Qarabağ müharibəsində atəşkəsin 20 ili tamam olur
1994-cü ilin 12 mayından "nə hərb - nə sülh" vəziyyəti davam edir. Təəssüf ki, bu illərdə müvəqqəti atəşkəsi davamlı sülhə çevirmək mümkün olmayıb...
1994-cü il mayın 12-də Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsində atəşkəs elan olunub. Qarabağ konflikti tarixinə "Bişkek protokolu" adı ilə düşmüş razılaşma həmin gün qüvvəyə minib. Bu, indiyədək bənzər münaqişələr tarixində mövcud olmuş ən uzunmüddətli atəşkəs razılaşmasıdır.
Hərçənd bu illər ərzində cəbhə xəttində tam olaraq atəşin kəsilməsindən söhbət gedə bilməz. Bu illərdə atəşkəs rejimi nisbi xarakter daşıyıb, son dövrlərdə Ermənistan və Azərbaycan qoşun hissələrinin təmas xətlərində atışma faktlarının artması isə Qarabağ müharibəsinin bitmədiyinin, sadəcə, savaşın dayandığının ən adi və aydın ifadəsidir.
Kütləvi informasiya vasitələrində mütəmadi olaraq cəbhə xəttində atəşkəsin pozulması barədə statistika yer alır. Görəsən, ötən illərin belə bir statistikasını hazırlamaq mümkün olsa, ortaya hansı rəqəm çıxar? Bəs bu müddətdə atəşkəsin pozulması nəticəsində cəbhə xəttində həlak olan əsgər və zabitlərimizin sayı? Yaxud atəşkəs müddətində cəbhə xəttinə yaxın ərazilərdə minaya düşərək həlak olan hərbi və mülki şəxslərin sayı? Yəqin ki, bu statistika hazırlansa, ortaya acı bir mənzərə çıxar.
Lakin, bununla belə, 1994-cü ilin 12 mayından hesablanan atəşkəs dövrü tarixin bir reallığıdır. Bu illərdə atəşkəsin mahiyyəti, «Bişkek protokolu»nun nəticə etibarilə hansı tərəfin işinə daha çox yaraması barədə çoxsaylı diskusiyalar gedib. Bu yöndə hansı iddiaların gerçəyə nə qədər yaxın olduğunu dəqiqləşdirmək üçün 1994-cü ilin mayından öncəki vəziyyəti, atəşkəs ərəfəsində Qarabağ müharibəsindəki mənzərəni yada salmaq gərəkdir.
1994-cü ilin yazı Ermənistan-Azərbaycan müharibəsində kritik dövr idi. Azərbaycan ordusu 1993-cü ilin dekabrı-1994-cü ilin yanvarında cəbhədə vəziyyəti qismən öz xeyrinə dəyişmək üçün bir neçə uğurlu əks-hücum əməliyyatı (Horadiz qəsəbəsinin və Füzuli rayonun Arazboyu kəndlərinin azad olunması) həyata keçirsə də, ümumilikdə qış kampaniyası gözlənilən nəticəni verməmişdi.
Azərbaycan ordusu hələ də reallıqda vahid komandanlıq altında fəaliyyət göstərməyən, maddi-texniki təchizatı ağır olan qarışıq silahlı qüvvələrdən ibarət idi. Ordu faktiki olaraq son nəfəsində vuruşurdu. Azərbaycan üçün vacib məsələ - dövlətin toparlanması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi və ordu quruculuğunun başlıca şərti olan iqtisadiyyatın dirçəldilməsi üçün də atəşkəs zəruri idi.
Amma atəşkəsdə təkcə Azərbaycan maraqlı deyildi. 1994-cü əvvəlindən Azərbaycan ordu hissələri ilə döyüşlərdə erməni tərəfi də böyük itkilər vermiş, Qarabağdan gələn tabut saylarının günbəgün artması Yerevanda müharibə əleyhinə çıxışlara rəvac vermişdi.
Həhayət, Qarabağ müharibəsinin tədricən arzuolunmayan həddə yuvarlandığını bu savaşın arxasındakı əsas qüvvə - Rusiya da aydın görürdü. Moskva başa düşürdü ki, müharibənin bu şəkildə davam etməsi onun proseslərə müdaxilə imkanlarını məhdudlaşdırır. Bu isə Qarabağ münaqişəsini lap əvvəldən nəzarətdə saxlayan Kremlin planlarına uyğun deyildi.
Odur ki, 1994-cü ilin fevralından başlayaraq Rusiya ATƏT Minsk Qrupunun rəhbəri kimi tərəfləri atəşkəsə təşviq etməyə başlamışdı. Tərəflər arasında ilk uzunmüddətli atəşkəs razılaşması da (bir ay müddətinə) 1994-cü il fevralın 18-də Rusiya Müdafiə Hazirliyini vasitəçiliyi ilə imzalanmışdı.
Moskvanın təşviq-təhdid siyasəti özünün strateji maraqlarına hesablanmışdı. Rusiya regionda vəziyyətin dəyişəcəyini görürdü və bu səbəbdən Qarabağ münaqişəsində təcili sülhün memarı olmaqla daha sonra bölgədə özünün hərbi (sülhməramlı adı altında) kontingentini yerləşdirmək niyyətində idi. Bir sözlə, 1994-cü ilin mayında atəşkəsin əldə olunması labüd idi və o, gec-tez gerçəkləşəcəkdi.
Belə bir şəraitdə 1994-cü il mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə açılan MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəslə bağlı layihə ilə çıxış etdi. Lakin MDB PA-ya sədrlik edən Rusiyanın Federasiya Şurasının sədri V.Şumeyko və Qırğızıstan parlamentinin spikeri M.Şerimkulovun vasitəçiliyi ilə mayın 4-5-də keçirilən Ermənistan-Azərbaycan parlament nümayəndə heyətlərinin danışıqları müsbət nəticə vermədi.
