“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.08.2012, 15:48
458

Ayrılığın sonu varmış...

A- A+

Ramil Səfərov Macarıstanda səkkiz il məhbəs həyatından sonra Vətənə qayıtdı

2004-cü ilin fevralından Macarıstanda həbsxana həyatı yaşayan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Vətənə qayıdıb. Avqustun 31-də Bakıya gətirilən Ramil Səfərov Prezident İlham Əliyevin Sərəncamı ilə əfv olunub.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda Ramil Səfərovu Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, jurnalistlər və qohumları qarşılayıblar. Ramil Səfərov onun əfvinə dair Prezident İlham Əliyevin Sərəncamı ilə tanış edilib (AzərTAc).

Sərəncamda deyilir: ”1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Ramil Səfərova Azərbaycan pasportu təqdim olunub.

“Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv Sərəncamı imzalayaraq həbsimi başa çatdıran Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyə Ramil Səfərov jurnalistlərə müsahibəsində söyləyib. 

O, həmçinin Azərbaycan xalqını salamlayıb, ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək deyib: “Ədliyyə Nazirliyinə, ölkəmizin Budapeştdəki səfirliyinə, bu işdə əziyyət çəkən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını salamlayıram. İllər ərzində mənə və ailə üzvlərimə göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığımı bildirirəm”. 

* * *

Ramil Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə Hərbi Liseyini bitirdikdən sonra Ankara Ali Hərbi Məktəbinə daxil olub.

2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydə hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında Heydər Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.

2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstan paytaxtı Budapeştdə keçirilən ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə az qalmış həbs olunub. O, ferval ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı öldürməkdə təqsirli bilinərək həbs olunub. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi Ramil Səfərovu ömürlük həbsə məhkum edib.

* * *

►Mövzuya dair:

►Ramil Səfərovu yada salaq (19 fevral 2010)

►Avropadan "hüquq dərsi" (15.04.2006)

Xəbərlər
Redaktorun seçimi