Azərbaycanlılar ermənilərlə Dağlıq Qarabağda yanaşı yaşamağa hazırdır
Bu fikir Dağlıq Qarabağın azərbaycanlı icmasının Bakıda keçirilmiş qurultayında xüsusilə vurğulanıb
İyunun 5-də Bakıda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilib. 350 qurultay nümayəndəsindən 344-ü tədbirə qatılıb. Tədbirdə diplomatik korpus nümayəndələri, partiya rəhbərləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.
Bu, 1992-ci ildən fəaliyyət göstərən Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk qurultayıdır. Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub.
ATƏT Şurası 1992-ci il martın 24-də Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrini sülh danışıqlarında maraqlı tərəf kimi tanıyıb. N.Bəhmənov ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarında Dağlıq Qarabağın azərbaycanlı icmasını da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib. Şuşa Dağlıq Qarabağda azərbaycanlıların ən çox yaşadığı rayon olduğundan onun icra başçısı icmanın rəhbəri statusu almışdı.
2006-cı ilin oktyabrında isə Ədliyyə Nazirliyi rəhbəri N.Bəhmənov olan Dağlıq Qarabağ Azərbaycanlıları İcması İctimai Birliyi adlı qurumu qeydə alıb. N.Bəhmənov 2008-ci il sentyabrın 13-dən vəfat edəndən sonra icma rəhbəri vəzifəsi bir müddət boş qalıb.
2009-cu il fevralın 27-də prezident İlham Əliyevin sərəncamıyla Bayram Səfərov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Həmin vaxtdan B.Səfərov həm də Dağlıq Qarabağın azərbaycanlı icmasına rəhbərlik edir. 1951-ci ildə Şuşada anadan olmuş B.Səfərov iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, rayon icra hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.
Bayram Səfərov |
Bayram Səfərov qurultayda məruzə ilə çıxış edib. Qarabağın tarixi il bağlı danışan B. Səfərov ermənilərin bu bölgəyə köçürülməsi, azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə siyasəti ilə bağlı geniş məlumat verib. Azərbaycanın problemi sülh yolu və ərazi bütövlüyü çərçivəsində həll etməyə maraqlı olduğunu deyən B. Səfərov bu məsələdə icma ilə dövlət rəhbərliyinin mövqeyinin üst-üstə düşdüyünü vurğulayıb.
İcra başçısı qurultayda iştirak edən xarici ölkələrin səfirlərinə də müraciət edib: “Zaman-zaman ayrı-ayrı ölkələrin müxtəlif şirkətləri Dağlıq Qarabağda fəaliyyət göstərirlər. Hətta ABŞ-ın “Sema” şirkəti Şuşa şəhərinin baş planını hazırlayır. Biz xarici ölkələri bu separatçılarla iş birliyindən çəkinməyə çağırırıq”. İcma rəhbəri həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq edib, həmsədrləri qeyri-ciddi fikirlər səsləndirdiyini bildirib.
B. Səfərov qurultaydan sonra icmanın fəaliyyətinin gücləndiriləcəyini, beynəlxalq tədbirlərin keçiriləcəyini, Azərbaycan diasporu ilə əlaqələrin qurulacağını və dövlətlə birgə addımların atılacağını qeyd edib.
Slavyan Universitetinin rektoru Kamal Abdulla isə Azərbaycan və erməni xalqlarının bir yerdə yaşamağa məhkum olunduğunu bildirib: “Ən dəhşətli müharibələr aparan xalqlar da bu gün barışığa gedir, əl tuturlar”.
Millət vəkili Həvva Məmmədova məcburi köçkünlər arasında bu vaxta qədər əlaqələrin zəif olduğunu, qurultaydan sonra icmanın bu əlaqələri gücləndirməyə çalışacağını qeyd edib.
Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku isə münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqları dəstəklədiyini qeyd edib. O, Rumıniyanın münaqişənin beynəlxalq hüquq və sülh çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Qarabağ müharibəsi zamanı dəhşətli hadisələrin baş verdiyini, ermənilərin azərbaycanlıları qırdığını deyib: “ Reallıq ondadır ki, bütün olanlara baxmayaraq, biz əvvəl-axır bir yerdə yaşamağa məhkumuq. Qarabağ bizim üçün əzizdir, biz Qarabağsız yaşaya bilmirik”.
