“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.06.2009, 11:10
445

İsrail-Azərbaycan əməkdaşlığı bütün sahələrdə inkişaf etdiriləcək

A- A+

İki ölkə prezidenti əlaqələrin geniş spektrini müzakirə ediblər, tərəflər arasında iki saziş imzalanıb

İyunun 28-də İsrail prezidenti Şimon Peres Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İsrail prezidenti Şimon Peres arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. Görüşdən sonra iki ölkə arasında iki sənəd imzalanıb. 

AzərTAc-in məlumatına görə, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İsrailin elm və texnologiya naziri Daniel Herşkovitz imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”ə isə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İsrailin milli infrastruktur naziri Uzi Landau imza atıblar.

İkitərəfli sazişlərin imzalanmasından sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış ediblər.

“Əminəm ki, İsrail prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrimizin uğurlu inkişafında çox önəmli rol oynayacaq”.
Bu fikri Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Pereslə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda vurğulayıb.

Danışıqlarda iqtisadiyyatın inkişafına dair məsələlərin də müzakirə olunduğunu qeyd edən dövlət başçısı iki ölkə arasında birgə ticarət dövriyyəsinin həcminin artmaqda olduğunu, bu rəqəmin ötən il 3,6 milyard dollara çatdığını söyləyib.

Prezident kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox yaxşı perspektivlərin olduğunu bildirib, ölkələrimizin bu sahələrdəki nailiyyətlərindən danışıb, müsbət meylin gələcəkdə inkişaf etdirməyin planlaşdırıldığını söyləyib.

Ölkələrimiz arasında enerji sektorundakı əlaqələrə toxunan dövlət başçısı bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib. O, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib.

Prezident İ. Əliyev yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və dostluq şəraitində yaşadığını vurğulayıb: “Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar, əslində, İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər”.

Prezident danışıqlarda regional məsələləri, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdiklərini deyib: “Mən cənab prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət haqda məlumatlandırdım. Əfsuslar olsun ki, atəşkəsin əldə edilməsindən 15 ildən çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir”.

Dövlət başçısı səfər zamanı qəbul ediləcək qərarların və əldə olunacaq razılaşmaların ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağını əminliyini ifadə edib.

İsrail prezidenti Ş. Peres isə bəyanatında Azərbaycana vurğun olduğunu bildirib. O, ölkələrimiz arasında oxşarlıqların mövcudluğunu diqqətə çatdırıb: “Ölkələrimiz ərazicə kiçik olsa da, insanlarımızın qəlbi çox genişdir”.

İsrail dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişə nəticəsində yaranmış işğal faktına da münasibət bildirib: “İşğala baxmayaraq, Siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri məcburi köçkündür və Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz”.

Ş. Peres iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanda yüksək tolerantlıq mühitinin olduğunu qeyd edib.

İsrail prezidenti Azərbaycan yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdarlığını bildirib: “Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar”.

Şimon Peres Azərbaycana ilk rəsmi səfərə böyük nümayəndə heyəti ilə gəldiyini nəzərə çatdırıb: “Nümayədə heyətinin tərkibində 3 nazir var. Bundan əlavə, Azərbaycana 50-yə yaxın nüfuzlu iş adamı da gəlib. Onlar bizim münasibətlərimizi daha da dərinləşdirmək və zənginləşdirmək fikrindədirlər. Bu, qarşılıqlı olmalıdır. Biz qarşılıqlı fayda naminə birgə çalışmalıyıq”.

İsrail prezidenti Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib.

 

          İsrail prezidenti Dillər Universitetinin tələbə-müəllim heyəti ilə görüşüb

İyunun 29-da ölkəmizdə rəsmi səfərdə olan İsrail prezidenti Şimon Peres Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və tələbələr ilə görüşmüşdür.

Universitetin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov ali qonağı müəllimlər və tələbələr adından səmimi salamlamış, bu ali məktəbin fəaliyyəti və strukturu barədə ona məlumat vermişdir.

Səməd Seyidov demişdir: “Universitet bir çox dillər, o cümlədən ivrit dili üzrə mütəxəssislər hazırlayır. Bizim ali məktəbdə İsrail mərkəzi açılmışdır. Əlbəttə, neft və qaz iqtisadi münasibətlərin inkişafı üçün çox vacibdir, lakin mədəni əlaqələr və təhsil də bundan az vacib deyildir”.

Rektor bildirmişdir ki, Nobel mükafatı laureatı olan İsrail Prezidenti ilə görüşə təkcə Dillər Universitetinin deyil, Azərbaycanın bir çox digər ali məktəblərinin tələbələri də gəlmişlər. Səməd Seyidov sonda demişdir: “Hesab edirəm ki, bu görüş bir-birimizi daha yaxşı anlamağımıza kömək edəcəkdir”.

Sonra İsrail Prezidenti Şimon Peres tələbələrin suallarını cavablandırmışdır. Universitetin İvrit bölməsində təhsil alan tələbələr İsrail prezidentinə sualları onun doğma dilində vermişlər.

Görüşün sonunda Azərbaycan Dillər Universitetinin rektoru qonağa xatirə hədiyyəsi – ali məktəbin fəaliyyəti haqqında albom təqdim etmişdir.

Xəbərlər
Redaktorun seçimi