“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.08.2009, 09:33
496

Azərbaycan və Ermənistan hərbi nazirlikləri arasında söz savaşı

A- A+

Eldar Sabiroğlu: “Seyran Ohanyan mənasız bəyanatlar səsləndirməkdənsə, rəhbərlik etdiyi orduda rəzaləti aradan qaldırsın”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın müharibə ilə bağlı hədələrinə cavab verib. 

Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya açıqlasında S. Ohanyanın belə açıqlamalarla birinci dəfə çıxış etmədiyini söyləyib: “Bu səbəbsiz deyil. Çünki beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində Ermənistana təsir göstərir. Erməni ordusunun rəhbərliyi də əhalinin fikrini çaşdırmaq, xalqın orduya olan etimadsızlığını gizlətmək məqsədi ilə bu cür həqiqətə uyğun olmayan bəyanatlar verir. Azərbaycan çox güclü orduya malikdir və istənilən təcavüzün qarşısını almağa hazırlıqlıdır”.


Münaqişənin həll olunmasında iki yolun olduğunu vurğulayan E. Sabiroğlu işğal altındakı torpaqlarımızın sülh yolu ilə qaytarılmayacağı təqdirdə müharibənin istisna olunmadığını deyib: “Münaqişənin iki yolu var. Sülh, ya da müharibə. Azərbaycan qan tökülməsinin tərəfdarı deyil. Biz problemin dinc yolla nizamlanmasının tərəfdarıyıq. Amma bu olmayacağı təqdirdə, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu təcavüz sonsuzluğa qədər davam edə bilməz”.

E. Sabiroğlu həmçinin işğalçı ölkədəki aclıq və səfalətdən, eləcə də Ermənistan ordusundakı özbaşınalıq və ölüm hadisələrindən danışıb: “Aclıq səfalət bütün ölkəni bürüyüb. Siz mənə elə ölkə göstərin ki, orada iqtisadiyyat baş-ayaqdır, lakin ordu güclüdür. Dünyada belə təcrübə yoxdur. Ermənistandakı acınacaqlı vəziyyət bu ölkənin ordusundan da yan keçməyib. Diasporun yardımı ilə ölkə saxlamaq və güclü orduya sahib olmaq mümkünsüzdür. Seyran Ohanyan daha yaxşı olar ki, öz ordularında baş verən iyrənc hadisələrin, rüşvətxorluğun, əsgər və zabit heyəti arasındakı inamsızlığın aradan qaldırılması istiqamətində çalışsın”.

Azərbaycan Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, bu gün Ermənistan ordusunda elə bir vəziyyət yaranıb ki, ölkə rəhbərliyi çıxış yolu tapmaqda belə çətinlik çəkir: “Əsgərlər lazımi qida ilə təmin edilmir. Valideynlər öz övladlarına həftəlik yemək yollayırlar. Hətta bizdə olan məlumatlara görə, Ermənistan ordusunda bir neçə əsgər aclıqdan dünyasını dəyişib. Ermənistan ordusunda baş verən cinayət hadisələrinin sayı ilbəil artır. Cari ilin altı ayı ərzində Ermənistan ordusunda 148 nəfər dünyasını dəyişib. Bu problemlərin getdikcə dərinləşməsi ölkə rəhbərliyini ciddi narahat edir. Belə zəif ordunun qışqır-bağır salması təbiidir. Seyran Ohanyan vaxtaşırı belə mənasız və arxasında heç bir real əsas dayanmayan bəyanatlar səsləndirməkdənsə, rəhbərlik etdiyi ordudakı rəzaləti aradan qaldırmaqla məşğul olsun”.

 

Ermənistanın müdafiə naziri Azərbaycanı müharibə ilə hədələyib

Ermənistan ordusu Azərbaycanda səslənən müharibə çağırışlarına sakit yanaşır. APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, bu bəyanatı Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan İctimai Televiziyasına müsahibəsi zamanı səsləndirib.

S. Ohanyan erməni tərəfinin nəinki müdafiə olunmağa, zərurət yaranacağı halda müxtəlif “profilaktik tədbirlər” həyata keçirməyə qadir olduğunu söyləyib. “Söhbət hücumdan getmir ki?” sualına nazir belə cavab verib: “Niyə də yox? Dinc əhalini müharibənin dəhşətlərindən qorumaq üçün hücum da ola bilər, əks-hücum da”

Xəbərlər
Redaktorun seçimi