İcmanın həmtəsisçisi, millət vəkili Elman Məmmədov isə qurumun bu vaxta qədərki fəaliyyətindən narazılığını bildirib: “Əslində, fəaliyyət üçün normal şərait də olmayıb. İcmanın strukturları olmayıb. Amma bundan sonrakı mərhələdə savadlı kadrların icmaya cəlb olunması, müasir texnologiyalarla təmin edilməsinə çalışacağıq”.
E. Məmmədov bir sıra beynəlxalq təşkilatları da tənqid edib: “BMT-nin qəbul etdiyi qətnamələri Ermənistan kimi cırtdan dövlət yerinə yetirmirsə, bu BMT-nin özünün özünə hörmətsizliyidir. Əslində isə, BMT istəsə bu qətnamələri dərhal icra etdirər. ATƏT-in Minsk qrupu da prosesdə vasitəçi kimi iştirak etmir. Danışıqlar prosesində güclən nisbəti dördün birədir. Yəni Ermənistan üstəgəl üç həmsədr birdir, Azərbaycan isə tək. Həmsədrlər isə bəzən özlərini komediyaçı kimi aparırlar”.
Daha sonra Ombudsman Elmira Süleymanova, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev çıxış edib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin adı dəyişdirilib, qurum Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılıb. İcmanın yeni nizamnaməsi qəbul olunub.
Sonra icmanın təşkilati məsələləri müzakirə edilib. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişiklik edilib, qurumun 22 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərlik Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov icmanın İdarə Heyətinin sədri seçilib.
Qurultayda Azərbaycan prezidentinə, beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, Dünya ictimaiyyətinə və hökumət başçılarına müraciətlər qəbul edilib.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyəti (Siyahı)
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin qurultayında təşkilatın 22 nəfərdən ibarət İdarə Heyəti seçilib. İdarə Heyətinin tərkibi belədir:
Abdullayev Kamal Mehdi oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru
Abdullayev Mehdi Kamal oğlu - Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru
Adıgözəlzadə Murad Zöhrab oğlu - Azərbaycan Dövlət Filarmoniyasının direktoru
Allahverdiyev Cəlal Eyvaz oğlu - Bakı Dövlət Universitetinin kafedra müdiri
Bayramov Məhəmmədəli Rəşid oğlu, Xocavənd Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri
Bədəlbəyli Fərhad Şəmsi oğlu - Bakı Musiqi Akademiyasının rektoru
Əliyev Cavid Ələkbər oğlu - Xocalı Rayon Rabitə Şöbəsinin rəisi
Əliyev Ceyhun Şəfahət oğlu - Bakı Dövlət Universitnti tətbiqi riyaziyyat və kibernetika fakültəsinin müəllimi
Fərzəliyev Vaqif Məcid oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi
Həsənov İlyas Atəş oğlu - Tərtər rayon Ağabəyli kənd icra nümayəndəsi
Hüseynov Eyvaz Möhsüm oğlu - Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı
Qurbanov Şaban Qurban oğlu - Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi
Mehdiyev Mehdi Yunus oğlu - Ağdam rayon Sırxavənd ərazi nümayəndəsi,
Məhərrəmov Ramiq İdris oğlu - Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi
Məlik-Yeqanov Abbas Zahid oğlu - Sabuncu Rayon İcra Hakimiyyətinin şöbə müdiri
Məmmədova Həvva İsa qızı - deputat
Məmmədov Elman Camal oğlu - deputat
Polad Bülbüloğlu - Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti
Rzayev Rövşən Şükür oğlu - deputat
Səfərov Bayram Əsəd oğlu - Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri
Səfixanov Vahid Sədiyar oğlu - AzərTAc Dövlət İnformasiya Agentliyinin əməkdaşı, jurnalist
Usubov Şahmar Şahhüseyn oğlu - Xocalı Rayon İcra Hakimiyyətinin başçısı.
