü hələ qəti deyil. Bununla belə, Obamanın Sərkisyanla görüşəcəyi artıq qətiləşib. ABŞ prezidentinin tərəflərlə ayrı-ayrılıqda keçirəcəyi görüşlərdən sonra protokolların ratifikasiyasına dair “yol xəritəsi”nin xarici işlər nazirləri arasında imzalanacağı gözlənilir. Bu sənəd imzalansa da, məxfi saxlanılacaq.

Belə görünür ki, Ərdoğan ABŞ-a səfəri ərəfəsində protokolların ratifikasiyasını başladacağına dair siyasi öhdəlik götürüb. Prosesin başlaması ilə yekunlaşması arasında nə qədər müddət keçəcəyi bəlli deyil, ancaq görünən odur ki, Türkiyə Ermənistanla yaxınlaşma prosesində daha bir addım atır. Eyni zamanda, gələn həftə Ermənistan parlamentinin də protokolların ratifikasiyasını müzakirəyə çıxaracağı gözlənilir.

Əgər sözügedən “yol xəritəsi” imzalansa, bu o demək olacaq ki, Türkiyənin ratifikasiya prosesini qeyri-müəyyən müddətə uzatmaq imkanları olmayacaq, Ankara ayrılmış konkret zaman kəsiyində hərəkət etməli olacaq. Bu müddətdə isə Qarabağ məsələsi ətrafında hansısa irəliləyişlərə ümid edilir. Lakin belə irəliləyiş üfüqdə görünmür.

Rəsmi Bakı yenilənmiş Madrid prinsiplərini qəbul etdiyini açıqlasa da, Ermənistan bu təklifə konkret cavab vermir, eyni zamanda danışıqları sıfır nöqtəsinə qaytaracaq şərtlər irəli sürür. Bu cür vəziyyətdə Ərdoğanın Əliyevə göndərdiyi məktubdakı vədlərinə nə dərəcədə sadiq qalacağına dair suallar yaranır.

“Yeni Müsavat”

 

 

Xəbərlər
Redaktorun seçimi