“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.08.2009, 09:44
418

Əhməd Obalı: "Güneylilərin səsini dünyaya çatdıra bilmişik"

A- A+

"Gün.Az.TV-nin əsas hədəflərindən biri tariximizin öz dilimizdə təhrif olunmadan təbliğidir"

Bu günlərdə ABŞ-dan yayınlanan Güney Azərbaycan Televiziyasının (Gün.Az.TV) fəaliyyətə başlamasının 4 ili tamam olub. 

Bu illər ərzində televiziya Güney Azərbaycanda milli oyanış prosesinə, milli kimlik uğrunda mübarizəyə böyük dəstək verib, güneyli soydaşlarımızın hüquqlarının pozulması, ümummilli problemlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Gün.Az.TV-nin gələcəklə bağlı planları daha genişdir.

Bu barədə "525"ə müsahibəsində televiziyanın rəhbəri Əhməd Obalı məlumat verib.

- Əhməd bəy, Gün.Az.TV ötən dörd ildə qarşısına qoyduğu məqsədə nail ola bildimi?

- Bu illər ərzində bizim televiziyanın əsas hədəfi Güney Azərbaycanın səsini, Qarabağ problemini dünyaya çatdırmaq olub. Fəaliyyətimizin prioriteti güneydəki soydaşlarımızın mədəni və insan hüquqlarının təmin olunmasıdır. Biz Güney azərbaycanlılarının insan hüquq və azadlıqlarının qorunması istiqamətində çalışırıq. Eyni zamanda fəalliyyətimiz tək Güney Azərbaycanla bitmir. Ümumilikdə Azərbaycanın, türk dünyasının problemlərinə diqqət göstərməyə, Azərbaycan mədəniyyətini, ədəbiyyatını təbliğ etməyə çalışırıq.

Mən düşünürəm ki, fəaliyyətimizi qənaətbəxş adlandırmaq olar. Çünki Güney Azərbaycanın səsini dünyaya yayacaq başqa bir televiziya və radio yoxdur. Millətin oyanması, onların öz hüquqularının pozulmasına reaksiyaların gəlməsində televiziyanın az da olsa rolu olub. Güneylilərin səsini dünyaya çatdıra bilmişik. Nəticədə isə İranın təzyiqləri ilə altında bir peykdən başqasına keçməyə məcbur olmuşuq.

- Bəs hazırda televiziyanın fəaliyyəti üçün nə kimi çətinliklər var?

- Televiziya yarandığı gündən bir çox maneələrlə rastlaşmışıq. Çünki İran azad, sərbəst televiziyanın olmasını istəmir. Amma ABŞ-da olduğumuz üçün onlar bizə o qədər də maneəçilik yarada bilməyiblər. Sadəcə TÜRKSAT-dan yayımlandığımız zaman onda İranla Türkiyə arasında bağlanan müqavilələrə əsasında bizi bu peykdən çıxardılar. TÜRKSAT-da auditoriyamız daha çox idi. Biz İran rejiminin müxaliflərinin də xoşuna gəlmirik. Çünki fars hegemonluğunu istəyən müxaliflər əvvəllər onun bağlanması üçün çox çalışırdılar. Amma heç nəyə müvəffəq olmadılır.

Bayaq qeyd etdiyim kimi, fəaliyyətimiz yalnız cənubla məhdulaşmır. Biz Qarabağ məsələsindən, erməni daşnaklarının cinayətlərindən, Xocalı soyqırımından danışanda Amerika erməniləri çox çalışdı ki, televiziyanı bağlasınlar. Amma onların da istəyi baş tutmadı. Maneələrin heç biri indiyə kimi televiziyanın fəaliyyətinin qarşısını ala bilməyib və ala da bilməyəcək. Bizim əsas problemlərimizdən biri maliyyə məsələsidir. Reklam ala bilmirik, məcburuq həmvətənlərimizin köməyi ilə ayaqda qalaq.

- İrandakı soydaşlarımzın mədəni hüquqlarının tapdanması, milli fəalların həbsi ilə bağlı məsələləri qaldıranda, buna beynəxalq ictimaiyyətdən gələn reaksiyalar barədə nə deyə bilərsiniz?

- Gün.Az.TV-nin başlıca hədəfi maarifləndirmədir. 80 ildir bizim millətimizə hərtərəfli hücumlar var. Yəni varlığımızı, onun kökü sayılan ana dilimizi məhv etmək istəyirlər. Dövlətin əsas siyasəti bunun üzərində qurulub. Ən çox istənilən, baxılan proqramlarımız canlı yayında olur. Canlı yayında mövzunu seçir və bu mövzu haqqında söhbət açırıq. Telefonları açıq qoyuruq, həmvətənlərimiz-istər Güneydən, istərsə də Quzeydən zəng edib fikirlərini bildirirlər. Heç bir senzura olmadan, mövzu ətrafında söhbətlərimizi davam etdiririk. İranda yaşayan azərbaycanlılar haqqında yuxarıda qeyd etdiyim kimi, daha çox danışırıq. Çünki cəmiyyətimizin çoxu oradadır. Hər gün Təbriz vaxtı ilə saat 8-də biz Ana dili dərsi veririk.

