Rusiya Xəzər ətrafında yeni regional təşkilat yaratmağı təklif edir
Moskva bununla kənar ölkələrin Xəzər bölgəsinə müdaxiləsini önləmək istəyir, Azərbaycan isə hələlik bu təşəbbüsə müsbət cavab verməyib
Aprelin 14-15-də Moskvada Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair xüsusi işçi qrupun beş Xəzəryanı dövlətin (Rusiya, Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan) xarici işlər nazirlərinin müavinləri səviyyəsində 25-ci iclası keçirilib. İclasda Azərbaycan xarici işlər nazirinin müavini, Xəzərin statusunun tənzimlənməsi üzrə xüsusi nümayəndə Xələf Xələfov iştirak edib.
Nümayəndə heyətləri Xəzərin hüquqi statusuna aid Konvensiya layihəsini, bu il Bakıda keçirilməsi nəzərdə tutulan üçüncü Xəzər sammitinin gündəliyini müzakirə ediblər.
Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı beştərəfli işçi qrup formatında müzakirələr 1996-cı ildən keçirilir. Lakin indiyədək sözügedən Konvensiya layihəsinin ən yaxşı halda 70-80 faiz müddəalarının razılaşdırıldığı bildirilib. Bu xüsusda prinsipial məqamlar, o cümlədən dənizin sektorlara bölünməsi məsələsi açıq qalmaqdadır. Moskva görüşü də bu yöndə bir nəticə ilə yadda qalmayıb.
Bununla belə, toplantı Rusiyanın daha öncə də irəli sürdüyü təşəbbüsün - Xəzər ətrafında yeni regional təşkilatın yaradılması ideyasının təkrar gündəmə gəlməsi ilə diqqət çəkib. Özü də Rusiya bu məsələni konkret təklif formasında Bakıda keçiriləcək Xəzər sammitinin müzakirəsinə çıxarmaq niyyətindədir. "Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsini aktual hesab edir. Biz bununla bağlı konkret təklifimizi Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində təqdim etmək niyyətindəyik", - deyə Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanın yer alacağı təşkilat Xəzər hövzəsi regionunda nəqliyyat, ticarət, energetika, ekologiya, bioehtiyatlar və s. məsələlərə dair əməkdaşlığı genişləndirməyə, müxtəlif müştərək layihələrə zəmin yaradacaq. Bundan əlavə, yeni təşkilat çərçivəsində regional bankın, biznes institutlarının yaradılması mümkündür: "Hövzə dövlətlərinin əməkdaşlıq potensialı artıq ikitərəfli çərçivələrə sığışmır. Ona görə də Xəzəryanı İqtisadi Əməkdaşlıq Təşkilatının regional iqtisadi əlaqələrin strukturunu yaxşılaşdırmağa imkan verər".
Rusiya naziri hesab edir ki, Xəzəryanı ölkələrin belə bir təşkilatda təmsil olunması hövzənin hüquqi statusu və digər məsələlərin həllinə də təkan verə bilər. Lavrov qeyd edib ki, ötən müddətdə Xəzərin statusuna dair konvensiyanın qəbulu, sərhədlərin delimitasiyası məsələsinin həlli yönündə xeyli yol qət edilib: "Danışıqlar prosesinin iştirakçıları hələ də açıq qalan məsələlər - ilk növbədə bütün Xəzər akvatoriyasının delimitasiyası və Xəzərin cənub hissəsində dənizin dibinin bölünməsi məsələləri barəsində qarşılıqlı anlaşmaya yaxınlaşırlar".
Lavrovun sözlərinə görə, Bakı sammiti bu istiqamətdə yeni mərhələ ola bilər. Rusiya XİN başçısı həmçinin Xəzərdə təhlükəsizlik məsələləri üzrə ekspertlər qrupunun görüşünün aprelin üçüncü ongünlüyündə Bakıda keçirmək barədə razılıq əldə olunduğunu deyib: "Biz həmin tədbirdə fəal iştirak edəcək, Xəzərdə müasir təhdidlərə və çağırışlara müqavimət göstərmək üçün kollektiv mexanizm yaradılması üzrə praktiki işlərə öz töhfəmizi verməyə çalışacağıq". Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi Bakı sammitinə mühüm əlavə olacaqdır.
Qeyd edək ki, Xəzəryanı beş ölkənin prezidentlərinin iştirakı ilə birinci sammiti 2002-ci ilin aprelində Aşqabadda, ikinci sammit isə 2007-ci il oktyabrın 16-da Tehranda keçirilib. Bakı sammitinin vaxtı hələlik dəqiqləşməyib. Tehran sammitində qəbul olunmuş Bəyannamədə də Xəzərin hüquqi statusu ilə bağlı əsas məsələ - dənizin sektoral bölgüsü məsələsi yer almamışdı. Odur ki, Bakı sammitində bu məsələnin çözüləcəyi real görünmür.
Bu fikri dolayısı ilə Rusiyanın Xəzərin statusu üzrə işçi qrupdakı nümayəndəsi Aleksandr Qolovin də təsdiqləyib. "Xəzərin hüquqi statusuna dair Konvensiyanın mətni 70-80 faiz hazırdır. Lakin Konvensiyanın bəzi müddəaları tərəflər arasında hələ də razılaşdırılmamış qalıb". Onun sözlərinə görə, razılaşdırılmamış məsələlər və "fikir ayrılıqları Xəzərin dibinin bölünməsi və hövzənin akvatoriyasının delimitasiyası ilə bağlıdır".
