“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.11.2009, 22:15
416

Qarakənd faciəsindən 18 il ötdü

A- A+

1991-ci il noyabrın 20-də içərisində Azərbaycanın yüksək dövlət rəsmilərinin olduğu vertolyot ermənilər tərəfindən məhv edilmişdi

Noyabrın 20-si Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür. 

18 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda - Xocavənd (Martuni) rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət və sərnişinlər - Azərbaycanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər, telejurnalistlər və vertolyotun heyəti həlak olmuşdu.

Həlak olanlar arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri dövlət müşaviri, həmin vaxt dövlət müşaviri işləyən Məhəmməd Əsədov, Azərbaycan parlamentinin deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları vardı.

Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənmişdir.

Üstündən 18 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməmişdir.

Məsələn, nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda bir vertolyotda toplanıb? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi vertolyot müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi? Yeri gəlmişkən, həmin məlumata yalnız Qarabağda sovet silahlı qüvvələrinin komandanlığı malik idi.

Vertolyotun vurulduğu raketin mənbəyi də məlum deyildir. Qarabağda o zaman ən çox istifadə edilən silah təyyarəvuran zenit raketləri və eyninövlü “Alazan” raketləri idi. İstilik raketlərindən istifadə edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin “yanması”da qaranlıq məsələdir.

Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, istintaqın aparılması Respublika Prokurorluğuna verilmişdir.

Hazırda isə cinayət işi üzrə istintaq dayandırılmışdır. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.

 * * *

1991-ci il noyabrın 20-də Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş vertolyotda həlak olanların tam siyahısı:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru

- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı

- Sanlal Dasumoviç Serikov - Qazaxıstan daxili işlər nazirinin müavini

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist

- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri

- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü

- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

Allah rəhmət eləsin.

Xəbərlər
Redaktorun seçimi