“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.02.2010, 20:38
465

Xocalı soyqırımını kimlər törədib?

A- A+

Qətliamda iştirak etmiş 38 nəfər barəsində beynəlxalq axtarış elan edib...

Ermənistan və hazırda işğal altında olan Azərbaycan ərazilərindəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib. Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Ermənistan və hazırda işğal altında olan Azərbaycan ərazilərindəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib. Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Hərbi Prokurorluq, həmçinin barələrində beynəlxalq axtarış elan olunmuş ermənilərin adlarını açıqlayıb.

Prokurorluğun məlumatında bildirilir ki, ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürərək qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması ilə azərbaycanlıların kütləvi şəkildə qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası, şəhər və kəndlərimizin, maddi-mədəniyyət abidələrimizin dağıdılması, milli genefondumuzun məhvinə yönəlmiş digər qəsdlər törədiblər.

1991-1992-ci illərdə Xocalıda və digər yaşayış məntəqələrində soyqırımı törədilib, Şuşa şəhəri və başqa çoxsaylı yaşayış məntəqələri işğal edilib, bununla da həmin ərazilərdə etnik təmizləmə əməliyyatları həyata keçirilib. Eyni zamanda, dövlət terrorizmi və genosid siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib.

Təcavüzkar müharibə nəticəsində 20 min Azərbaycan vətəndaşı şəhid olub, 50 min nəfərdən artıq vətəndaşımız yaralanıb və əlil olub, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ərazilərimizin 20 %-nin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 

Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülüb və şikəst edilib. 1988-ci ildən etibarən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar prokurorluq və digər hüquq mühafizə orqanları tərəfindən cinayət işləri başlanaraq istintaq aparılıb. 

Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətlərin istintaq edilməsinin və onlara hüquqi qiymət verilməsinin, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları barəsində beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Baş prokurorun 05 may 2005-ci il tarixli qərarına əsasən, cinayət işlərinə prosessual rəhbərliyin həyata keçirilməsi Azərbaycan Respublikası Hərbi prokuroruna həvalə edilib. Sülh və insanlıq əleyhinə törədilmiş başqa ağır və xüsusilə ağır cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 30 mart 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin Xüsusi istintaq şöbəsi yaradılıb və şöbənin rəisi istintaq-əməliyyat qrupunun rəhbəri təyin olunub. 

Xocalının işğalı ilə əlaqədar 27 fevral 1992-ci ildə 01.09. 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 70-ci (banditizm) maddəsi, 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb və istintaq aparılıb.

İstintaqla müəyyən olunub ki, 1992-ci ilin fevral ayının 26-na keçən gecə saat 22 radələrində Ermənistan hərbi birləşmələri və Dağlıq Qarabağın separatçı erməni silahlı quldur dəstələri Xankəndində yerləşən 366-cı alayın zabit, gizir və əsgərlərinin iştirakı ilə həmin alayın sərəncamında olan müxtəlif çaplı atıcı silahlar və zirehli hərbi texnikalardan istifadə etməklə Xocalı şəhərinə hücum edərək şəhərin yüzlərlə dinc sakinlərini, özünümüdafiə batalyonunun döyüşçülərini, şəhərin özündə, eləcə də, şəhəri tərk edib canını qurtarmaq üçün Ağdam rayonunun ərazisinə getməyə cəhd edən əhalini, o cümlədən, uşaqları, qadınları, qocaları həmin istiqamətdəki yollarda təqib edərək, onların fiziki məhvinə nail olmaq məqsədilə, odlu silahlardan atəş açmaqla, işgəncələr verməklə vəhşicəsinə qətlə yetirib, girov götürüb, dövlət və ictimai idarə, təşkilat və müəssisələri, vətəndaşlara məxsus binaları və əmlakı yandırıb, məhv və talan ediblər. 