Əvvəllər təzyiqə məruz qalan milli fəallarımızın səsini yaymaq üçün heç bir tribunamız yox idi. Ona görə İran rejiminin əli daha açıq idi, istədiyi zülmü edirdi. Televiziya sanki bir pəncərə oldu. İndi biri həbs edilibsə, insanlar bizə bu barədə xəbər verirlər. Biz bunu televiziyada yaymaqla bərabər, insan haqları təşkilatlarına da göndəririk. Bu televiziyanın fəaliyyəti ilə həm də millət özünü unudulmuş saymır.

Gün.Az.TV psixoloji, mənəvi baxımdan millətə dayaqdır. Televiziyanın hədəflərindən biri də tariximizin öz dilimizdə təhrif olunmadan təbliğidir. İrandakı dərsliklərdə tariximiz təhrif olunur. Uşaqlara saxta tarix öyrədirlər. Biz həftədə bir dəfə tariximizlə bağlı proqram yayımlayırıq. Bu mənada müəyyən hədəflərə çatmışıq və mübarizə davam edir.

- ABŞ həm də erməni diasporunun güclü olduğu dövlətlərdəndi. Bu mənada diaspora işini, erməni təbliğatına qarşı mübarizəni necə qurursunuz?

- Biz Güneydən danışanda Quzeyi də unutmuruq. Gün.Az.TV Azərbaycan diasporunun dünyada yeganə televiziyasıdır. Biz peyk vasitəsi ilə Avropaya, Orta Şərqə yayımlanırıq, internetlə isə bütün dünyada canlı yayımla bizi izləyə bilirlər. Televiziyanı dəstəkləyənlərin 90 faizdən çoxu dünyada yaşayan azərbaycanlılardır. Bu televiziyanın yaranması istər-istəməz diasporu bir az hərəkətə gətirdi. Çünki onlar da gördülər ki, bu fəaliyyət lazımdır. Televiziyanın açılmasının kənar təsirləri də var. Bu da millətin müsbət mənada həyəcanlanıb müəyyən işlər görməsidir. İndi insan haqlarını qoruyan beynəlxalq təşkilatlarda İrandan danışanda, Azərbaycan məsələsi mütləq gündəmə gətirilir. Bu isə həmin istiqamətdə fəaliyyət göstərən həmvətənlərimizin işlərinin nəticəsidir.

Dağlıq Qarabağ həqiqətləri ilə bağlı verilişlərimiz olub. Azərbaycanın tarixi əraziləri olan Borçalı, Dərbənd, Kərkük haqqında verilişlər hazırlamışıq. Borçalı haqqında həftədə bir gün proqramımız efirə gedir. Bütövlükdə türk dünyası haqqında proqramlar hazırlayırıq. Türk dünyasının istənilən bölgəsindəki problem diqqətimizdən kənarda qalmır.

- İranda keçirilən seçkilər ərəfəsində bəzi namizədlər azərbaycanlılarla bağlı vədlər verdilər və indiki hakimiyyətin bu istiqamətdə fəaliyyətini tənqid etdilər. Necə hesab edirsiniz, Əhmədinejad hakimiyyətinin ikinci dövründə həmin tənqidlərdən nəticə çıxarıb, azərbaycanlıların mədəni hüquqlarının bərpası istiqamətində siyasətində hər hansı dəyişiklik edəcəkmi?

- Hansı vədlərin verilməsəinə baxmayaraq, qəbul etmək lazımdır ki, nəticə etibarilə bu sistemin içindən çıxan heç bir şəxsin Azərbaycan məsələsində səmimi olaraq bir fikri yoxdur. Yəni istər hazırki prezident, istər Xatəmi, Musəvi və başqası olsun. Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, sistem elə qurulub ki, onda hər hansı bir dəyişiklik bu sistemin tarazlığını pozar. O dəyişikliklərdən biri də millətlərin mədəni hüquqlarının bərpa olunmasıdır. İranın konstitusiyasına görə, hər bir xalq fars dili ilə bərabər öz dilində təhsil ala bilər. Amma bu qanundan danışmaq belə, günah sayılır.

