“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.09.2014, 10:03
2862

Azərbaycan-Almaniya: tarixdən gələn dostluq telləri

A- A+

Baden-Vürttemberq əyalətinin Bayersbronn şəhərindəki musiqi məktəbinin şagird və müəllim kollektivi vaxtilə alman icması tərəfindən əsası qoyulmuş Göygöl şəhərinə səfər ediblər

Son illər Azərbaycanla Almaniya arasında çoxşaxəli əməkdaşlıq uğurla inkişaf edir. Yüksək səviyyəli siyasi dialoqla yanaşı, müxtəlif sahələrdə qarşılıqlı səfərlər, biznes forumların keçirilməsi, mədəniyyət sahəsində əlaqələrin genişlənməsi bu prosesə öz töhfəsini verir. Bu günlərdə Almaniya-Azərbaycan Forumunun (DAF) nümayəndə heyətinin, bu ölkənin siyasət və biznes təmsilçilərinin Bakıya səfəri də bu qəbildəndir.

Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, sabiq dövlət katibi Hans-Eberhard Şlayer, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, "Almaniya-İsrail Cəmiyyəti"nin sədri Raynold Robben, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Buts və "Almaniya İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu heyət Bakıda bir sıra görüşlər keçirib, Prezident İlham Əliyev tərəfindən qəbul olunub.

Dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan ilə Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Alman-Azərbaycan Forumunun fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev Almaniya cəmiyyətində Azərbaycan həqiqətlərinin, ölkəmizlə bağlı daha çox məlumat yayılmasında bu təşkilatın mühüm rolu olduğunu deyib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Almaniya-Azərbaycan Forumu arasında alman dilində ölkəmiz haqqında informasiya portalının yaradılması ilə bağlı qrant müqaviləsi də imzalanıb.

Almaniya nümayəndə heyətinin Milli Məclisdə keçirdiyi görüşdə də iki ölkə arasında çoxsahəli əməkdaşlıqdan söz açılıb. Almaniyanın Avropa İttifaqında Azərbaycanın önəmli tərəfdaşı olduğunu deyən spiker Oqtay Əsədov bu xüsusda parlamentlərarası münasibətlərin rolunu diqqətə çatdırıb. Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupu arasında əməkdaşlığın önəmi vurğulanıb.

Ölkələr arasında əlaqələrdə humanitar, təhsil, mədəniyyət sahəsində təmasların da əhəmiyyətindən bəhs edən spiker üç il əvvəl Azərbaycanın Göygöl rayondan gənc musiqiçilərin Almaniyanın Ştutqart şəhərinə səfər etdiyini xatırladıb, bu günlərdə almaniyalı şagirdlərin ölkəmizə cavab səfərinə gəlməsinin əlamətdar hadisə olduğunu deyib: “Bu, yetişməkdə olan nəsillər arasında gələcək əlaqələrin yüksək səviyyədə olacağından xəbər verir”.
Öz növbəsində Hans-Eberhard Şlayer xalqlarımız arasında böyük tarixə malik əlaqələrin olduğunu qeyd edərək Almaniya-Azərbaycan Forumunun bu əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.  

Qeyd edək ki, Almaniyanın yüksək səviyyəli nümayəndə heyətinin ardınca sentyabrın 3-də Baden-Vürttemberq federal əyalətinin Bayersbronn (Baiersbronn) şəhərindəki musiqi məktəbinin 17 nəfərdən ibarət şagird və müəllim kollektivi də Azərbaycana səfərə gəlib. Səfər Göygöl rayonundan millət vəkili, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Rövşən Rzayevin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının (rəhbəri millət vəkili Fuad Muradov) təşəbbüsü ilə baş tutub. 

Sentyabrın 4-də Göygöl rayonuna gələn qonaqları rayon İcra Hakimiyyətinin nümayəndələri, Göygöl şəhərindəki Aşıq Şəmşir adına uşaq musiqi məktəbinin kollektivi qarşılayıb. Rayon İcra Hakimiyyəti səfərin yaddaqalan keçməsi, almaniyalı şagird və müəllimlərin rayonla yaxından tanış olması, mənalı istirahətinin təşkili üçün hər cür köməyi göstərib. Qonaqlar Göygöllə yanaşı, qonşu bölgələrə də baş çəkiblər.

