Avropa Şurası rəsmisi Bakıya “Dialoq paytaxtı” statusu verilməsini təklif edib
Robert Palmer: “İnanıram ki, bu təklif iştirakçılar tərəfindən müsbət qiymətləndiriləcək”
“Azərbaycan İSESKO-ya üzv olan ölkələr arasında yeganə dövlətdir ki, Avropa Şurasının da üzvdür”.
APA-nın məlumatına görə, bu fikri İSESKO-nun baş katibi Əbdüləziz Əl Tüveycrinin İslam ölkələrinin mədəniyyət nazirlərinin oktyabrın 13-də işə Bakiıa işə başlayan VI konfransında çıxışı zaman deyib.
O, Avropa Şurası ilə Azərbaycanın mədəniyyət sahəsində yüksək əməkdaşlıq münasibətləri olduğunu vurğulayıb: “Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Avropa Şurasının mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik, mədəni turizm və digər bu kimi sahələrdə həyata keçirdiyi layihələrdə iştirak edir”.
Avropa Şurasının Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer çıxışında bildirib ki, bu müzakirələrdə irəli sürülən fikirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə öz töhvələrini verəcəyinə əmindir: “Bunun üçün biz real işlər və konkret tədbirlər həyata keçirməliyik. Biz artıq “Dialoq Paytaxtı” ideyası üzərində düşünməliyik. Bakı şəhəri “Dialoq Paytaxtı” statusunu ilk olaraq öz üzərinə götürə bilər”.
Robert Palmer nəzərə çatdırıb ki, bu, böyük məsuliyyətdir, çünki bu statusun vacibliyini təsdiqləmək böyük məsuliyyət tələb edir: “İnanıram ki, bu təklif iştirakçılar tərəfindən müsbət qiymətləndiriləcək. Azərbaycan dövləti bu təşəbbüsləri daha da inkişaf etdirərək 2011-ci ildə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” təşkil edəcək. Bu forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə keçiriləcək. Mən hər birinizi bu qlobal təşəbbüsə dəstək verməyə və təşkilində yaxından iştirak etməyə dəvət edirəm”.
Robert Palmer: “Ümidvaram ki, Dağlıq Qarabağda maddi-mədəni irsə vurulmuş zərəri öyrənmək üçün planlaşdırdığımız səfər gələn il gerçəkləşəcək”
“Bakıda keçirilən bu konfransın əhəmiyyəti odur ki, bu kimi tədbirlər Avropa Şurası ölkələri ilə islam dünyası arasında əlaqələrin formalaşmasında mühüm rol oynayır”.
Bu açıqlamanı APA-ya Avropa Şurasının Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer verib. O, ötən ilin dekabrında Bakıda Avropa Şurasının təşkilatçılığı ilə analoji tədbirin keçirildiyini xatırladıb.
Azərbaycanın işğal altında olan ərazilərində mədəni, tarixi və dini abidələrin monitorinqini keçirəcək missiyanın bölgəyə nə zaman səfər edəcəyi ilə bağlı sualı cavablandıran Robert Palmer bildirib ki, Avropa Şurası bununla bağlı Azərbaycan və Ermənistanın qərarını gözləyir: “Yalnız bundan sonra biz missiyanı texniki baxımdan həyata keçirə bilərik. Bu səfərin gerçəkləşməsini çox istəyirik, bu, bizim fəaliyyət proqramımıza daxildir. Lakin yalnız tərəflərin müvafiq razılığından sonra səfərin dəqiq vaxtını müəyyənləşdirə bilərik”.
Robert Palmer Avropa Şurasının abidələrin və maddi-mədəni irsin dağıdılması hallarını qəti şəkildə pislədiyini bildirib: “Avropa Şurası istənilən ərazidə mədəni irs abidələrinin dağıdılmasını pisləyir. Bizim bu məsələdə mövqeyimiz son dərəcə ciddidir. Biz bölgəyə texniki səfərin təşkili ilə bağlı Azərbaycan və Ermənistan hökumətləri ilə dialoqu əvvəlki tək davam etdiririk. Dialoq hər iki ölkənin xarici işlər nazirləri vasitəsilə aparılır. Çox ümid edirəm ki, Azərbaycan hökuməti bizimlə əməkdaşlığı davam etdirəcək və Ermənistan hökuməti də bu cür addımlar atacaq. Ümid edirəm ki, abidələrə vurulan zərəri müəyyənləşdirmək məqsədilə planlaşdırılan səfər gələn il gerçəkləşmiş olacaq”.
Əbülfəs Qarayev: “Azərbaycanın işğal olunmuş ərazilərində islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməlidir”
“İslam irsinin qorunması bizim tariximizə və bu günümüzə verdiyimiz dəyərdir”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 13-də işə başlayan İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransındakı çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti öz daxili siyasətində islam mədəniyyətinə adi bütün abidələrin, tarixi irs nümunələrinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir: “Təəssüflər olsun ki, biz bu tədbirləri ölkəmizin bütün ərazisində həyata keçirə bilmirik. Çünki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib və orada islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələri dağıdılıb. Mən xüsusi ilə vurğulamaq istərdim ki, həmin mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün islam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu bəşər mədəniyyətinə qarşı təcavüzdür. Biz bu kimi məsələlər bu prizmadan yanaşmalı, birgə tədbirlər həyata keçirməliyik.
Ona görə də təklif edirəm ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməli və konfransın yekun sənədində bununla bağlı müvafiq bəndlər öz əksini tapmalıdır. Əminəm ki, İslam ölkələri hər zaman olduğu kimi bu təklifin qəbul edilməsində həmrəylik nümayiş etdirəcəklər”.
Nazir bildirib ki, bu gün ölkəmiz öz inkişaf dövrünü yaşayır və bu inkişaf bütün sahələrdə özünü göstərməkdədir: “Azərbaycan dövləti öz imkanlarından istifadə edərək mədəniyyət sahəsində islahatlar həyata keçirir. Ölkəmizin bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işləri aparılır, onlar ən müasir texnologiyalarla təchiz edilməkdədir.
Bu gün biz İslam mədəniyyəti tarixində və islam xalqlarını mədəni həyatında çox mühüm bir hadisəni qeyd edirik. İnanıram ki, burada müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcək”.