“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.12.2012, 15:20
395

“Danışıqlar prosesi durğunluq mərhələsinə qədəm qoymuşdur”

A- A+

“Status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir”

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də “Rossiya-24” telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə vermişdir. Müsahibəni təqdim edirik.

- Cənab Prezident, biz ilə yekun vururuq. Başa çatmaqda olan ildə Azərbaycanın həyatını hansı hadisələr müəyyən etmişdir? Bu il Azərbaycan üçün necə keçmişdir?

- Bütövlükdə il uğurlu olmuşdur. Biz ölkənin qarşısında qoyduğumuz bütün məsələləri həll edə bilmişik və ümumiyyətlə, gələcəyə də nikbin baxırıq. Çünki həm iqtisadi, həm sosial, həm də xarici siyasət sahəsində istədiklərimizə nail olmuşuq. Əlbəttə, iqtisadiyyat hər şeyin əsasıdır. Biz şadıq ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirmişdir. Bizə xüsusilə xoşdur ki, iqtisadiyyatı şaxələndirməyə, ümumiyyətlə desək, neft-qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq və qeyri-neft iqtisadiyyatı təxminən 10 faiz artmışdır. İnflyasiya bir faiz civarındadır. Əhalinin real gəlirləri 10 faizdən çox artmışdır. Yəni, burada əhalinin rifahının artması da göz qabağındadır. İşsizlik daha da azalaraq təxminən 5,2 faizə, yoxsulluq 6 faizə düşmüşdür. Azərbaycan iqtisadiyyatına təqribən 22 milyard dollar sərmayə qoyulmuşdur və bunun çox hissəsi daxili investisiyalardır. Bu da onu göstərir ki, yerli şirkətlər üçün biznes mühiti onlara artıq Azərbaycanda da fəal sərmayə qoymaq imkanı verir.

- Bu gün qeyri-xammal sektorunun hansı istiqamətləri Azərbaycan iqtisadiyyatının artımını təmin edir?

- Bizim üçün bu istiqamətdə prioritet sahə iqtisadiyyatımızın rəqabət qabiliyyətinin təmin edilməsi və işsizliyin azaldılmasıdır. Buna görə də biz bu proseslərə iki mövqedən yanaşırıq. Kənd təsərrüfatı iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng sektorudur. Kənd təsərrüfatının inkişafı həm də gələcəkdə məşğulluğun təmin edilməsi deməkdir. Bu sahədə ixrac potensialı kifayət qədər böyükdür. Əsas qida məhsulları üzrə biz bir ildən, maksimum iki ildən sonra özümüzü tam təmin edəcəyik. Bundan sonra isə artıq xarici bazarlara çıxış prosesi başlanacaqdır.

Texnoloji istiqamətlərin inkişafı baxımından bizim üçün prioritet sahə, əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sektorudur. Əgər bütün işlər plan üzrə getsə, o cümlədən hava şəraiti imkan versə, fevral ayında biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq, bunun üçün bütün hazırlıq işlərini tamamlamışıq. Biz artıq kosmik sənaye yaratmışıq və bu istiqamətdə çox fəal irəliləyirik. Bundan əlavə, əlbəttə, genişmiqyaslı sənayeləşmə proqramını həyata keçiririk. Yaxın vaxtlarda texnoparkların yaradılması üçün olduqca güzəştli vergitutma paketi qəbul ediləcəkdir. Hesab edirik ki, orta və kiçik sahibkarlıqla yanaşı, böyük sənaye komplekslərinin də inkişaf etdirilməsi gələcəkdə neft-qaz sektorundan asılılığı tamamilə aradan qaldırmağa imkan verəcəkdir.

- Siz bu hədəfləri hansı dövr üçün müəyyən edirsiniz? Bu, neçə ildən sonra mümkün olacaqdır və bu asılılıq necə azaldılacaqdır?

- “Azərbaycanın inkişafı-2020” proqramı qəbul edilmişdir. Biz hazırda həyata keçirdiyimiz bütün planları iyirminci ilə qədər tamamilə reallaşdırmaq niyyətindəyik. Bütövlükdə son 10 ildən az müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə artırmağa nail olmuşuq. Ümumi daxili məhsul 300 faiz artmışdır. Qarşıdakı 10 ildə biz ÜDM-in ikiqat artırılmasını planlaşdırırıq. Bu, əsasən qeyri-neft sektorunun hesabına həyata keçiriləcəkdir.

