Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib
Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”
Fransa Senatının, Azərbaycanın Fransadakı səfirliyinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının təşəbbüsü ilə dekabrın 8-də Senatda “Ermənistan ilə Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə” və “ATƏT-in Minsk qrupunun həmsədri Fransa” mövzularında “dəyirmi masa” keçirilmişdir.
Tədbiri açan senator Natali Qule dünyanın bir çox bölgələrində dondurulmuş münaqişələrin olmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xüsusiyyətlərinə görə onlardan tamamilə fərqlənməsindən, uzun müddət keçməsinə baxmayaraq onun həllinin hələ də tapılmamasından, Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupunun bu sahədəki fəaliyyətinin bir nəticə verməməsindən danışmış, münaqişə barəsində daha ətraflı məlumat əldə edilməsi baxımından bu tədbirin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirənin məhz Senatda keçirilməsinin münaqişə və onun reallıqları barədə həqiqətləri fransız ictimaiyyətinin diqqətinə çatdırmaq, Fransanın həmsədr kimi rolunun nədən ibarət olduğuna aydınlıq gətirmək məqsədi daşıdığını vurğulamış, problemin sülh yolu ilə həllində azərbaycanlı icmanın da maraqlı olduğunu bildirmişdir. Gələcəkdə erməni icması ilə birlikdə yaşayacaqlarını nəzərə alsaq, onların bu gün keçirilən müzakirələrdə iştirak etməsi vacibdir.
Səfir münaqişənin yalnız Cənubi Qafqaz bölgəsinin deyil, eyni zamanda, Avropanın təhlükəsizliyini sual altında qoyduğunu diqqətə çatdırmış, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam etdiyini, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində bir milyona yaxın azərbaycanlının məcburi köçkün vəziyyətində yaşamasına səbəb olduğunu, onların hüquqlarının pozulduğunu, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə həlli istiqamətindəki səylərinin hələlik istənilən nəticəni vermədiyini, Azərbaycanın gündəlik həyatında münaqişənin mənfi təsirinin əks olunduğunu bildirmişdir. E.Əmirbəyov münaqişənin dinc yolla həlli ilə bağlı danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd etmiş, işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin, mədəniyyət və incəsənət əsərlərinin, təbii sərvətlərin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açmışdır.
Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə səy göstərməsinə diqqət çəkən səfir bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini xüsusi vurğulamış, işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd etmişdir. Azərbaycanın nəyin bahasına olursa olsun, öz ərazi bütövlüyünü təmin etməkdə israrlı olduğunu xüsusi vurğulayan E.Əmirbəyov ölkəmizin öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacağını diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Rövşən Rzayev bu məsələnin Fransa Senatında müzakirəsinin mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. Bir tərəfdən dünyanın qlobal məsələlərinin həllində Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın mövqeyi həmişə nəzərə alınır, digər tərəfdən isə Fransa həmsədrlərdən biridir. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar azərbaycanlı icmanın erməni icmasını noyabrın 28-də Berlində dialoqa dəvət etdiyini, lakin ermənilərin, danışıqlar prosesində olduğu kimi, bu görüşdən də imtina etdiklərini bildirmişdir. Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin uzun illər bir yerdə mehriban qonşuluq və dostluq şəraitində yaşadıqlarını, amma bəzi millətçi ermənilərin səpdiyi düşmənçilik toxumu nəticəsində dünən dost olan xalqların bu gün düşmən mövqedən çıxış etdiklərini xatırlatmışdır. Dağlıq Qarabağın azərbaycanlı icması bölgədə sülhün bərqərar olmasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının və hər iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır və buna həmişə hazırdır.
Minsk qrupunun fransalı həmsədri Bernar Fasye çıxışında münaqişənin törətdiyi dəhşətlərin Avropada əslində olduğu kimi hiss edilmədiyini, müharibənin 30 minədək insanın həyatına son qoyduğunu, ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu həlli məqsədilə yaradıldığını xatırlatmış, 1997-ci ilədək bu qrupdakı həmsədrlərin dəyişdirildiyini, lakin 1997-ci ildən etibarən onun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin indiyə qədər fəaliyyət göstərdiyini bildirmişdir. B.Fasye münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar prosesinə üstünlük verən həmsədrlərin səyi nəticəsində Azərbaycan və Ermənistan prezidentlərinin dəfələrlə görüşdüyünü, amma Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması səbəbindən danışıqların nəticəsiz qaldığını bildirmişdir.