İranı elə bir rejim idarə edir ki, orada Anayasanın icrasını tələb etmək günah sayılır. Bizim milli fəalların hamısı İran qanunları çərçivəsində hüquqlarının bərpasını istəyirlər. Kimsə qanunu pozmaq istəmir. Amma hamısı tutulur, zindana salınır. Qəbul etmək lazımdır ki, Əhmədinejad soydaşlarımıza qarşı çox qəddarıdır. Hesab edirəm ki, Əhmədinejaddan sonra hakimiyyətə kim gəlsə, ümumən İranda, dövlətin siyasətində bir yumşalma olacaq. Bu şəraitdən istifadə edib bizim fəallar bəlkə nəyəsə nail ola bilərlər.

- İran rəsmiləri tez-tez belə fikir söyləyirlər ki, azərbaycanlılar heç nədən narazı deyillər və hər hansı ayrı-seçkiliyə məruz qalmırlar. Baş verənləri isə xarici qüvvələrin təsiri ilə əlaqələndirirlər. Bu yanaşmaya münasibətiniz necədir?

- İranda yazılmamış bir qayda var ki, məmləkətdə hər hansı problem olarsa, xalq tələblərlə çıxış edərsə, hakim rejim ona cavab vermək istəmir və bunu başqa ölkələrin üzərinə atır. Əgər azərbaycanlılar ayrı-seçkiliyə məruz qalmırlarsa, nədən soydaşlarımız İranda digər xalqlara nisbətən çoxluq təşkil etdiyi halda, dili qadağan olunur, tarixi təhrif edilir? Nədən milli fəallarımızı zindanlara doldurublar?

Təbrizdə 2 milyondan çox azərbaycanlı yaşayır, amma onlar Azərbaycan dili ilə bağlı bir tədbir keçirə bilmirlər. Azərbaycanlılar Təbriz Universitetində başqa dilləri öyrənə bilirlər, niyə ana dillərini öyrənə bilmirlər? Ermənilər İranda məktəbdən başlayaraq ana dilində dərs ala bilirlər. Ermənilərin sayı bütün İranda 100 min deyil. Onların bütün hüquqları qorunur, amma Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncanda azərbaycanlılar üçün doğma dildə bir məktəb açmaq isə günah sayılır. Onlar kimin boynuna atırlarsa atsınlar, günah İranın özündədir.

Yeni texnologiya əsrində yaşayırıq. Qədim dövr deyil ki, bir kəndin, şəhərin ətrafına hasar çəkib insanları qıralar. O zaman keçib. İran rejimi başa düşməlidir ki, milləti bundan artıq əzmək olmaz. ABŞ, Rusiya bizim dilimizi qadağan etməyib ki! Bunu İranda edirlər, məsələ də burada həllini tapmalıdır. Bütün bunların səbəbi isə İranda türklərə qarşı tarixi nifrətin olmasıdır. Bu nifrət isə İranı dağılmaya doğru aparır. Hakimiyyətə gələn də, müxalifət də bu nifrətdən əl çəkə bilmir. Baxmayaraq ki, İranın qorunmasında, abadlaşmasında ən çox zəhmət çəkən azərbaycanlılar olub.

- Əhməd bəy, televiziyanızın qarşıda nə kimi planları var?

- Çalışırıq ki, fəaliyyət dairəmizi genişləndirək. Televiziyaya lisenziya aldım və sentyabr ayında sənəd əlimizdə olacaq. Sonra biz Avropanın hər hansı bir ölkəsində rəsmi televiziya kimi fəaliyyət göstərə biləcəyik. Bu bizə Avropa peyklərindən də istifadə şansını verir. Çünki Avropa peykləri İranda daha yaxşı tutur. Bu böyük nailiyyət olmaqla yanaşı, bizi vadar edəcək ki, proqramlarımızda da yeniliklər eləyək, maarifləndirmə prosesini daha da gücləndirək. Ədəbiyyatımız, dilimiz, tariximiz haqqında, Azərbaycan rəqsləri ilə bağlı dərslər olacaq.

Bizim şimalımızın dərdi isə Qarabağdır. İranın prezidentliyə namizədləri gəlib Təbrizdə Qarabağ məsələsindən danışırlarsa, bu, həm də bizim televiziyanın fəaliyyətinin nəticəsidir. Əvvələr belə deyildi. Prezidentliyə namizəd Möhsün Rzayi Təbrizdə dedi ki, İranın xarici siyasəti düz olsaydı, Qarabağ işğal edilməzdi, ona görə siyasətimizi düzəltməliyik. Bu onu göstərir ki, onlar Qarabağın işğalında İranın səhfini etiraf edirlər, ikincisi, onu Təbrizdə deməklə göstərir ki, təbrizlinin əsas dərdlərindən biri də Qarabağdır. Buna görə də biz həm şimal, həm cənub, həm də diaspor məsələsində fəliyyətimizi daha da genişləndirəcəyik.

P.Sultanova, “525-ci qəzet”, 22.08.2009.

Xəbərlər
Redaktorun seçimi