Xocalı faciəsi ilə əlaqədar başlanmış cinayət işinin icraatı 31 mart 1994-cü il tarixdə dayandırılıb. Həmin cinayət işinin icraatı 12 iyul 2005-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən təzələnərək bu cinayət işi üzrə əməllər Azərbaycan Respublikası CM-in 103 (soyqırımı), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma) və s maddələrinə tövsif olunub. Həmin vaxtdan sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb, axtarış və mühakimə edilməsi istiqamətində istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi zamanı 350 Xocalı sakini, o cümlədən, 52 azyaşlı uşaq, 111 qadın, 60 yaşdan yuxarı 16 qoca kişi vəhşicəsinə qətlə yetirilib, 371 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 421 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Azərbaycan dövlətinə və ayrı-ayrı vətəndaşlara bütövlükdə 144.730.267 manat və ya 170.270.816 ABŞ dolları məbləğində maddi ziyan vurulub.

Faciə zamanı qətlə yetirilənlərdən 192 nəfəri əslən Xocalı sakini, həmçinin 24 nəfər 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlı qaçqın, 32 nəfər 1988-1989-cu ildə Xankəndi şəhərindən və 35 nəfər Dağlıq Qarabağın digər azərbaycanlılar yaşayan kəndlərindən zorla çıxarılıb məcburi köçkün, 8 nəfəri isə Fərqanə hadisələri zamanı Özbəkistandan köçərək Azərbaycana pənah gətirən Axısxa türkləri olub.

Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetiriblər.

Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı Alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları: baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, erməni qəbrlərinin üstündə azərbaycanlıların başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla işgəncə verilməsi müəyyən edilib. 

İstintaqla, həmçinin müəyyən olunub ki, erməni silahlı qüvvələri və Dağlıq Qarabağın silahlı separatçı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı alayının hərbiçiləri ilə birlikdə törətdikləri bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-nin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.

Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilib ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və MDB-nin Xankəndində yerləşən 366-cı alayın hərbiçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan-döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi qadağan olunması barədə tələblər kobud surətdə pozulub.

Hal-hazıradək aşağıda adları göstərilən 38 nəfərin - 366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.

Barəsində beynəlxalq axtarış elan olunmuş şəxslərin siyahısı: 

Zarviqorov Yuri Yuriyeviç

MDB-yə məxsus 366-cı alayın komandiri

Çitçyan Valeri İsaakoviç

MDB-yə məxsus 366-cı alayın 1-ci  batalyonunun qərargah rəisi

Ayriyan Vaçaqan Qriqoryeviç

MDB-yə məxsus 366-cı alayın kəşfiyyat rəisi

Akopyan Movses Qrantoviç

 

