“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.03.2010, 20:09
443

“İlin Adamı- 2009” mükafatı Polad Bülbüloğluna təqdim olunub

A- A+

Polad Bülbüloğlu bu ada diplomat, ictimai xadim və bəstəkar kimi fəaliyyətinə görə layiq görülüb

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu ölkəmizin Rusiya Federasiyasındakı səfiri, Xalq Artisti Polad Bülbüloğlunu “2009-cu ilin adamı” elan etmişdir.

AzərTAc-ın məlumatına görə, martın 3-də “Park İNN-Azərbaycan” mehmanxanasında mükafatın təqdim edilməsi mərasimi keçirilmişdir.

Mərasimi ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq demişdir ki, bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülürlər. Bu sırada Polad Bülbüloğlunun özünəməxsus yeri vardır.

Tədbirdə çıxış edən ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirmişdir ki, milli dirçəlişimiz sahəsində gördüyü işləri, vətənpərvərliyi ilə seçilən, eyni zamanda, yaratdığı “Məhəbbət və ölüm” baleti ilə xalqımızın azadlıq ruhunun ölməzliyini bir daha nümayiş etdirən Polad Bülbüloğlu 2009-cu ilin yekunlarına görə “İlin adamı” mükafatına layiq görülmüşdür.

Bildirilmişdir ki, Polad Bülbüloğlunun milli musiqi mədəniyyətimizin inkişafında, onun dünya miqyasında tanınmasında xidmətləri əvəzsizdir. P.Bülbüloğlu hələ gənc yaşlarından vaxtilə dünyanın altıdabir hissəsini əhatə edən SSRİ kimi nəhəng dövlətin ən populyar və sevilən müğənni-bəstəkarlarından biri kimi məşhurlaşmışdır.

Sənət, yaradıcılıq, ictimai xadim – bütün bunlar Polad Bülbüloğlunun ömür yolunu müşayiət edir. Onun “Şən Azərbaycan”, “Gəl, ey səhər”, “Dolalay”, “Dilin can incidəndir”, “Durnalar”, “Azərbaycan - odlar yurdum mənim” və s. mahnıları həmişə dillər əzbəri olmuşdur və indi də öz təravətini, gözəlliyini itirməmişdir.

Polad Bülbüloğlunun bəstəkarlıq fəaliyyəti çoxcəhətlidir. Onun yaradıcılıq dünyasında irihəcmli simfonik əsərlər, kamera-instrumental musiqi nümunələri, müzikllər, kinofilmlərə, dram tamaşalarına yazılan musiqilər vardır. Bu əsərlər musiqi üslubunun orijinallığı, texniki kamilliyi və melodikliyi ilə seçilir.

P.Bülbüloğlunun bir ictimai xadim kimi çoxşaxəli və məhsuldar fəaliyyəti, gözəl təşkilatçılıq bacarığı özünü beynəlxalq təşkilatlarda tutduğu nüfuzlu mövqelərdə və vəzifələrdə də bariz şəkildə göstərir.

Dövlət rəsmilərinin, Milli Məclis deputatlarının, ölkəmizdə fəaliyyət göstərən səfirlərin və müxtəlif xarici təşkilatların nümayəndələrinin, ziyalılar və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə Polad Bülbüloğlunun 2009-cu ildəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Sonra Polad Bülbüloğluna ənənəyə uyğun olaraq Çingiz Mustafayev Fondu tərəfindən 4000 AZN, ANS şirkətlər qrupu adından isə “Maurice Lacroix” qol saatı və diplom verilmişdir.

Polad Bülbüloğlu pul mükafatını Dağlıq Qarabağın azərbaycanlı icmasına hədiyyə etdiyini bildirib və qeyd olunan məbləği Şuşa rayon İcra hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərova təqdim edib.

Tədbirdə çıxış edən Polad Bülbüloğlu vurğulamışdır ki, Çingiz Mustafayevin xatirəsinə təsis edilən bu mükafatı almaq olduqca şərəfli bir işdir:

"Düşünəndə ki, bu mükafatı alanların sırasında xalqımızın ulu öndəri, müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin də adı vardır, insan çox böyük qürur hissi keçirir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Qarabağ uğrunda gedən gərgin mübarizədə ölkəmizi dünya arenasında siyasi qətiyyət və inamla təmsil edən Prezident İlham Əliyevin, dünya ictimaiyyəti tərəfindən xeyirxahlıq nümunəsi kimi qəbul olunan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, şeyxülislam hacı Allahşükür Paşazadənin, Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun və digər insanların bu fəxri ada layiq görülməsi onun yüksək nüfuzundan xəbər verir.

Tanrıdan təkcə istəyim işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi və övladlarımla birgə Şuşaya getmək, bu müqəddəs şəhəri yenidən Azərbaycan mədəniyyətinin döyünən ürəyi kimi görməkdir. Son vaxtlar ən çox dinlədiyim dahi Üzeyir bəyin bəstələdiyi və atam Bülbülün ifa etdiyi “Sənsiz” romansıdır. Ondakı həzin əzəmət, sonsuz kədər və sevinci sanki yaşa dolduqca daha çox anlayıram. Əlçatmazlığın necə ağır yük olduğunu daha aydın başa düşür, bütün varlığımla hiss edirəm.

İndi artıq “Sənsiz” mənim üçün Qarabağsız, Şuşasız, Xarı Bülbülsüz yaşanan hər bir gün sonu görünməyən illərə dönüb. Amma nə qədər ki, Çingizlərin, Salatınların, Xocalıda qəddarcasına öldürülənlərin, minlərlə şəhidlərimizin narahat ruhu bizim ürəklərimizin “qapısını” döyür, Azərbaycan dövləti, xalqımız Qarabağı kimsəyə verməyəcəkdir. Sənsizlik, xalqımızın qələbəsi ilə bitməlidir. Mən də öz növbəmdə hər zaman olduğu kimi, bundan sonra da bu həsrətə son qoyulmasından ötrü əlimdən gələni edəcəyəm".

Miniatür Kitab Muzeyinin təsisçisi və qurucusu Zərifə Salahova Polad Bülbüloğluya həsr edilmiş miniatür kitabı ona təqdim etmişdir.

Mərasimdə Polad Bülbüloğlu mahnılar ifa etmişdir.

* * *  

Xatırladaq ki, "İlin adamı" mükafatı 2001-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.

İndiyə kimi bu ada Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov (2001), mərhum prezident Heydər Əliyev (2002-2002), Yaponiyanın Azərbaycandakı səfiri olmuş Toşiyuki Fucivara (2004), Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva (2005), Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə (2006), prezident İlham Əliyev (2007), rəssam Tahir Salahov (2008) layiq görülüb.

 

 

Xəbərlər
Redaktorun seçimi