Amerika qəzetində 89 il öncə dərc olunan məqalə erməni yalanını ifşa edir
“New York Times” (4 avqust 1920): “Qarabağ və Zəngəzur heç vaxt Ermənistan Respublikası tərəfindən idarə edilməmişdir”
Tarixi saxtalaşdırmağa adət etmiş ermənilərin Zaqafqaziya sovetləşdirilənə qədər orada müstəqil respublikaların mövcud olduğu dövrdə Qarabağ, Zəngəzur və Naxçıvanın kimə mənsub olması məsələsində dünya birliyini çaşdırmağa yönəlmiş saysız-hesabsız cəhdlərinə baxmayaraq, 1918-1920-ci illərdə bu vilayətlərin Azərbaycan Xalq Cümhuriyyətinə mənsub olmasını göstərən daha bir tarixi sübut aşkar edilmişdir.
1920-ci il avqustun 4-də Amerikanın “Yaxın Şərq relyefi” (“Near East Relief”) humanitar təşkilatı tərəfindən (onun mənzil-qərargahı Madison Avenue, 1 ünvanında yerləşirdi) “New York Times” qəzetində dərc edilmiş məqalədə bolşeviklərin sovetləşdirilmiş Qarabağ və Zəngəzur əyalətləri tərəfindən Ermənistana müdaxiləsi haqqında yoxlanılmamış məlumat təkzib edilmişdir.
Bu yazı 1918-1920-ci illərdə həmin iki vilayətin müstəqil Ermənistan Respublikasının tərkibinə daxil olması barədə spekulyativ iddiaları heçə endirir. Doğrudan da, əgər Qarabağ və Zəngəzur əyalətləri Ermənistanın tərkib hissəsi hesab edilirdisə, onda sovetləşdirilmiş bu iki əyalət tərəfindən Ermənistana müdaxilə əməliyyatına necə başlamaq olardı? Əgər bolşeviklərin Ermənistana müdaxiləsi Şimali Azərbaycan ərazisindən başlanmışdırsa, onda aşkardır ki, Qarabağ və Zəngəzur Ermənistan üçün xaric sayılırmış.
Amerika humanitar təşkilatının press-relizindəki aşağıdakı cümlə Qarabağın və Zəngəzurun dünya birliyi tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması məsələsinə nöqtə qoymuşdur: “Bu iki əyalətin əhalisinin çoxu etnik ermənilərdir, lakin onlar indiyə qədər heç vaxt Ermənistan Respublikası hökuməti tərəfindən idarə edilməmişdir. Bu dağlıq ərazilər mineral ehtiyatları, qızıl, mis, dəmir və sink yataqları ilə çox zəngindir. Bu ərazilərin yolların olmaması və digər kommunkasiya növlərinin çatışmaması üzündən Ermənistan Resbublikası ilə heç bir əlaqəsi yoxdur”.