- Azərbaycan şirkətləri, Azərbaycan iqtisadiyyatı xarici bazarlara çıxmağı planlaşdırırmı?

- İnvestisiyalar baxımından biz hazırda çox böyük bir sərmayə layihəsi – Türkiyədə neft-kimya və neft emalı kompleksi layihəsini həyata keçiririk. Bu kompleks bizə təxminən 17 milyard dollar sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir. Gürcüstanda, Ukraynada da fəal sərmayə qoyuruq, İsveçrədə, Rumıniyada sərmayə qoymağa başlamışıq, lap yaxın vaxtlarda isə Rusiyada investisiya proqramlarına başlamışıq. Belə ki, Rusiyada iri investisiya layihələri – daşınmaz əmlaka və Rusiyanın ən iri kommersiya strukturlarının səhmlərinə sərmayə qoyacağıq. Azərbaycan şirkətləri Rusiyada kənd təsərrüfatı məhsullarının emalına da sərmayə qoymağa başlamışlar, artıq ilk layihələr vardır. Belə ki, xarici investisiyalarımızın spektrini genişləndiririk və siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, bu, zəruridir. Ona görə ki, bu gün Azərbaycan bazarı bizim dövlət investisiyaları üçün bir qədər azlıq edir.

- Rusiya-Azərbaycan münasibətlərinin, iqtisadi münasibətlərin bugünkü vəziyyətini Siz qısaca necə ifadə edərdiniz? Xatırlayıram ki, iki ay bundan əvvəl ölkələrimiz azad ticarət haqqında saziş imzalanmasının 20 illiyini qeyd etmişlər. Bu, bizim müstəqil ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra imzalanmış ilk diplomatik, hüquqi sənəd idi.

- Elədir. Bütövlükdə bizim münasibətlər çox dinamik, müsbət inkişaf edir. Biz həllini tələb edən bütün məsələləri həll etmişik. Sonuncu bu cür mühüm məsələ dövlət sərhədi haqqında müqavilə idi. Əlbəttə, bu, qonşu ölkələr arasında, istənilən qonşu ölkələr arasında, xüsusən vaxtilə vahid dövlətin tərkib hissələri olmuş ölkələr arasında çox mühüm sənəddir. Bundan əlavə, siyasi məsləhətləşmələr sahəsində biz daim bütün səviyyələrdə dialoq aparırıq. Münasibətlərimiz tərəfdaş münasibətləridir. Hər iki tərəf onları strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirir. Yəni, bu ifadə münasibətlərin bütün kompleksini əhatə edir. İqtisadi sahədə əmtəə dövriyyəsinin strukturu da yaxşılaşır. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Yəni, biz ən çox Rusiyadan mal idxal edirik. Əlbəttə, Rusiya ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Humanitar sahədə çox işlər görülür. Məsələn, bu il Moskva Dövlət Universitetinin filialının artıq yeni binasının açılmasını qeyd edərdim.

- Üç il bundan əvvəl Sizinlə görüşdə regional inteqrasiya proseslərini, postsovet məkanında inteqrasiya proseslərini şərh edərək demişdiniz ki, bu təcrübəni diqqətlə öyrənmək və müşahidə etmək lazımdır. Bu təcrübə Sizin üçün cəlbedici olmuşdurmu?

- Biz mümkün qədər çox sayda ölkə ilə fəal qarşılıqlı əlaqə yaratmaq əzmindəyik. Məsələn, son dövrün mühüm məqamlarından biri kimi Azərbaycanın Qoşulmama Hərəkatı təşkilatına daxil olmasını qeyd etmək istərdim. Hesab edirəm ki, bu, çox vacib, lazımlı, vaxtında atılmış və əlamətdar addımdır. Bununla biz ilk növbədə, özümüzün dünya üçün açıq olmağımızı vurğulayırıq, çünki həmin təşkilatda çoxlu sayda ölkələr birləşir. Digər tərəfdən, biz dünyadakı gələcək proseslərdə Azərbaycanın mövqeyini vurğulayırıq. İqtisadi inteqrasiyaya gəlincə, biz, əlbəttə, ilk növbədə məqsədəuyğunluqdan çıxış edirik. Bu inteqrasiyanın bizə əlavə iqtisadi səmərə gətirəcəyini gördüyümüz yerlərdə biz, əlbəttə, fəal iştirak edirik. İnteqrasiyanın bizə ya heç nə gətirməyəcəyini, ya da bizi hətta geri çəkə biləcəyini gördüyümüz yerlərdə biz yetərincə təmkinli mövqe tuturuq. Nümunə kimi deyə bilərəm ki, Azərbaycan indiyə qədər Dünya Ticarət Təşkilatının üzvü olmamışdır, hərçənd bizi oraya çox fəal dəvət edirlər. Lakin biz hər şeyi “lehinə” və “əleyhinə” götür-qoy edirik. Əlbəttə, “lehinə” olan məqamlar da çoxdur, biz hamımız bunu çox gözəl bilirik, hesab etmişik ki, bizim iqtisadiyyatın inkişafının indiki mərhələsində bu, bizim kənd təsərrüfatına, fermerlərə, xüsusi sahibkarlığa və yerli istehsala ziyan vurar.

- Elə düşünməyin ki, mən təbliğat aparıram, lakin məsələn, Gömrük İttifaqı və ya Vahid İqtisadi Məkan sizə nə ilə ziyan vura bilər?

- Məsələ ondadır ki, bunun nə ilə ziyan vura biləcəyini düşünmək lazımdır. Lakin biz bunu əsas götürürük ki, bu bizə nə kimi kömək edə bilər. Bax burada, açığını deyirəm, biz hələlik özümüz üçün elə bir səmərə görməmişik. Digər tərəfdən, bizim ölkənin iqtisadi vəziyyəti yetərincə sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var, iqtisadiyyatımız şaxələndirilmişdir, ölkəmiz tamamilə özünü təmin etmək iqtidarındadır, zəngin təbii yataqlar, şaxələnmiş neft-qaz kəmərləri şəbəkəsi, əlverişli coğrafi mövqe, nəqliyyat logistikası vardır. Bu yerdə rusların yaxşı bir məsəli yada düşür: “Yaxşıdan yaxşısını axtarmağa dəyməz”. Buna görə də əgər biz nəyisə daha yaxşı etmək üçün həqiqətən real perspektivlər olduğunu görsək, əlbəttə, istənilən birliyə daxil olacağıq və bu mənada bizdə heç bir tabu yoxdur.

- Amma hələlik “qoşulmama” – Sizin mövqeyinizdir, eləmi?

- Ümumiyyətlə, elədir.

- Siz Rusiya ilə əməkdaşlığın formalarından biri, əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi onunla siyasi məsləhətləşmələri xatırlatdınız. Rusiya Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində müstəsna dərəcədə maraqlıdır, ən yaxın qonşular arasında sülh və əmin-amanlıq olmasında müstəsna dərəcədə maraqlıdır. Lakin bu mövzuda diskussiya əvvəlki kimi gərgin olaraq qalır. Siz bu məsələdə ilin yekunlarını necə qiymətləndirirsiniz?

- Mən bu ilin yekunlarını mənfi yekunlar kimi qiymətləndirirəm. Ona görə ki, uzun illər ərzində danışıqlar prosesi bu il durğunluq mərhələsinə qədəm qoymuşdur. Bizim fikrimizcə, bunun əsas səbəbi məhz ondan ibarətdir ki, erməni tərəfi status-kvo vəziyyətini bütün vasitələrlə saxlamaq istəyir. Onlar münaqişənin tənzimlənməsini istəmirlər, çünki tənzimləmə işğalın ləğv edilməsini nəzərdə tutur. Bu gün təkcə Dağlıq Qarabağ deyil, həm də heç vaxt Dağlıq Qarabağ vilayətinin tərkibində olmamış yeddi rayon da işğal altındadır. Həmin rayonlarda erməni əhalisi yaşamamış, azərbaycanlı əhali yaşamışdır. Yəni, onlar hamısı oradan qovulmuşdur. Bu gün Ermənistanın həmin əraziləri işğal etməsinə haqq qazandırması getdikcə mürəkkəbləşir. Buna görə də status-kvonun dəyişməsi münaqişənin tənzimlənməsi üçün əsas ilkin şərtdir.