Azərbaycan heyəti sənədə Ermənistanla yanaşı, Qarabağ ermənilərinin nümayəndəsinin də tərəf olaraq imza atmasına qarşı çıxdı. Çünki bu həm də ATƏT Minsk Qrupunun 24 mart 1992-ci il tarixli mandatına zidd idi. Azərbaycan heyətinə rəhbərlik edən vitse-spiker Afiyəddin Cəlilov protokolu imzalamadan Bakıya qayıtdı.
Belə olduqda Rusiya vasitəçilik missiyasının iflasını göz önünə alaraq məcburi addım atdı və səfir Vladimir Kazimirov "Bişkek protokolu"nu Bakıya gətirdi. Mayın 8-də sənədi Azərbaycan parlamentinin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşanın icra başçısı Hizami Bəhmənov imzaladı. Qarşı tərəfdən sənədə Ermənistan Ali Sovetinin sədri Babken Ararksyan və «DQR parlamentinin sədri» Karen Baburyan atmışdı.
Azərbaycan tərəfi sənədin mətninə iki əlavə ilə imza atmışdı. Protokolun 5-ci abzasında Dağlıq Qarabağ ətrafında «tutulmuş ərazilər» ifadəsi «işğal olunmuş ərazilər»lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin «beynəlxalq müşahidəçilər missiyası» olması xüsusi qeyd olunmuşdu.
Bu isə o demək idi ki, Azərbaycan "Bişkek protokolu"nda Rusiyanın Qarabağa yalnız özünün sülhməramlılarını göndərmək niyyətini əngəlləmişdi. Sonrakı proseslər göstərdi ki, atəşkəs rejiminə nəzarət üçün hansısa müşahidəçilər kontingentinə, ümumiyyətlə, ehtiyac yoxdur.
Qeyd etmək lazımdır ki, "Bişkek protokolu"na Dağlıq Qarabağ separatçılarının nümayəndəsinin imza atması o vaxt Azərbaycanda birmənalı qarşılanmadı. Elə ermənilər də ötən müddətdə bu faktla daima spekulyasiya ediblər. Lakin bu spekulyasiyalar indiyədək bir yana çıxmayıb. Qarabağ erməniləri, 15 il öncə olduğu kimi, indi də danışıqlar prosesindən kənardadır, «DQR» adlı qurum isə beynəlxalq müstəvidə kimsə tərəfindən tanınmayıb.
«Bişkek protokolu»na əsasən, atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı idi. Sənədə görə, «ən yaxın günlərdə» işğal olunmuş ərazilərin boşaldılması, kommunikasiyaların bərpası və köçkünlərin geri qaytarılmasını nəzərdə tutan «etibarlı sülh sazişi» imzalanmalı idi. Lakin «ən yaxın günlər» əvvəlcə aylar, sonra illərlə əvəzləndi.
Atəşkəsdən ötən illərə baxdıqda bir məqamı obyektivcəsinə vurğulamaq lazımdır ki, bu müddətdə Azərbaycan Qarabağ nizamlanmasında özünün prinsiplərindən geri çəkilməyib. Ermənistan isə savaş meydanındakı hərbi nəticəni hüquqi müstəvidə rəsmiləşdirməyə nail olmayıb.
Azərbaycan atəşkəs razılaşmasından dörd ay sonra özünün ən nəhəng iqtisadi layihəsini - «Əsrin müqaviləsi»ni imzaladı. Ölkə tədricən sabit iqtisadi inkişaf yoluna çıxdı, ordu quruculuğu yeni əsasda təşəkkül tapdı. Bu gün Azərbaycanın dövlət büdcəsi (o cümlədən hərbi xərclər) Ermənistanın büdcəsinin dörd qatı qədərdir. Qarabağ münaqişəsi ətrafında beynəlxalq situasiya indi daha tarazlıdır, Azərbaycanın haqlı mövqeyini ümumən ehtiva edir. Təbii ki, bütün bunlar nəticədə Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verəcək faktorlardır.
Lakin, bunlarla yanaşı, atəşkəsin bir gerçəyi də ortadadır - Azərbaycanın 20 faizlik ərazisi hələ də işğal altındadır. Bu işğala danışıqlar yolu son qoymaq cəhdləri nəticə verməyib. Qarabağ müharibəsində atəş rəsmən kəsilib, de-fakto savaş davam edir, sülh isə yoxdur.
Bu arada Qarabağ münaqişəsinin sahmanlanmasına vasitəçilik edən beynəlxalq dairələr də atəşkəsin növbəti ildönümünü növbəti (əslində növbətçi) bəyanatlarla yada salırlar.
«Qarşılıqlı etimad mühitinin yaranması üçün atəşkəs rejiminin şərtlərinə tam əməl olunmalı, həmsədrlərin snayperləri ön cəbhədən geri çəkmək çağırışına riayət edilməlidir», - deyə bu bəyanatlarda vurğulanır.
Necə deyərlər, yenə növbəti ilin sonunu gözləmək, sonra yeni ili başlamaq lazım gələcək. Beləcə Qarabağ münaqişəsi tarixində «nə hərb, nə sülh» qeyri-müəyyənliyi davam edir. Bu şərait isə özlüyündə təhlükəli cəhətləri ehtiva edir. Çünki bu şəraitə öyrənməklə biz nəticədə Qarabağsız yaşamağa da öyrəncəli oluruq...
Vüqar Orxan, azerbaycanli.org