“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.06.2009, 11:38
489

“Qarabağın qan canağı”

A- A+

Rus yazıçısı Yuri Pompeyevin kitabının elektron versiyası “Xocalıya ədalət” vebsaytında yerləşdirilib

12 iyun - Rusiyanın Milli günündə “Xocalıya ədalət” beynəlxalq kampaniyanın vebsaytında tanınmış rus yazıçısı və publisisti, professor Yuri Pompeyevin “Qarabağın qan canağı” kitabının elektron versiyası yerləşdirilib. 

İslam Konfransı Gənclər Forumundan verilən məlumata görə, tarixi-publisistik janrda, sənədlər və müəllifin Qarabağ münaqişənin başlanmasında rolu olmuş siyasi xadimlərdən götürdüyü müsahibələr əsasında yazılmış bu kitab münaqişənin obyektiv təhlilinə həsr edilib.

Bu kitabda Ermənistanın Azərbaycana qarşı təcavüzünə yol açan Sovet rəhbərliyinin yürütdüyü məsuliyyətsiz və cinayətkar siyasətinin mahiyyəti açıqlanıb.

Y. Pompeyev keçən əsrin 80-ci illərinin sonlarından etibarən Qarabağ həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində öz çıxışları və əsərləri ilə mübarizə aparmaqdadır. “Qarabağın qan canağı” kitabı “Xocalı, qanlı hadisələr” və “Məşəqqətli günlər“ kitablarından ibarət trilogiyanın 1-ci hissəsidir.

Adı çəkilən kitabda Sovet İttifaqı rəhbərliyində münaqişənin alovlanmasına təkan verən pərdəarxası qüvvələrin fəaliyyəti, xüsusilə Qorbaçovun Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi istiqamətində fəaliyyət aparan erməni lobbisi ilə münasibətlərindən bəhs edən faktlar öz əksini tapıb.

“Xocalıya ədalət” kampaniyası Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri və İslam Konfransı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb və son məqsəd olaraq Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi tanınmasına yönəlib.

İKGF ofisindən xəbər verildiyi kimi, yaxın gələcəkdə adı çəkilən kitabın ingilis dilində versiyası və Qarabağ münaqişəsi ilə bağlı müəllifin digər 2 kitabı nəşrə hazırlanır.

Xəbərlər
Redaktorun seçimi