Müsbət məqamlara gəldikdə, - həmişə, hətta çıxılmaz vəziyyətdə də nə isə yaxşı məqamlar axtarmağa çalışmaq lazımdır, - mən Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və ABŞ-ın rəhbərlərinin status-kvonun qəbuledilməz olması barədə bəyanatlarını qeyd etmək istərdim. Status-kvonu dəyişmək üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə başlamaq zəruridir. Bu proses başlayan kimi, əminəm, danışıqlar prosesinə yeni təkan veriləcəkdir. Ermənistanın hər şeyi olduğu kimi saxlamaq və danışıqlar prosesində indiki vəziyyətə görə məsuliyyəti Azərbaycanın üstünə yıxmaq cəhdlərinə isə haqq qazandırmaq olmaz. Təbliğat baxımından onlar bəlkə də, hələlik hər şeyə görə bizi təqsirləndirə bilərlər. Lakin məsələnin mahiyyətinə baxsaq, hesab edirəm ki, Azərbaycanın mövqeyi həmişə ardıcıl, prinsipial olmuş və beynəlxalq hüququn prinsip və normalarına əsaslanmışdır.

Yeri gəlmişkən, 2008-ci ildə Ermənistan özü Moskvada bizimlə və Rusiya tərəfi ilə birlikdə Mayndorf bəyannaməsini imzalamışdır. Məhz həmin sənəddə yazılmışdır ki, qərar beynəlxalq təşkilatların qətnamələrinə və qərarlarına əsaslanmalıdır. Bu cür qətnamələr və qərarlar isə istənilən qədərdir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bütün sənədlərdə Helsinki Yekun Aktına da istinadlar vardır. Helsinki Aktında xalqların təyini-müqəddərat hüququ ərazi bütövlüyünün pozulması demək deyildir. Helsinki Aktının sənədlərini diqqətlə oxusaq, xalqların təyini-müqəddəratını məhz ölkələrin ərazi bütövlüyü çərçivəsində həyata keçirmək nəzərdə tutulur.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınmışdır. Dağlıq Qarabağ həm tarixən, həm də hüquqi və siyasi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. 2009-cu ilin sonunda Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən formul Azərbaycan tərəfindən qəbul olunmuş və Ermənistan tərəfindən rədd edilmişdir. Sonrakı danışıqlar prosesində bu dəqiq formulun şəklini dəyişən məqamlar baş vermişdir. Nəticədə bu vəziyyət erməni tərəfinə spekulyasiya etməyə imkan vermişdir: guya Azərbaycan nədəncə imtina etmişdir. Bu, həqiqətə əsla uyğun deyildir. Biz nizamlamada ən çox marağı olan tərəfik. Ona görə ki, bizim ərazilərimiz işğal altındadır və bizim qaçqınlar doğma evlərinə qayıda bilmədiklərinə görə əziyyət çəkirlər.

- Əgər, Sizin dediyiniz kimi, qarşı tərəf sadəcə hər şeyi olduğu kimi saxlamaq istəyirsə, danışıqlar üçün Siz daha nə qədər vaxt müəyyən edirsiniz?

- Hələlik biz ümid edirik ki, vasitəçilik funksiyasını öz üzərinə götürmüş ölkələr bu prosesdə daha fəal iştirak edəcəklər və təhlükəsizlik tədbirlərinin təmin edilməsi prosesində deyil, məhz tənzimləmə prosesində iştirak edəcəklər. Axı, təhlükəsizlik tədbirlərinin əlavə təminatı danışıqlar prosesinə ziyan vura bilər. Çox vaxt bizi onda təqsirləndirməyə çalışırlar ki, Azərbaycan etimad tədbirlərinin möhkəmlənməsini istəmir, Azərbaycan təmas xəttində möhkəm atəşkəs rejimi yaradılmasını istəmir. Lakin əvvələn, atəşkəs rejimi iki tərəfdən pozulur. Digər tərəfdən, danışıqlar prosesinin mahiyyətini təşkil edən işğala son qoyulması məsələsi həll edilmədən, bu yolda irəliləyiş olmadan hər hansı başqa tədbirləri o qədər vacib təsəvvür etmirik.

Əsas məsələ budur ki, vasitəçilər danışıqlar prosesinin mahiyyəti sahəsində fəal iş aparsınlar. Bunun nə qədər davam edəcəyini zaman göstərər. Mən hər hansı proqnozlar verməyə çətinlik çəkirəm. Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir. Ona görə ki, əgər onlar regionda qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaqdır. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar.