B.Fasye demişdir ki, mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini heç də dondurulmuş münaqişə hesab etmirəm. Çünki bu gün snayperlərin atəşləri nəinki sərhəddəki əsgərlərin, hətta dinc əhali arasında insanların həyatına son qoyur. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda bir nəfər belə azərbaycanlının qalmadığını diqqətə çatdıran B.Fasye baş çəkdiyi işğal altındakı ərazilərdə vaxtilə 50-60 min əhalisi olan şəhərlərin, az qala xəritədən silinmək üzrə olduğunu bildirmişdir.
Münaqişənin həlli istiqamətində Minsk qrupunun bir neçə formatda çıxış etdiyini xatırladan fransalı həmsədr 2008-ci ildə baş vermək üzrə olan müharibənin qarşısının alınmasında qrupun xüsusi rol oynadığını vurğulamışdır. Sülhün əldə edilməsi üçün hər iki tərəfin istəyi olmalıdır. Hər iki ölkənin prezidentinin görüşündə bu və ya digər tərəfin Minsk qrupunun irəli sürdüyü formatın bəzi müddəaları ilə razılaşmaması danışıqları bir növ dalana dirəmişdir. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə hər iki prezidentin gələn ilin əvvəllərində görüşlərinin keçirilməsi barədə razılıq əldə edilmişdir. Güman edirəm ki, bu görüşdə müəyyən irəliləyişlər əldə ediləcəkdir.
Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Düma bildirmişdir ki, Fransada güclü erməni lobbisi vardır və onların fəaliyyət dairəsi çox genişdir. Təəssüflər olsun ki, Fransada bizim azərbaycanlı dostlarımızın sayı ermənilərin sayından xeyli azdır. Bunu da nəzərə almaq lazımdır. Buna baxmayaraq, iki xalq arasında dostluğun inkişafı istiqamətində işlər davam edir. Əlbəttə, biz əldə edilmiş uğurlarla kifayətlənmirik, onu daha da inkişaf etdirməyə çalışırıq.
Azərbaycan Musiqi Akademiyasının rektoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü Fərhad Bədəlbəyli Dağlıq Qarabağ bölgəsində azərbaycanlılarla ermənilərin daim bir yerdə yaşadıqlarını diqqətə çəkmişdir. O, regionda sülhə nail olduqdan sonra iki xalqın bir yerdə yaşamasının qeyri-mümkünlüyü barədə səslənən fikirlərlə qətiyyən razılaşmadığını bildirmiş, bu fikrin sadə erməni xalqını uçuruma sürükləyən erməni siyasətçilər tərəfindən irəli sürüldüyünü, Moskvada azərbaycanlılarla ermənilərin bir-birlərinə dostluq münasibətləri bəslədiklərini qeyd etmişdir. Unutmaq lazım deyildir ki, Ermənistan Azərbaycanla qonşudur və hər iki xalq illər boyu bu qonşuluq şəraitində yaşamış və yaşayacaqdır.
Xocalıdan olan politoloq Anar Usubov münaqişənin törətdiyi dəhşətlərdən, Xocalı faciəsindən, yaxın qohum-əqrəbalarını itirməsindən söhbət açmış, tədqiqatçı Pyer Konesa hər bir xalqın tanınmasında kütləvi informasiya vasitələrinin rolundan danışmış, tarixçi Antuan Konstan XlX əsrin əvvəllərində ermənilərin Dağlıq Qarabağ və digər ərazilərdə yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik dəyişiklik baş verdiyini, Ermənistanın bugünkü ərazisinin vaxtilə Azərbaycan torpaqları olduğunu, lakin zaman keçdikcə orada yerləşdirilmiş ermənilərin azərbaycanlıları tədricən sıxışdırıb çıxarmasından bəhs etmişdir.
Sonda iştirakçıların suallarına ətraflı cavab verilmişdir.
Tədbirdə Fransanın Azərbaycandakı keçmiş səfirləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, fransalı senator və deputatlar, Milli Məclisin deputatları, fransız ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri, tələbələrimiz və jurnalistlər iştirak etmişlər.
Tədbir iştirakçıları fotoqraf Mirnaib Həsənoğlunun Dağlıq Qarabağ mövzusu ilə bağlı fərdi sərgisinə maraqla tamaşa etmiş, Qarabağ musiqiçilərinin ifasında muğam üçlüyünün konsertini dinləmişlər.
AzərTAc