Rusiyanın bu arada Xəzər ətrafında yeni təşkilat yaratmaq təşəbbüsünü yeniləməsi isə praktik əməkdaşlıq formatından daha ziyadə regiona kənar qüvvələrin müdaxiləsini məhdudlaşdırmaq məqsədi güdür. Söhbət, ilk növbədə, Amerika və Avropa Birliyinin Xəzər hövzəsi ilə bağlı planlarından, o cümlədən "Nabucco" layihəsinin bir hissəsi kimi gözdən keçirilən Transxəzər qaz kəmərindən gedir.
Başqa sözlə, Rusiya Xəzərlə bağlı bütün məsələləri beştərəfli format kimi yeni təşkilatda həll etməyi təklif edir. Belə olan halda yeni təşkilatdan, məsələn, Transxəzər layihəsi ilə bağlı konsensus qərarın çıxması mümkünsüzdür. Çünki Rusiya ilə yanaşı, İran da hövzədənkənar ölkələrin Xəzərə müdaxiləsinə israrla qarşı çıxır. Odur ki, yeni təşkilatın təsis olunması nəticə etibarilə Xəzərdə təktərəfli, yaxud iki-üçtərəfli təşəbbüs və layihələrin həyata keçməsinə faktiki əngəl ola bilər.
Bu baxımdan Azərbaycanın sözügedən təşəbbüsə hələlik konkret münasibət bildirməməsi anlaşılandır. "Bizim bu və ya digər məsələlərlə bağlı, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı mövqelərimizi necə razılaşdırılmağımızdan asılı olaraq dövlət başçıları müvafiq qərarlar qəbul edəcəklər. Biz isə bütün məsələlərin razılaşdırılması üçün işçi qrupu və ekspertlər səviyyəsində işimizi davam etdiririk", - deyə Azərbaycan XİN başçısının müavini X.Xələfov Moskvadakı mətbuat konfransında ehtiyatlı bəyanatla çıxış edib. XİN başçısının müavini bildirib ki, sahilyanı dövlətlər bütün məsələlər üzrə aktiv dialoq aparırlar və bu sırada iqtisadi, təhlükəsizlik və digər məsələləri müzakirə edilir.
Xatırladaq ki, bir neçə ilə öncə Rusiya tərəfi Xəzərdə ümumi təhlükəsizliyin təmin olunması məqsədilə birgə sülhməramlı qüvvələrin (Kasfor) yaradılmasını təklif etmişdi. O vaxt Rusiyanın təklifinə qismən İran tərəfdar çıxmış, digər ölkələr, o cümlədən Azərbaycan tərəfdən birmənalı dəstək olmamışdı.
Rusiyanın budəfəki təşəbbüsünə hələlik İran da konkret fikir bildirməyib. İran nümayəndəsi Mehdi Səfəri Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasına dair təklifin dəqiq konturlarının Bakıda keçiriləcək görüşlərdə müəyyənləşə biləcəyini deyib. İran nümayəndəsi həmçinin Xəzərin beş bərabər sektora bölünməsinə dair ölkəsinin məlum mövqeyini bir daha təkrarlamaqla əslində yaxın gələcəkdə bu məsələnin çözülməyəcəyinə işarə vurub. "Xəzərin bərabər şəkildə bölünməsinə dair İranın mövqeyi dəyişməz qalıb. Təbii ki, hər bir dövlət öz milli maraqlarını qorumalıdır. Buna görə də biz müxtəlif məsələləri müzakirə etməyə və mövqelərimizi yaxınlaşdırmağa hazırıq". Səfəri İranın bu məsələdə Azərbaycan və Türkmənistanla dialoqunun davam etdiyini deyib.
Qeyd etmək lazımdır ki, Xəzərin beş bərabər sektora (hər ölkəyə 20 faiz) bölünməsini İrandan savayı əslində heç bir ölkə dəstəkləmir. Azərbaycan lap əvvəldən Xəzərin həm dibinin, həm də su hissəsinin milli sektorlara bölünməsinə tərəfı kimi çıxış edib. Bu mövqe əvvəlcə digər hövzə dövlətləri tərəfdən qəbul edilməsə də, sonradan Rusiya və Qazaxıstan dənizin dibinin sektorlara bölünməsinə razılaşdı. Nəticədə 2001-2003-cü illərdə Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibinin sektorlara bölünməsinə dair sazişlər imzaladılar.
İndi əsas məsələ Türkmənistanın da bu üçlüyə qoşulmasıdır. Çünki bu, gerçəkləşsə, onda İran da istər-istəməz indiki israrından əl çəkməli olacaq. Lakin Türkmənistanın İranla yanaşı, Azərbaycanla da sektoral bölgü və neft-qaz yataqlarının mənsubiyyəti məsələsində çözülməmiş məsələləri var.
Halbuki Xəzərdə hələ sovet dövründə aparılmış pay bölgüsü əsas götürülərsə, tərəflərin bir-birinə elə də ciddi iradı olmamalıdır. Xatırladaq ki, 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilmişdi. Həmin bölgüyə əsasən, Xəzərin 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü. İranın payına isə Astara (Azərbaycan) - Həsənqulu (Türmənistan) su sərhədindən cənubda qalan 55 min kv. km düşürdü. Yeri gəlmişkən, o zaman İran bu bölgüyə etirazını bildirməmişdi.
Vüqar Orxan, “525-ci qəzet”, 16.04.2009.