Tehran mətbuatı Azərbaycanı hədəf alıb
İranın kütləvi informasiya vasitələri Azərbaycanın İsraillə münasibətlərlərini sərt şəkildə ittiham edirlər
Iran hökumətinə bağlı qəzet və saytlar Israil prezidentinin Bakıya gözlənilən səfərinə cavab tədbirləri təklif edir. Rəsmi Tehranın nəzarətində olan mətbu orqanlar hər zaman Azərbaycan Respublikasına qarşı qərəzli çıxışları və düçmənçilik mövqeləri ilə seçiliblər.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyin bərpa etdiyi gündən indiyə kimi fars dilli mətbuatı izləyənlərin Azərbaycanla bağlı hər hansı obyektiv və tərəfsiz bir yazı və çıxışa rast gəlmələri demək olar, imkansızdır.
Həmin mətbu orqanlar təkcə Azərbaycan hökumətinə qarşı deyil, Azərbaycan dövlətçiliyinin maraqları yönündən çıxış edən müxalifət partiyalarına qarşı da eyni mövqeyi sərgiləməkdədirlər.
Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Milli Istiqlal partiyaları Tehran mətbuatının daimi hədəfindədirlər və “sionizmə bağlı pantürkist” qurumlar kimi təqdim edililər. Bu günlərdə isə Israil prezidenti Şimon Presin yayda Bakıya səfər edəcəyi haqda məlumatın yayılması rəsmi Tehranın məlum mətbu orqanlarının əlinə Azərbaycana qarşı yeni təbliqat kampaniyasına başlamaq üçün bəhanə verib.
Birbaşa və ya dolayısıyla Tehran rejiminin nəzarətində olan, bir neçəsi isə Tehran xüsusi xidmət orqanlarının qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərən qəzet və saytlar əsas məqalə və şərhlərini Azərbaycan-Israil münasibətlərinə həsr ediblər.
Bunlardan “Aftab”, “Keyhan”, “Ittilaat”, “Etimadi milli” qəzetləri, habelə “Tabnak” və “Aftab” saytları bu yöndəki fəaliyyətləri ilə başqalarından daha çox fərqlənirlər. Bu arada “Səhər” kanalının da öz yeri var.
Bu qəzet və saytlar Azərbaycan-Israil münasibətlərini şərh edərkən öz köhnə adətlərinə sadiq qalaraq Azərbaycan Respublikasını bölgədə “Sionizmin ikinci təhlükəli yuvası” adlandırıb, Tehranı buna qarşı daha ciddi addımlar atmamaqda günahlandırırlar.
Ötən həftə yuxarıda adlarını çəkdiyimiz mətbuat orqanlarının səhifələri Tehran rejiminin Azərbaycana qarşı təzyiq imkanlarının araşdırılması, bu təzyiq vasitələrindən necə istifadə edilməsi yönündəki “məsləhət” və “təklif”lərlə zənginləşdirilib. “Aftab” qəzeti Israilin Bakıda səfirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın Israildə səfirliyinin açılmamasını rəsmi Bakının Irandan çəkinməsi ilə əlaqələndirir.
Bunu uğurlu siyasət adlandıran qəzet təklif edir ki, Iran Bakı-Tələviv əlaqələrini məhdudlaşdırmaq üçün Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı hava və quru əlaqələrini əngəlləsin. Bunu təsirli təzyiq vasitələrindən biri kimi vurğulayan qəzet, bu vasitə ilə həm də Naxcivan əhalisinin hökumətə qarşı ciddi etirazlarına nail olunacağını önə sürür.
Islam Inqilabı Keşikçiləri korpusunun keçmiş komandiri, 10-cu dövr prezident seçkisinə namzədliyin irəli sürmüş Möhsün Rzayinin rəhbərlik etdiyi “Tabnak” saytı isə daha irəlilərə gedir.
Həmin saytda məsələ ilə bağlı verilən təhlil və məqalələrdə Azərbaycan-Israil əlaqələrinin genişləndirilməsi qarşılığında Iran-Ermənistan əlaqələrinin daha da möhkəmləndirilməsi təklif olunur. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsindən rəsmi Tehranın öz maraqları adına və Bakıya təsir vasitəsi kimi istifadə olunması məsləhət görülür.
Tehran-Irəvan münasibətlərinin hansı səviyyədə olduğunu nəzərə alsaq, bu təklif ancaq iki ölkənin birləşərək konfederasiya qurmaları anlamına gələ bilər. “Tabnak” Azərbaycana qarşı tədbirlərdə Rusiya ilə əməkdaşlıq imkanlarını yenidən araşdırmağı da təklif edir.