- Cənab Prezident, təklif edirəm ki, bir qədər də yalnız sülh yolu ilə, incikliksiz həll edilən mübahisələr barədə danışaq. Mən idmanı nəzərdə tuturam. Əvvələn, Azərbaycanı təbrik etmək istərdim: London Olimpiadasında Siz, mənim fikrimcə, tarixdə ən yaxşı nəticə göstərdiniz – 10 medal. Güləşçilər Azərbaycan üçün, yeri gəlmişkən, elə Rusiya üçün də medalların əsas təchizatçıları oldular. Bu gün idmançılar üçün hansı şərait yaradılır və Siz Qış Olimpiadasına necə hazırlaşırsınız?

- Əlbəttə, Qış Olimpiadasına ümidlərimiz çox deyil. Biz hələ qış idmanı növlərini inkişaf etdirməliyik. Axı hər halda Azərbaycan cənub ölkəsidir. Lakin London Olimpiadasının nəticələri, əlbəttə, bizi sevindirir, ruhlandırır və bu nəticələr çoxillik gərgin işlə təmin edilmişdir. Biz həqiqətən tarixi uğur qazanmış, ümumi komanda hesabında 30-cu yeri və Avropada 15-ci yeri tutmuşuq. Lakin bu il, lap yaxın vaxtlarda daha bir mühüm, mən deyərdim ki, tarixi qərar qəbul edilmişdir – ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar. Bildiyiniz kimi, indiyə qədər heç vaxt Avropa Olimpiya Oyunları keçirilməmişdir. Düzdür, Olimpiya Oyunlarının təməli Avropada qoyulmuş və baron de Kuberten tərəfindən Avropada bərpa edilmişdir. Lakin nədənsə, başqa qitə oyunlarından fərqli olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdir. Bu oyunların keçirilməsi haqqında qərar qəbul ediləndə mən çox şad oldum ki, Avropa idman ailəsi bu oyunların Bakıda keçirilməsinə böyük üstünlüklə səs vermişdir. Odur ki, biz hazırlaşırıq. Böyük oyunlardan fərqli olaraq Avropa Oyunlarına hazırlaşmaq üçün cəmi iki il vaxtımız var. Böyük oyunlara 6-7 il hazırlaşırlar, lakin biz 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarını keçirmək ümidindəyik. Bununla biz həm də, ümumiyyətlə desək, idman nailiyyətləri və olimpiya hərəkatının inkişafı mərkəzinə çevriləcəyik.

- Mən onu əlavə etmək istərdim ki, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir, çox cəhətdən siyasi əhəmiyyətli qərardır.

- Əlbəttə, elədir. Siz tamamilə haqlısınız, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir. Ona görə ki, yəqin siz də bilirsiniz, indiyə qədər Azərbaycanın Avropanın bir hissəsi olub-olmaması barədə diskussiyalar Avropada, o cümlədən Azərbaycanda da davam edir. Bizim coğrafi mövqeyimiz elədir ki, bu barədə iki fikir ola bilər və prinsip etibarilə hər iki fikir məqbuldur. Biz həm Avropa Şurası Təşkilatının, həm də İslam Əməkdaşlıq Təşkilatının iştirakçısıyıq. Ona görə ki, biz bu qitələrin qovuşduğu məkanda yerləşirik və düşünürəm ki, bu qərar olduqca ölçülüb-biçilmiş, müdrik, düzgün qərardır. Yeri gəlmişkən, fürsətdən istifadə edib, bizim namizədliyimizi fəal dəstəklədiyinə görə Rusiya Olimpiya Komitəsinə təşəkkür etmək istərdim. Bu dəstək təkcə bizim namizədliyimizin lehinə səs verməkdə deyil, həm də çox fəal mənəvi dəstəkdə ifadə olunmuşdur. Buna görə biz rusiyalı dostlarımıza çox təşəkkür edirik.

- Bu ona görədir ki, Rusiyada Azərbaycana qonaq gəlməyi çox istəyirlər.

- Mən düşünürəm ki, bu məhz sizinlə danışdığımız məsələlərə görə belədir. Bizim ölkələrimiz arasında münasibətlər həqiqətən çox müsbət istiqamətdə inkişaf edir və onların çox möhkəm təməli vardır.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi