“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.06.2009, 11:42
40

İran hara gedir?

A- A+

İranda 70 milyonluq əhalinin yarısı gənclərdir. Bu gənclər yasaqlardan beziblər, yenilik tələb edirlər.

İran faktiki iki hissəyə bölünüb.

Bir yanda hazırkı prezident Mahmud Əhmədinejadın radikal tərəfdarları, o biri yanda Mirhüseyn Musəvinin islahat tələb edən tərəfdarları cəmləşib. Birincilər silahlı qüvvələrə, polisə, kəşfiyyat orqanlarına və dini liderə arxayındırlar, ikincilər isə heç bir səlahiyyəti olmayan liderlərinə və sivil dünyanın dəstəyinə bel bağlayırlar.

Təzyiqlərə rəğmən, Musəvi geri çəkilənə oxşamır, tərəfdarlarını qəti mübarizəyə, faktiki barrikadalara çağırır. Bu, İran kimi dövlətdə böyük cəsarət tələb edən çağırışdır. Çünki qətllərlə müşahidə olunan hazırkı hərəkat yatırılsa, Musəvini cəza gözləyəcək. İranda rejimə müxalif olanlara verilən cəzanın isə nədən ibarət olduğu üzərində çox da baş sındırmağa dəyməz.

İranın dini lideri Xameneyi çətin sınaq qarşısındadır. Çünki o, Əhmədinejadı dəstəkləsə də, Musəvini müdafiə edən geniş kütlələrin etirazını da eşitməzliyə vura bilməz. Axı o, bütün iranlıların dini lideridir, Musəvini müdafiə edənlərin sayı isə milyonlarcadır. Bəziləri etiraz mitinqlərinə qatılır, digərləri isə prosesləri evlərindən izləyirlər.

Etirazçılar arasında ölənlərin sayının artmasına görə yalnız prezident məsuliyyət daşımayacaq, seyirçi qaldığına görə Xameneyinin də adını hallandıracaqlar. Doğrudur, hazırda etirazçılar Əhmədinejadı hədəf seçiblər, dini liderlə işləri yoxdur, ancaq polis və islam keşikçiləri silahsız insanları əzməkdə davam etsə, məsuliyyət həm də Xameneyinin üzərinə düşəcək.

Bəlkə buna görədir ki, dini lider son hadisələrin fonunda bir qədər ehtiyatlı mövqe tutmağa başlayıb. O, seçki saxtakarlıqlarının araşdırılmasına razılığını verib. Halbuki Əhmədinejad seçki saxtakarlıqları haqqında deyilənləri bəri başdan rədd edir. Demək, İranda etiraz dalğasının artıq ilk nəticəsindən danışmağa dəyər: dini lider prezidenti dəstəkləməsinə baxmayaraq onun hər dediyinə möhür qoymağın riskli olduğunu düşünür.

İran ikiyə bölündüyü kimi, dünya da bu ölkədə baş verənlərə münasibətdə ikiyə bölünüb. Bir qisim prezident “seçilməsi” münasibətilə Əhmədinejadı təbrik etməyə tələsir, Qərb dövlətləri isə bir qədər gözləmə mövqeyində dayanıb. Görünür, Qərb dövlətləri toqquşmalarda kimin üstünlük qazanacağını gözləyir.

Əlbəttə, Qərb islahatçı Musəvinin üstünlük qazanmasını istəyərdi, ancaq Əhmədinejadla da işləməyə hazırdır. Elə ABŞ prezidenti Barak Obama da açıqlamalarında ehtiyatlıdır, etiraz nümayişlərini heyrətlə izlədiyini vurğulasa da, Əhmədinejadın əleyhinə ifadə işlətmir, onu dəftərindən silməyib.

İrandakı hadisələr iki istiqamətdə inkişaf edə bilər.

Birinci variant ondan ibarətdir ki, Musəvi tərəfdarlarının aksiyaları yüksələn xətt üzrə inkişaf edir və sonda Tehran rejimi səslərin yenidən sayılması və ya yeni seçkinin keçirilməsi məcburiyyətində qalır.

İkinci variantda hakimiyyət aksiyaları zor gücünə yatırır və ölkədə fövqəladə vəziyyətə bənzər durum elan olunur, Musəvi ev dustağı halına gətirilir, həbsxanalar doldurulur, ali təhsil ocaqlarında nəzarət beşqat gücləndirilir.

Bu yolu İran islam inqilabından sonra da keçib. Şah devrildikdən sonra islam dövlətinə alternativ yol göstərənlərin çoxu ya həbsxanada çürüyüb, ya da xaricə qaçıb.

Ancaq indi 1979-cu il deyil, dünya qloballaşıb. İranda 70 milyonluq əhalinin az qala yarısı 30 yaşdan aşağı olan gənclərdir. Bu gənclər yasaqlardan beziblər, yenilik tələb edirlər, internetdə açıq yazışmaların tərəfdarıdırlar, evlərinin damlarında quraşdırdıqları çanaq antenləri vasitəsilə Qərb kanallarına baxmaq istəyirlər.

Elə küçələrə axışaraq etiraza güc verənlərin çoxu da məhz bu gənclərdir. Əlbəttə, silah gücüylə onları küçələrdən yığışdırmaq mümkündür, ancaq bu gənclərə növbəti bir bəhanə lazım olacaq ki, sabah yenə etirazlara qatılsınlar.

İranda istənilən hakimiyyət qadağaları yumşaltmaq məcburiyyətindədir. Yoxsa inqilabi ruh bu ölkənin üzərindən heç zaman əskik olmayacaq.

Elxan Şahinoğlu, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri.

“Media forum”, 16.06.2009.

 

Mövzuya dair:

Tehranda seçkisonrası iğtişaşlarda 7 nümayişçi öldürülüb

İranda iyunun 12-də keçirilən seçkilərin rəsmi nəticələrinə etiraz olaraq keçmiş baş nazir, prezidentliyə islahatçı düşərgənin namizədi olan Mirhüseyn Musəvinin tərəfdarları iyunun 15-də Tehran küçələrində izdihamlı nümayiş keçiriblər. Bəzi xarici KİV-lərin xəbərlərinə görə, Tehran küçələrinə çıxanların sayı 2 milyondan çox olub. Saatlarla davam edən şiddətli toqquşmalarda son məlumatlara görə, 7 nümayişçi öldürülüb.

“Frans Press” agentliyinin şahidlərə istinadən yaydığı xəbərə görə nümayişlərin dağıdılmasında İnqilab Keşikçiləri Korpusuna bağlı “Bəsic” yarımhərbi könüllü birliklərindən (“drujunaçılar” – red.) də istifadə olunub. “Bəsic”lərin nümayişçilərə atəş açması nəticəsində onlarla adamın yaralandığı bildirilir. ”Asoşeyted Press” agentliyi isə xəbər verib ki, etirazçılar öncə İnqilab meydanına toplaşıb, sonra isə Azadlıq Meydanına yürüş ediblər. Burada isə təhlükəsizlik qüvvələri etirazçıları meydana buraxmaq istəməyib.

Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz qumbaralarından və dəyənəklərdən istifadə etdiyi  bildirilir. İran təhlükəsizlik qüvvələrinin xüsusi təyinatları da etirazın yatırılmasında iştirak eləyib. “Röyters”in xəbərinə görə, təhlükəsizlik qüvvələrinin odlu silahdan istifadən sonra etirazçılar dağılmağa başlayıb. Bundan əvvəl İranın Daxili İşlər Nazirliyi bu aksiyanın qanunsuz olduğunu və dağıdılacağını bəyan eləmişdi.

İyunun 15-də keçirilən aksiyalarda İslahatçıların əsas namizədi Musəvi seçkidən sonra ilk dəfə tərəfdarlarının qarşısına çıxıb, seçkinin rəsmi nəticələri ilə razılaşmadığını və təkrar seçkidə iştiraka hazır olduğunu bildirib. Aksiyada islahatçıların digər namizədi - Mehdi Kərrubi və tərəfdarları da iştirak edib. Musəvi çıxışı zamanı deyib ki, seçkilərin nəticələrini tanımır və mübarizəni davam etdirəcək.

Prezident seçkilərinin qalibi elan olunan Mahmud Əhmədinejad isə iyunun 16-da Tehranı tərk edərək Rusiyanın Yekatrinburq şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılıb. Əslində indiki mərhələdə onun ölkədə qalıb-qalmamasının ciddi əhəmiyyəti yoxdur. Çünki İranda təhlükəsizlik qüvvələri prezidentə yox, ali dini liderə tabedir.

Toqquşmalar zamanı Tehranda liberal düşüncəli gənclərin düşərgəsi hesab edilən Tehran Universitetinin tələbə şəhərciyi blokadaya alınıb. Orada kütləvi həbslərin aparıldığı bildirilir. Həbs olunanlar arasında eks-prezident Məhəmməd Xatəminin qardaşı Rza Xatəmi, İran inqilabının banisi ayətullah Xomeyninin nəvəsi Zəhra da var.

İndiki dini lider ayətullah Əli Xamneyi isə Əhmədinejadın qələbəsini təbrik etdikdən sonra müxalifət tərəfdarlarını seçkilərin nəticələrini tanımağa, təxribatçı hərəkətlərdən əl çəkməyə çağırıb. O xəbərdar edib ki, dövlətin bütün vasitələri seçkilərin nəticələrini şübhə altına almaq istəyənlərə qarşı yönələcək. Lakin güclü toqquşmalardan sonra Xamneyi daha yumşaq bəyanatla çıxış edərək seçkilərdə yol verilmiş pozuntularla bağlı araşdırmalar aparılacağını bildirib.

İyunun 16-da İranın Ali Nəzarət Şurasının prezident seçkilərinin nəticələrinin yenidən hesablanması haqda qərar verdiyi bildirilsə də, sonradan bu xəbər təkzib olunub.

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 90

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 370

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 425

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 74

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 369

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 437

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 596

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1319

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 610

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 548

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 457

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 342

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 127

Redaktorun seçimi