“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.12.2020, 14:00
1638

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

A- A+

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad olunub.

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar. Dövlət himni səsləndirilib.

***

Vətən müharibəsi şəhidlərinin xatirəsinin anılması ilə bağlı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.  İnsanlar şəhidlərimizin xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. 

Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı bülbül” çiçəyidir.

Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncamı ilə elan olunub.

Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçirilib.

***

Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən saat 12:00-da Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin dekabrın 3-də yaydığı məlumata görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. 100 nəfər itkin düşmüş sayılır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Xəbərlər
Redaktorun seçimi