Qarabağda icmalararası dialoq mövzusunda məqalə müsabiqəsi
Millət vəkili Rövşən Rzayev qalib tələbələri mükafatlandırıb
Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb.
Dünya Biznes Mərkəzində keçirilən tədbirdə millət vəkili, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü Rövşən Rzayev qalib tələbələrlə görüşüb və onları təbrik edib, tələbələrlə fikir mübadiləsi aparıb.
Rövşən Rzayev “Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusunda məqalələr arasında ən yaxşı on yazını mükafata layiq görüb.
Millət vəkili Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpasından danışarkən qeyd edib ki, Azərbaycanın erməni xalqı ilə düşmənçiliyi yoxdur, Ermənistan dövləti və rəhbərliyi ilə düşmənçiliyi var. O, Azərbaycanın hər zaman Ermənistanla dialoqa hazır olduğunu qeyd edərək bildirib ki, bunun dünyaya çatdırılmasında gənclərin üzərinə böyük məsuliyyət düşür.
“Bəzən görürsən ki, küçədə aparılan sorğularda gənclər çox “piyada” cavab verirlər. Buna görə də tələbələr dərslərini yaxşı oxumalı, bir çox xarici dilləri bilməli, savadlı olmalıdır. Çünki mübarizə apardığımız insanlar çox hiyləgərdir. Onlar heç bir güzəşt haqqında söhbət etməyi belə düşünmürlər”.
Tədbirə qonaq qismində dəvət olunmuş millət vəkili Fuad Muradov tələbələri təbrik edib, onlarla fikir mübadiləsi aparıb.
Deputat eyni zamanda maraqlı təkliflələ də çıxış edib. “İndiyə qədər qalib gəlmiş bütün tələbələri bir yerə yığaq və onları Milli Məclisə aparaq. Onlar görsünlər ki, deputatlar necə işləyir, nə edir. Milli Məclisin böyük kitabxanası var, tələbələr onunla tanış olsunlar”.
Daha sonra Rövşən Rzayev müsabiqədə 1-3-cü yerləri qazanan Pedaqoji Universitetinin tələbəsi Baba Qamətli, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Cahani Nüsrətzadə və Bakı Slavyan Universitetinin tələbəsi Şəhla Samirqızına, həmçinin müsabiqədə fərqlənən daha yeddi tələbəyə mükafatlar təqdim edib.