İcmanın Əlaqələndirmə Şurası
Mehdi Abdullayev |
Qurultaydan sonra icmanın yeni yaradılmış İdarə Heyətinin ilk iclası keçirilib. İclasda qurumun Əlaqələndirmə Şurası yaradılıb və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Mehdi Abdullayev şuranın sədri seçilib. Yaxın zamanlarda icmanın analitik informasiya, beynəlxalq əlaqələr, maliyyə və digər bölmələrinin də yaradılması nəzərdə tutulub.
Əlaqələndirmə Şurası qurultaylararası dövrdə təşkilat məsələsi ilə məşğul olacaq. İdarə Heyəti üzvlərinin yekdil dəstəyi ilə Mehdi Abdullayev şuranın sədri seçilib. Abdullayev Mehdi Kamal oğlu 1980-ci ildə Bakı şəhərində doğulub. Yazıçı, ədəbiyyatşünas alim, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın oğludur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Dillər Universitetinin tərcümə fakültəsini bitirib.
Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub.
2005-ci ildə «Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Dağlıq Qarabağın azərbaycanlı icmasının dünya birliyinə müraciəti
Dağlıq Qarabağın azərbaycanlı icmasının bu gün keçirilən qurultayında dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul olunub. Müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı nümayəndələrinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti
Hörmətli xanımlar və cənablar!
Bu gün qurultayını keçirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 65 min nəfərdən çox insanı birləşdirir. Erməni separatçılarının təzyiq və işgəncələrinə məruz qalaraq, biz 1988-1992-ci illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən – öz doğma torpaqlarımızdan didərgin düşmüş məcburi köçkünlərik.
“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin təməli 200 il bundan əvvəl qoyulmuşdur. XIX əsrin əvvəllərində ermənilər İran və Osmanlı dövlətlərinin ərazisindən Azərbaycana köçürüldükdən sonra soydaşlarımızın öz torpaqlarından məqsədyönlü şəkildə sıxışdırılıb çıxarılması prosesi başlanmışdır. Bu proses imperiyaların dağılması, inqilablar, hakimiyyət dəyişikliyi və digər keçid dövrlərində xüsusilə güclənmiş, açıq zorakılıq və qətllərlə müşayiət olunmuşdur.
Erməni millətçilərinin işğalçılıq və etnik təmizləmə siyasətinin növbəti mərhələsi ötən əsrin 80-ci illərinin sonunda - Sovet İttifaqının dağılması ərəfəsində başlamış və indi də davam etməkdədir. Qonşu Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon işğal olunmuş, 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovularaq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Hərbi təcavüz çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə səbəb olmuşdur. 1992-ci ilin fevralında azərbaycanlıların ən qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən amansızlıqla dağıdılmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 600 nəfərdən çox insan işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özlərini dünya ictimaiyyətinə məzlum göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərini bir daha açıq göstərmişdir.
Ümumiyyətlə, təcavüz nəticəsində 20 mindən çox azərbaycanlı həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuşdur. 890 yaşayış məntəqəsi, orada yerləşən sosial-iqtisadi infrastruktur, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələr və məscidlər dağıdılmışdır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon nəzarətsiz zonaya, transmilli cinayətkar qruplar üçün əlverişli dayaq nöqtəsinə çevrilmişdir.
Azərbaycan və Ermənistan müstəqil dövlətlər kimi Birləşmiş Millətlər Təşkilatına üzv olduqdan sonra Dağlıq Qarabağ problemi regional çərçivəni aşaraq, beynəlxalq xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Bu sənədlərdə silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.
BMT Baş Məclisi 59, 60 və 62-ci sessiyalarında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair məsələni müzakirəyə çıxarmışdır. Azərbaycan hökumətinin təqdim etdiyi faktlar və ATƏT-in faktaraşdırıcı missiyasının məruzələri əsasında Baş Məclis işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılmasını, kütləvi yanğınların törədilməsini, bu yanğınların ətraf mühitə, insanların sağlamlığına və həyatına təhlükə yaratmasını pisləyən qətnamələr qəbul etmişdir. Həmin sənədlərdə işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtmaq hüququ bir daha təsdiq olunmuşdur.
Digər nüfuzlu beynəlxalq təşkilatlar da münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində müəyyən qərarlar qəbul etmişlər. Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞPA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.