Bu mətbu orqan sonda özünün əsl hədəfini ortaya qoyur: Azərbaycanda yaşayan “dindar kəsim” hərtərəfli himayə edilməlidir. Sayt indiyə kimi bu yöndəki fəaliyyətin qənaətbəxş olmadığından narahatlığını bildirir.
Mövzuya dair:
Özgə gözündə tük axtaran İran
Yaxud Şimon Pereslə Serj Sərkisyanın fərqi barədə
İsrail prezidenti Şimon Peresin Bakıya dəvət edilməsi cənub qonşumuzu qəzəbləndirib. Rəsmi Tehran öz silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzaabadinin dilindən Bakıya belə bir mesaj göndərib ki, bu dəvət “müsəlmanlara qarşı xeyirxah iş deyil və Azərbaycanın İranla dostluq münasibətlərinə ziddir”.
Tehranın Azərbaycanı generalla qorxutmaq istəməsi təbii ki, yersiz və qabaqdangəlmişlikdir. Ən əvvəl ona görə ki, İsrailin baş naziri və xarici işlər naziri də daxil, yüksək çinli rəsmiləri İranın digər müsəlman qonşusu Türkiyəyə dəfələrlə səfərlər ediblər. Amma nədənsə bu, Tehranda qıcıq və maraq doğurmayıb. Yəqin o səbəbə ki, Türkiyə İran üçün Azərbaycan kimi zəif dövlət deyil.
Yaxud əgər Tehran Azərbaycanın şiə ölkəsi olduğunu əsas gətirərək qıcıqlanırsa, o zaman ortaya xeyli sual çıxır: əcəba, şiə İranı şiə Azərbaycanın torpaqlarını işğal etmiş və 1 milyon şiəni yurdundan didərgin salmış Ermənistanla niyə 20 ildir isti münasibətdədir? Niyə, nə səbəbə İran təcavüzkara dış qıcamaq əvəzinə, qucaq açır? Nə üçün və kimin acığına işğalçı ölkənin terrorçu prezidentini, əli Xocalı körpələrinin qanına batmış Serj Sərkisyanı Tehrana dəvət edir, yüksək səviyyədə ona qəbul düzənləyir, onu bağrına basır? İranın “müsəlmançılıq” anlayışı zatən bumu?
Öz gözündə tiri görməyib də, başqasının gözündə tük axtaran cənub qonşumuzun başbilənlərinə daha bir sual: özünü bizə qardaş ölkə sayan İran bilirmi ki, əgər o da Türkiyə kimi Ermənistanla sərhədlərini bağlı saxlasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan, həm də ədalətli həllini tapmışdı? (Eks-prezident Levon Ter-Petrosyan necə demişdi, “İran bizimçün nəfəslik rolundadır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan boğular”). Sözümüzün canı odur ki, İran-Ermənistan dostluğu məgər generalın dediyi “İran-Azərbaycan dostluq münasibətlərinə” zidd deyil ki?
Üçüncü yandan, fələstinlilərə qarşı Təl-Əviv hökumətinin zorakılıqlarını zaman-zaman biz də pisləmişik, pisləyəcəyik də. O cümlədən bu ilin əvvəlində Qəzzada törədilən qətliama ən sərt reaksiya verənlərdən biri qəzetimiz olub. Ancaq Azərbaycan torpaqlarını Ermənistan işğal edib, İsrail yox...
Rəsmi Tehran İrəvanla isti münasibətlərinə tez-tez belə izah verir ki, o, bütün qonşularla normal münasibətlərin tərəfdarıdır və bu siyasət bölgədə sülhün, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Yenə sual: Ermənistanla “normal münasibətlər” quran Tehran ötən 18 ildə Qarabağ məsələsində hansı köməyi göstərib, müsəlman ölkənin torpaqlarının azad edilməsi üçün öz nüfuzundan istifadə edərək, İrəvana hansısa təsir-təzyiq göstəribmi?
Əsla. Çünki İranın Ermənistanla ilişgiləri genişləndirməkdə həmişə bir məramı olub - Azərbaycanın Qarabağ ixtilafından qurtulub güclənməsinə, Güney məsələsinə daha təsirli müdaxilə etməsinə imkan verməmək; münaqişəni “Domokl qılıncı” kimi başımız üstündə saxlamaq. Bu və yalnız bu.
DAK.az, 22.05.2009.