“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.08.2010, 19:04
436

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə

A- A+

Milli Qəhrəman Mübariz İbrahimov haqqında ilk sənədli film uğurlu alınıb

…İctimai Televiziyanın belə bir sənədli filmi çəkib başa çatdırması barədə xəbər qəfil yayıldı. Buna qədər kütləvi informasiya vasitələrində nüfuzlu deputatlarımızdan birinin dəstəyi ilə Milli Qəhrəman Mübariz İbrahimov haqqında film hazırlığına başlandığı və hətta sentyabrda onun efirə çıxarılacağı xəbər verilmişdi. Adama elə gəlirdi ki, həmin layihə haqqında məlumat telekanalları Vətənin ən yeni qəhrəmanının ekran obrazını yaratmaq cəhdindən çəkindirir və hamı vəd olunan filmi gözləyir.

Amma İctimai TV yenə öz məramına sadiq qaldı: ölkənin birinci kanalı olaraq, çox qısa vaxt ərzində qəhrəman Mübariz haqqında ilk sənədli filmi çəkib ictimaiyyətə təqdim etdi.

Avqustun 23-də telekanalın səhər efirində - «Yeni gün» verilişində tamaşaçılar filmin yaradıcıları, onların rəy və təəssüratları ilə də tanış oldular, gənc şəhidin böyük qəhrəmanlıqla bitən şərəfli ömür və döyüş yolu barədə filmə də baxdılar.

Yenə İctimai TV ənənələrini xatırlatmalı olacağıq: hay-küydən, pafosdan, didaktikadan uzaq, aydın, səlis mətn, dürüst diksiya, məkan və hadisələrin obyektiv təsviri… Ssenari müəllifi Müsəllim Həsənovun elə həmin verilişdəcə vurğuladığı kimi, filmin yaradıcıları vətənpərvərlik haqqında pafoslu çağırışlardan imtina edərək, Mübariz İbrahimovun real obrazını və qəhrəmanlığını canlandırmağa, «hadisələrin bərpası»na üstünlük veriblər.

Atəşkəsin on altı ildən bəri davam etməsi bizi müharibə əhval-ruhiyyəsindən, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda həlledici savaşa qalxmaq istəyindən uzaqlaşdırmayıb. Bu dövrdə ölkəmizdə böyüməkdə olan nəslin qəlbinə və yaddaşına vətənin bölünməzliyini təmin etmək, əzəli yurd yerlərimizi işğaldan qurtarmaq, düşməndən intiqam almaq arzusunun hakim kəsildiyini gizir Mübariz İbrahimov bir daha Azərbaycanı sevənlərə də, sevməyənlərə də nümayiş etdirdi.

Filmin yaradıcıları bu ideyanın bədii-publisitik həllini bacarıqla taparaq, sadə, amma dinamik və təsirli televiziya dili ilə onu tamaşaçılara çatdıra biliblər. Son iki ayda ölkəmizdə bəlkə də hamının dilinin əzbərinə çevrilmiş fakt və hadisələrin cəmi on beş dəqiqəlik vaxt çərçivəsinə sığan yığcam audiovizual ifadəsini vermək, böyük qəhrəmanlığı yığcam teletarixçəyə çevirmək, təbii ki, asan iş deyil. Ssenaridəki lakoniklik, iştirakçıların yığcam, təmkinli təhkiyəsi, qəhrəmanın bioqrafiyasını, şəxsiyyətini, həyat ideallarını, arzu, istək və düşüncələrini səciyyələndirən ən konkret ştrixlərin, detalların seçilərək, filmin leytmotivinə uyğun şəkildə məntiqi ardıcıllıqla yerləşdirilməsi, təsvirlərin bəzən odlu-alovlu döyüş səhnəsi kimi iti, bəzən də şəhidlik anı kimi həzin dinamizmi tamaşaçını axıradək diqqətli olmağa, təfərrüatları yadda saxlamağa vadar edir.

Belə uğurlu işə görə həm İctimai TV-nin rəhbərliyini, həm də filmin bütün yaradıcı-texniki heyətini təbrik etmək olar. Vətənin igid oğlunun ölməz ruhuna hədsiz ehtiramın təcəssümü olan bu film üzərində çalışanların - ssenari müəllifi Müsəllim Həsənovun, rejissor Ruslan Hüseynovun, operator Manaf Quliyevin və başqalarının öz peşəkarlıq imkanlarından maksimum istifadə etdiyi danılmazdır.

Əminliklə demək olar ki, İctimai TV-nin «Mübariz» filmi gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində təsirli rol oynaya biləcək bir telelayihədir və onu disklərə köçürüb ümumtəhsil məktəblərinə çatdırmaqda, üzümüzə gələn tədris ilinin ilk dərslərində şagirdlərə nümayiş etdirməkdə böyük fayda olar.

Yeri gəlmişkən, filmdən əvvəl yenə Mübariz İbrahimov haqqında telekanal rəhbərliyinin təşəbbüsü ilə yazılmış mahnının və ona çəkilmiş klipin də təqdimatı oldu. Bəstəkar Faiq Sucəddinov və şair Baba Vəziroğlunun birgə yaradıcı əməyinin məhsulu olan bu mahnı qəhrəman Mübarizin vətən sevgisi, hünər və rəşadəti ilə həmahəng səslənir, hər birimizi mübarizliyə çağırır.

Təbii ki, qeyrətli oğul və qızlarımız bundan sonra da xalqımızın qəhrəmanlıq tarixinə yeni-yeni səhifələr yazacaqlar. Bu səhifələri təkcə mənəvi deyil, həm də sənədli və ya bədii film, ədəbi-publisistik əsər, populyar musiqi parçası kimi maddi sərvətə çevirmək çox gərəkli, vacib və dəyərli işdir. İctimai TV-nin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında gördüyü iş kimi…

Elşən Əliyev,

«Azərbaycan işıqları» qəzetinin baş redaktoru 

 

 

Xəbərlər
Redaktorun seçimi