MDB-yə məxsus 366-cı alayın 1-ci batalyonunun 2-ci rotasının komandiri

Abramyan Poqos Qarnuşeviç

Xankəndində 11-ci alayın komandiri

Kisebekyan Qriqoriy Akopoviç

MDB-yə məxsus 366-cı alayın rabitə rotasının komandiri

Arutyunyan Slavik Vadimoviç

MDB-yə məxsus 366-cı alayın 5-ci rota komandiri

İşxanyan Andrey Artyuşeviç

MDB-yə məxsus 366-cı alayın 1-ci rota təchizat vzvodunun komandiri

Beqlaryan Sergey Yurikoviç

MDB-yə məxsus 366-cı alayın 2-ci batalyon, vzvod komandiri

10 

Arutyunyan Kamo Rafaeloviç

MDB-yə məxsus 366-cı alayın təmir rotasının vzvod komandiri

11 

Danielyan Armen Borikoviç

MDB-yə məxsus 366-cı alayın təmir rotasının vzvod komandiri

12 

Qarmaş Viktor Anatoliyeviç

MDB-yə məxsus 366-cı alayın zabiti

13 

Smaqin Aleksandr Vladimiroviç

MDB-yə məxsus 366-cı alayın zabiti

14 

Balyazin Oleq Viktoroviç

MDB-yə məxsus 366-cı alayın zabiti

15 

Beqlaryan Armen Volodiyeviç

MDB-yə məxsus 366-cı alayın 1-ci rotasının baş texniki

16 

Ayrapetyan Aleksandr Aleksandroviç

MDB-yə məxsus 366-cı alayın giziri

17 

Mirzoyan Vaçik Qrantoviç

MDB-yə məxsus 366-cı alayın 2-ci rotanın starşinası

18 

Ayrapetyan Vaçik Qurqenoviç

MDB-yə məxsus 366-cı alayın 3-cü rotanın starşinası

19 

Abramyan Armo Aramoviç

Xankəndi şəhər DİŞ-nin rəisi

20 

Qukasyan Mavrik Araratoviç

Əsgəran RDİŞ-nin rəisi

21 

Aqacanyan Karlen Levonoviç

Əsgəran RDİŞ-nin sabiq rəisi

22 

Barseqyan Şaqen Semyonoviç

Əsgəran RDİŞ-nin rəis müavini

23 

Petrosyan Karo Vaniyeviç

 Əsgəran RDİŞ-nin Yanğın Təhküləsizliyi bölməsinin rəisi

24 

Koçaryan Serjik Sumbatoviç

Xankəndi şəhər həbsxanasının rəisi

25 

Ayriyan Samvel Samurkayeviç

Əsgəran RDİŞ-də müfəttiş

26 

Qriqoryan Edik Emirvaroviç

Əsgəran RDİŞ-nin əməkdaşı

27 

Qriqoryan Ararat Rantikoviç

Əsgəran RDİŞ-nin əməkdaşı

28 

Akopyan Oleq Nikolayeviç

Həsənabad kənd sovxozunun üzvü

29 

Tumasyan Seyran Aprakoviç

Xasq kəndində sürücü

30 

Babayan Georgi Ginikoroviç

Həsənabad kənd sovxozunda sürücü

31 

Qriqoryan Valerik Sergeyeviç

Həsənabad kənd sovxozunun üzvü

32 

Balasanyan Vitaliy Mixayloviç

DQMV erməni xalq cəbhəsinin sədri

33 

Mirzoyan Maksim Mixayloviç

Stepanakert şəhəri 2718 saylı avtobazanın rəisi  

34 

Babayan Bahadur Giniqoroviç

Əvvəllər Xocalıda yaşamış

35 

Manqasaryan Artik Qurgenoviç

Əsgəran rayonu, Daşbulaq kənd sakini

36 

Kaqramanyan Hamlet Asriyeviç

Əsgəran rayonu, Daşbulaq kənd sakini

37 

Qriqoryan Canpolad Xanlaroviç

Əvvəllər Xocalıda yaşamış

38 

İşxanyan Yura Georgiyeviç

Əsgəran rayonunda yeməkxana müdiri işləmiş


İstintaq zamanı Xocalı soyqırımı ilə bağlı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 800-dən artıq ekspertiza keçirilib. 366-cı alayın həlak olmuş və yaralanmış hərbi qulluqçularının siyahısının təqdim edilməsi, hərbi texnikasının ermənilər tərəfindən ələ keçirilməsi və ya onlara verilməsi, habelə azərbaycanlıların yaşayış məntəqələrinin 366-cı alaya məxsus hərbi texnika ilə atəşə tutulması ilə əlaqədar məlumatların alınması və digər xüsusatlarla bağlı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan Respublikaları Baş prokurorluqlarına hüquqi yardım göstərilməsi barədə təqdimatlar göndərilib.

Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri olmuş mayor Ohanyan Seyran Muşeqoviçin (hazırda Ermənistanın müdafiə naziridir), 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Nabokix Yevgeni Aleksandroviçin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları, eləcə də əsir və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirmiş, habelə Meşəlidə, Qaradağlıda, Bağanıs-Ayrımda və digər yaşayış məntəqələrində soyqırımı, həmçinin azərbaycanlı millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi surətdə didərgin salınaraq deportasiya etməklə xüsusilə ağır cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi