Qarabağ danışıqları Vyanada bərpa olundu
Prezidentlər yaxın aylarda yenidən görüşmək barədə razılığa gəliblərNoyabrın 19-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü olub.
Koburq sarayında dövlət başçıları əvvəlcə təkbətək, sonra isə iki ölkənin xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə bir araya gəliblər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib. Prezidentlər görüşdən sonra mətbuata açıqlama verməyiblər.
Qeyd edək ki, prezidentlər sonuncu dəfə 2012-ci yanvarında Soçidə Rusiyanın dövlət başçısı Dmitri Medvedevin vasitəçiliyi ilə görüşmüşdülər. Ondan sonra ötən 22 ay ərzində Qarabağ sülh prosesi faktiki olaraq dayanmışdı.
Prezidentlər sülh prosesini davam etdirməyə razılaşıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın noyabrın 19-da Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanat veriblər.
Bəyanatda deyilir: “Təkbətək görüşdə və onun ardınca həmsədrlərin, xarici işlər nazirlərinin də qatıldığı işgüzar görüş zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələləri müzakirə ediblər. İlham Əliyev və Serj Sərkisyan məsələnin dinc yolla həllinə yönəlmiş gələcək danışıqlara impuls verməyə razılaşıblar və xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə məsələnin sülh yolu ilə həlli məqsədilə görülmüş işlər əsasında prosesi davam etdirməyi tapşırıblar. Onlar yaxın aylarda yenidən görüşəcəkləri ilə bağlı razılığa gəliblər”.
ATƏT sədri və ABŞ Dövlət Departamenti Vyana görüşü barədə
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara prezidentlər İlham Əliyev və Serj Sərkisyanın Vyana görüşü ilə bağlı bəyanat yayıb. O, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb: “Biz inanırıq ki, bu cür danışıqlar sülh və sabitlik, eləcə də regional əməkdaşlıq üçün yeni imkanların açılmasına təminatdır. Ukrayna ATƏT-in sədri olaraq Azərbaycanın və Ermənistanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına yönəlmiş müntəzəm dialoqun qurulması istiqamətində səylərinə kömək etməyə hazırdır”.
ABŞ da Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-da keçirdikləri görüşü müsbət qiymətləndirib. Dövlət Departamentinin sözçüsü Cen Psaki yaydığı bəyanatda bildirib ki, Vaşinqton hər iki prezidentin görüşləri qarşıdakı aylarda da davam etdirmək qərarını təqdir edir: “Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ hər iki prezidenti bütün tərəflərdə insanlar üçün ağır nəticələr vermiş bu münaqişənin sülh yolu ilə həlli istiqamətində fəal işləməyə çağırır”.