“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.10.2011, 16:48
362

Qarabağ məsələsi Avropa Şurasında gündəmə gəlib

A- A+

AŞPA separatçı rejimin “seçki”sini pisləyib, azərbaycanlı deputatlar erməni təcavüzü barədə çıxış ediblər

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayıb. Sessiyada azərbaycanlı deputatlar tərəfindən Qarabağ məsələsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü növbəti dəfə gündəmə gətirilib. 

Azərbaycanlı deputatlar Ermınistanın işğal etdiyi ərazidə marionet  rejimin keçirdiyi yerli seçkilərlə də bağlı məsələni də qaldırıblar.

* * *

Avropa Şurası Parlament Assambleyası erməni separatçılarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 18-də keçirdiyi qanunsuz bələdiyyə seçkilərini pisləyən bəyanat qəbul etmişdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrin deputatları imza atmış və bəyanat AŞPA-nın rəsmi sənədi kimi qəbul olunmuşdur.

AŞPA-nın toplantısında qurumun sədri Mövlud Çavuşoğlu tərəfindən elan olunan bəyanatda deyilir: “Ermənistan AŞPA-nın digər üzvü Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. AŞPA qəbul etdiyi 1416 saylı qətnamədə bu işğalı pisləyərək Ermənistanı öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmağa çağırmışdı. AŞPA-nın və BMT-nin qətnamələrinə məhəl qoymayaraq cari il sentyabrın 18-də separatçı rejim Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “yerli özünü idarəetmə orqanlarına seçkilər” keçirmişdir. Bu qeyri-qanuni seçkilər beynəlxalq hüququn normalarına və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesinə də ciddi zərbə vurmuşdur. Ermənistanın bu addımları regionda vəziyyəti daha da gərginləşdirir”.

Bəyanatda Ermənistan tərəfindən keçirilmiş bu qeyri-qanuni seçkilərin dünyanın əksər beynəlxalq təşkilatları tərəfindən də pislənildiyi vurğulanır. 

AzərTAc

Erməni deputatlar Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasını boykot ediblər

Oktyabrın 3-də AŞPA sessiyası çərçivəsində Assambleyanın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçirilib. Ermənistan nümayəndə heyətinin üzvləri bu dəfə də iclası boykot ediblər.

Görüşdə Alt Komitənin sədri, ispaniyalı deputat Yordi Chukla i Kosta və Azərbaycan nümayəndə heyətinin üzvləri Səməd Seyidov və Sabir Hacıyev iştirak ediblər. S. Seyidov bildirib ki, erməni tərəfinin görüşə gəlməməsini haqda AŞPA bürosuna məlumat verilməsi barədə qərar qəbul olunub: “Qərara gəldik ki, erməni tərəfinin bu görüşə də gəlməməsi haqda büroya xəbər verək. Mən isə şəxsən konkret məsələ qaldırdım. Dedim ki, siz də, biz də şahid olduq ki, Ermənistan AŞPA bürosunun yekdilliklə qəbul etdiyi qərarını pozur və görüşə gəlmir. Bu o deməkdir ki, büro Azərbaycanla bağlı qərarların pozulması məsələsini qaldıranda ən azı ikili standartlarla çıxış edirsiniz. Onlar da bununla razılaşmalı idilər, başqa yolları da yoxdur. Bundan sonra da komitənin növbəti iclasları olacaq, ermənilər gəlməsə, bu onların işidir. Lakin onlar gəlməməkləri ilə AŞPA bürosunun qərarını pozurlar. Bu, çox ciddi pozuntudur”.

Qeyd edək ki, erməni deputatlar Alt Komitənin yaz və yay sessiyalarında keçirilmiş iclaslarına da qatılmayıblar.

 

Səməd Seyidov: “Avropa Şurasında ikili standartlara qarşı çıxış edəcəyik”

 

Oktyabrın 3-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ilk plenar iclasında qurumun Siyasi Bürosu və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabat dinlənilib. Hesabat ətrafında aparılan müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da çıxış edib.