Bu barədə məlumat verən Göygöl şəhəri Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nuranə Quliyeva bildirdi ki, Almaniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən bu qarşılıqlı səfərlərin əsası millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə 2011-ci ildə qoyulub. Həmin ilin aprelində Göygöl şəhər musiqi məktəbinin 20 nəfərlik heyətinin Almaniyaya səfəri gerçəkləşmişdi. Azərbaycanın Almaniyadakı və Almaniyanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı, AZAL-ın yardımı ilə həyata keçən səfər zamanı kollektiv Baden-Vürttemberq əyalətinin Şturqart şəhərində olmuş, konsert proqramı ilə çıxış etmişdi.

Qeyd edək ki, Göygöl (keçmiş Helenendorf) şəhərinin əsası 1819-cu ildə Almaniyanın Vürttemberq krallığından Azərbaycana köçmüş alman icması tərəfindən qoyulub. Bu gün Göygöl şəhəri iki xalq arasında mədəni əlaqələrdə körpü rolunu oynayır. Şəhərə Almaniyadan, xüsusilə Baden-Vürttemberq əyalətindən müxtəlif nümayəndə heyətləri, o cümlədən vaxtilə burada təsərrüfat sahələrinin əsasını qoymuş alman iş adamlarının varisləri səfərlər edirlər.

Göygölə gələn Bayersbronn şəhərinin gənc musiqiçiləri də buradakı alman irsi nümunələri ilə maraqla tanış olublar. Nuranə Quliyevanın bildirdiyinə görə, qonaqlara Göygöl şəhərinin tarixi, vaxtilə almanlar tərəfindən burada müxtəlif təsərrüfat sahələrinin, o cümlədən üzümçülüyün əsasının qoyulması barədə məlumat verilib.

Sentyabrın 6-da almaniyalı gənc musiqiçilərin Aşıq Şəmşir adına Göygöl uşaq musiqi məktəbinin şagirdləri ilə birlikdə konsert proqramı təşkil olunub. Sonra nümayəndə heyəti Göygöl şəhərini gəzib, vaxtilə almanların tikdikləri evlərə, saldıqları küçələrə baxıblar. Göygöl şəhərindəki keçmiş alman kirxası (hazırda burada tarix-diyarşünaslıq muzeyi yerləşir) və bu şəhərdə dünyasını dəyişmiş sonuncu alman olan Viktor Klaynın ev-muzeyi ilə tanışlıq onlarda dərin təəssürat doğurub. Qonaqlar arasında vaxtilə Göygöl (Helenendorf) şəhərinin əsasını qoymuş ailələrdən birinin, bölgədə şərabçılıq zavodu, digər sənaye müəssisələri yaratmış Forerlərin nümayəndəsinin – Tomas Forerin olması bu səfərin daha bir yaddaqalan məqamı olub.

Qonaqlar Göygöl şəhərindəki Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi və digər görməli yerlərə də baş çəkib, rayonun Zurnabad və Şəhriyar kəndlərində qədim tarixi abidələrə baxıblar. Hacıkənd-Toğana istiqamətində ekskursiya, füsunkar təbiət mənzərələri, Toğana meşəsində istirahət alman gənclərdə zəngin təəssürat yaradıb.

Bölgədə olduqları dörd gün ərzində alman nümayəndə heyəti Gəncə şəhərinə gedərək buradakı görməli yerlər, həmçinin qonşu Şəmkir rayonunda vaxtilə almanların tikdikləri binalar, təmir-bərpa edilmiş alman kirxası ilə də maraqla tanış olublar.

Sentyabrın 8-də Göygöldən Bakıya gələn almaniyalı qonaqlar paytaxtın görməli yerlərini, dənizkənarı bulvarı gəziblər. Səfərin yekunu ilə bağlı Yaxt-klubda keçirilən mərasimə Bakıda səfərdə olan Avropa Birliyinin enerji məsələləri ilə komissarı Günter Ottingerin qatılması isə səfərin daha bir yaddaqalan məqamı olub. Xatırladaq ki, G.Ottinger 2009-cu ildə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri olarkən Azərbaycana gəlmiş və Göygölə səfər etmişdi. Budəfəki görüşdə həmin səfəri xatırlayan qonaq Azərbaycan-Almaniya əlaqələrin hərtərəfli inkişafından, almaniyalı gəncləri Bakıda görməkdən məmnunluğunu ifadə edib. O, iki ölkənin gəncləri arasında belə görüşlərin təşəbbüskar və təşkilatçılarına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, almaniyalı qonaqlar sentyabrın 9-da ölkəmizdən zəngin təəssüratla vətənlərinə yola düşüblər.

azerbaycanli.org

 

Xəbərlər
Redaktorun seçimi