Problemin həlli üçün müəyyən səylər göstərilməsinə baxmayaraq, təəssüf ki, indiyədək onun aradan qaldırılması istiqamətində əsaslı irəliləyişə nail olunmamışdır. Münaqişənin nizamlanması məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi ucbatından lazımi səmərə verməmişdir. Beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin çox zaman siyasi iradə nümayiş etdirməməsi, qətiyyətsiz mövqe tutması, işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri münaqişənin tezliklə və dinc yolla tənzimlənməsinə əngəl törətmişdir.
Hörmətli xanımlar və cənablar!
Sizi Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağırırıq. İnanırıq ki, Siz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı icmanın çağırışlarına biganə qalmayacaq, münaqişənin ədalətlə həll olunması üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqsınız.
Müraciət Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının qurultayında
qəbul olunmuşdur.
Bakı şəhəri, 5 iyun 2009-cu il.
"Media forum", APA.
Bax həmçinin:
Kamal Abdulla: “Dağlıq Qarabağın azərbaycanlı icması tolerant şəkildə ermənilərlə yanaşı yaşamağa hazırdır”
İyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması İctimai Birliyi idarə heyətinin üzvləri qurultaydan sonra xarici ölkələrin səfirləri ilə görüşmüşlər. Görüşdə Türkiyə, Belarus səfirləri, Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Yunanıstan səfirliklərinin nümayəndələri iştirak etmişlər.
Kamal Abdulla |
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla məlumat verərək demişdir ki, qurultayda Dağlıq Qarabağ İcması üzvləri geniş tərkibdə təmsil olunmuşdur: “Ali məclisimiz yüksək səviyyədə keçdi və çıxışların əsas mahiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağı olmaqla yanaşı, orada müəyyən tarixi dövrdə məskunlaşmış bütün insanlar yaşaya bilər”.
K.Abdulla qeyd edib ki, bu gün Azərbaycanın bütün sahələr üzrə inkişafı azərbaycanlıların mənəvi, psixoloji cəhətdən, dünyaya baxış cəhətdən dünənki insanlar olmadığını göstərir: “Əgər biz müharibə gedən zaman qana-qan deyirdiksə, bu gün dünya ictimaiyyətinin etdiyi təkliflər əsasında, Azərbaycan prezidentinin qətiyyət və cəsarətlə yeritdiyi siyasət nəticəsində azərbaycanlı icması Dağlıq Qarabağda tolerant şəkildə ermənilərlə yanaşı yaşamağa mənən hazırdır”.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qurultayın uğurla yekunlaşmasından məmnunluğunu ifadə etmişdir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, münaqişə nəticəsində on minlərlə azərbaycanlının öz torpağında doğma ocağından didərgin düşməsini Azərbaycanın ən böyük problemi adlandırmış, bu problemlə bağlı ölkəsinin mövqeyindən söz açmışdır.
Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Cavid Qurbanov və başqaları fikir və mülahizələrini bildirmiş, onları maraqlandıran suallarla diplomatlara müraciət etmişlər.
Vurğulanmışdır ki, icma üzvləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra olunmadığından, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti nəticə vermədiyindən, münaqişə tərəflərinə münasibətdə ikili standart yeridildiyindən, təcavüzkarla təcavüz qurbanının bərabər tutulduğundan narazı qalsalar da əmindirlər: bir çox ölkələrdə bu münaqişənin həllinin tərəfdarı olan ciddi qüvvələr vardır. Səfirlərdən xahiş olunmuşdur ki, bu qüvvələrlə əlaqələrin yaradılmasında yardımlarını əsirgəməsinlər. Xüsusi qeyd edilmişdir ki, məsələnin sülh yolu ilə həll edilməməsi müharibəyə əl atmaq demək deyildir. Çünki təcavüzkara qarşı sanksiya tətbiqi, müxtəlif təzyiq vasitələri mövcuddur.
Rusiya, ABŞ, Fransa səfirliklərinin təmsilçiləri deyilənlərə münasibət bildirmiş, sullara səlahiyyətləri daxilində cavab vermişlər.
AzərTAc.