S. Seyidov Azərbaycanın Avropa Şurasının bəzi orqanları ilə əməkdaşlıqdan imtina etməsi barədə fikirlərə toxunaraq Azərbaycanın Avropa Şurasının heç bir strukturu ilə əməkdaşlıqdan yayınmadığını və hər cür dialoqa hazır olduğunu bildirib. O, Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin məsələsi üzrə məruzəçinin təyin olunması və onunla əməkdaşlıqdan danışıb:

“Hamı unudur ki, Avropa Şurasının bir çox ölkələrində bu cür məsələlər mövcuddur. Amma həmin dövlətlərə qarşı eyni mövzuda məruzəçi təyin olunmur. Heç kim özündə cəsarət tapıb belə bir məruzəçinin həmin ölkələrə təyin olunmasını tələb etmir. Nə üçün Azərbaycanla bağlı belə bir məruzəçi təyin olunur? Əgər biz büronun məcburi qərarlarından danışırıqsa, Kristof Ştrasserin təyin olunması da məcburi qərardırsa və Azərbaycan hökuməti buna əməl etməlidirsə, o zaman büronun digər qərarlarından niyə danışmırıq? Bu qərarlardan biri də Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa olunmasıdır. Biz büroda komitənin fəaliyyətinin bərpa olunmasına yekdilliklə səs vermişik, lakin nədənsə kimsə yekdilliklə verilən qərardan sonra fəaliyyəti bərpa olunan komitənin fəaliyyətsizliyindən danışmır. Heç kim erməni tərəfinin bu komitənin işini boykot etməsindən bəhs etmir və nəticədə büronun bu qərarı lazımsız bir sənədə çevrilib. Gəlin, bu haqda danışaq. Biz bundan sonra da Avropa Şurasında ikili standartlara qarşı çıxış edəcəyik”.

 

Qənirə Paşayeva Dağlıq Qarabağdakı qanunsuz seçkinin pislənməsini tələb edib

 

AŞPA-nın payız sessiyasının ilk günündə qurumun Siyasi Bürosu və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabat ətrafında aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib.

Q. Paşayeva xatırladıb ki, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi və bu ərazilərdən geri çəkilməli olduğu əksini tapıb: “Amma Ermənistan nəinki AŞPA və BMT qətnamələrini yerinə yetirir, hətta Avropa Şurasının bütün çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan “Dağlıq Qarabağ Respublikası”nda seçkilər keçirir. Sentyabrın 18-də işğal edilmiş Azərbaycan torpaqlarında keçirilən bələdiyyə seçkiləri nəinki beynəlxalq hüquqa, BMT, ATƏT və AŞPA-nın qətnamələrə ziddir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gedən çox həssas danışıqlar prosesinə də ciddi bir zərbədir və bölgədə vəziyyəti daha da gərginləşdirib. Assambleyamız bu kimi halları kəskin pisləməklə yanaşı, Ermənistandan belə addımların dayandırılmasını ciddi şəkildə tələb etməlidir”.

Bundan başqa, millət vəkili bu ilin iyul ayının 13-də 13 yaşlı qız uşağı Aygün Şahmaliyevanın Ermənistan əsgərləri tərəfindən qətlə yetirilməsi mövzusunu da qaldırıb: “Mən Ermənistanla sərhəd bölgələrini təmsil edirəm. Bu ilin iyul ayının 13-də Aygün Şahmaliyeva adlı qız uşağı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Assambleyamız kiçik yaşlı uşaqlara qarşı həyata keçirilən bu cür cinayətlərə susmamalıdır. Aygünun ailəsi sizdən etiraz səsinizi ucaldacağınızı və bu hadisəni törədən cinayətkarların cəzasını alması istiqamətində səylərinizi artıracağınızı gözləyir”.

 

Azərbaycanlı deputat erməni təcavüzü barədə danışıb

 

Avropa Şurası Parlament Assambleyasını (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında almaniyalı deputat Marina Şuster və belçikalı Patrik Morionun hazırladıqları “Milli suverenlik və müasir beynəlxalq hüquqda dövlətlərin statusu” adlı hesabat dinlənilib və bu mövzu ətrafında sonra müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Azərbaycanın 20 ildir öz dövlət müstəqilliyini qoruyub saxladığını bildirib, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan acı problemlərdən danışıb. O bildirib ki, Dağlıq Qrabağda yaşayan erməni icması Azərbaycan dövlətinin yurisdiksiyası daxilində Azərbaycan konstitusiyası və qanunları, tərəf olduğu beynəlxalq müqavilələr çərçivəsində digər vətəndaşlarımız kimi bütün haqq və hüquqlardan faydalana bilərlər.

Sevinc Fətəliyeva deyib: “Məlumdur ki, hər bir dövlətin sabit mütərəqqi inkişafı üçün bir sıra vacib şərtlər mövcud olmalıdır. Sülh və əmin-amanlıq, suveren hüquqların və konstitusion normaları ölkə daxilində təbliği və yerinə yetirilməsi əsas şərtlərdəndir. Çox təəssüf ki, Ermənistanla münaqişəyə görə, artıq 20 ildir ki, torpaqlarımızın 20 faizi bu ölkənin silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan qaçqın və məcburi köçkün yer və yurdlarından didərgin düşərək, daimi yaşayış yerlərinə qayıtmaq imkanından məhrumdur. 20 ildir ki bu şəraitə baxmayaraq, ölkəmizdə siyasi və vətəndaş institutları, mədəniyyətimiz və iqtisadiyyatımız inkişaf edir. İkinci Dünya müharibəsindən sonra insan haqları, demokratiya, fikir azadlığı kimi prinsiplər beynəlxalq münasibətlər sistemində ön plana çıxmış, XXI əsrdə isə tamamilə yenə bir mərhələyə qədəm qoyub. Əlbəttə bütün insanlıq demokratiyanın ümumbəşəri dəyərlərindən faydalanmalıdır”.

 

Aydın Abbasov: “Azərbaycanın ərazi bütövlüyü Qafqazda sabitliyin mühüm şərtidir”


Oktyabrın 4-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclasında almaniyalı deputat Marina Şuster və belçikalı Patrik Morionun hazırladıqları “Milli suverenlik və müasir beynəlxalq hüquqda dövlətlərin statusu” adlı hesabat dinlənildi və bu mövzu ətrafında sonra müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Abbasov da çıxış edib.

Deputat çıxışında deyib: «Şərqin ilk demokratik respublikası Azərbaycanda yaranıb, lakin o yalnız 23 ay mövcud ola bilib. Suvereniteti qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edib, Avropaya inteqrasiya yolunu seçib və öz ərazi bütövlüyü təmin etmək kimi, çətin bir məsələlərdən biri ilə üzləşib. Dövlətlərin ərazi bütövlüyü milli suverenitetin əsas prinsipidir və dövlətlərin ərazi bütövlüyü prinsipi müasir beynəlxalq hüququn yetkinliklə qəbul etdiyi bir prinsipdir. Dağlıq Qarabağ erməniləri Ermənistan dövlətinin dəstəyi ilə xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipinə istinad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozurlar. Amma beynəlxalq hüquq dövlətin icazəsi olmadan onun ərazisinin bir hissəsinin ayrılmasını heç də nəzərdə tutmur və buna hüquqi əsaslar vermir. Öz müqəddəratını təyinetmə hüququ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər.

Beynəlxalq hüquqda isə bu prinsipin tətbiq edilməsi daxili təyinetmə formasında nəzərdə tutulur. Azərbaycan bu ilin oktyabr ayında müstəqilliyinin elan edilməsi və suverenliyinin əldə edilməsinin 20 illiyini qeyd edir. Lakin bu günə kimi, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Hesab edirəm ki, Avropa ictimaiyyəti hər bir üzv ölkəsinin milli suverenliyinin bərpa edilməsi məsələsi haqda düşünməlidir. Biz gələcəyə qorxmadan və ümidlə baxmalıyıq. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi bütün Qafqaz bölgəsində stabil inkişafın təhlükəsizliyini təmin edəcək».

APA

Xəbərlər
Redaktorun seçimi