Qarabağ üzrə Almatı görüşü də nəticəsiz bitdi
Elmar Məmmədyarov: “Ermənistan danışıqlarda irəliləyişə nail olmaq istəmir”
İyulun 17-də Qazaxıstanın Almatı şəhərində ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti keçirilib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan görüşüb.
Görüşdə Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.
Bir gün öncə (16 iyul) isə iki ölkənin XİN rəhbərləri ayrı-ayrılıqda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmüşdülər.
Görüşlərdə Qarabağ nizamlanmasına dair hər-hansı irəliləyiş əldə etmək mümkün olmayıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. O, görüşün sonunda Azərbaycan, Ermənistan, Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin birgə bəyanatının yayımlanması üçün çox səy göstərdiklərini deyib:
“Bugünkü (17 iyul – red.) görüş iki saatadək davam etdi. Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüş keçirdik və bu gün görüş “3+2” formatında davam etdirildi. Biz çox çalışdıq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, üstəgəl ATƏT-in Minsk Qrupuna rəhbərlik edən ölkələrin xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatı ilə çıxış edək. Təəssüf ki, Ermənistanın xarici işlər naziri bir sıra məsələlərə etirazını bildirməklə birgə bəyanatın qəbul olunmasına imkan vermədi. Buna görə də bəyanat üç həmsədr ölkənin nazirləri adından qəbul olundu.
Əsas məsələ budur ki, biz çalışırdıq ki, qəbul olunacaq bəyanat irəliyə doğru daha bir addım olsun. Bilirsiniz ki, hələ Kanadada prezidentlər səviyyəsində bəyanat qəbul olunub və orada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının 6 prinsipi öz əksini tapıb. Bunların sırasında Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Ermənistanla Dağlıq Qarabağ arasında yolun açılması da var.
Əgər Ermənistan birinci mərhələdə qoşunlarını çıxarsa, elə həmin gündən bütün yollar və kommunikasiyalar açılmış olacaq. Ermənistanla Dağlıq Qarabağ arasında yol Laçından da, Kəlbəcərdən də, Zəngilandan da keçə bilər. Biz bunu qəbul edirik. Və hesab edirik ki, əgər işğal olunmuş Azərbaycan torpaqları qaytarılsa, biz qonşularımızla əməkdaşlığa, onlarla hansısa məsələləri müzakirə etməyə hazırıq. Ermənistan bizim qonşu ölkədir və biz qonşu dövlətlərlə normal münasibətlər qurmaq istərdik.
Təəssüf ki bu məsələ öz həllini tapmadı və hansısa irəliləyişə nail olduğumuzu söyləmək olmaz. Biz həmsədrlərlə birgə işi davam etdirmək barədə qərar qəbul etdik”. Elmar Məmmədyariov qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabra kimi regiona səfər edəcəklər. Amma o səfərin dəqiq tarixinin məlum olmadığını deyib
* * *
Azərbaycanın xarici işlər naziri: “Məndə artıq belə bir fikir formalaşır ki, Ermənistan danışıqlarda irəliləyişə nail olmaq istəmir”
“Danışıqlar keçirilən zaman razılaşdırılmış məsələlər bir kənara atılır və başqa məsələlərin müzakirəsinə keçirilir. İki görüş sonra biz yenidən müzakirə etdiyimiz məsələlərə qayıdırıq”.
Bu açıqlamanı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov verib. O artıq Ermənistanın doğrudan da münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq istəyinə şübhə ilə yanaşdığını deyib: “Şəxsən məndə belə fikir formalaşıb ki, Ermənistan hansısa irəliləyişin əldə olunmasını, stabilliyin bərqərar olmasını istəmir. Baxmayaraq ki, onlar deyirlər ki, irəliləyişə nail olmaq istəyirlər.
Ermənistan elə məsələlər qaldırır ki, hazırkı mərhələdə bu məsələ üzərində işləmək mümkün deyil. Məsələn Dağlıq Qarabağın statusu məsələsi. Həmsədrlər isə öz prinsiplərini irəli sürərək məsələlərin mərhələli şəkildə həllini təklif edirlər. İlk növbədə ən çətin məsələni həll etmək lazımdır. Bu, torpaqların işğaldan azad olunması məsələsidir. Və yalnız bundan sonra iki ölkənin xalqları arasında hansısa əlaqələrdən danışmaq olar”.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi 5 rayon geri qaytarılacağı təqdirdə bütün kommunikasiyaların açılmasına razıdır: “Bu dəfə bu alınmadı, lakin səbirli olmaq və işi davam etdirmək lazımdır”.
* * *
Həmsədr ölkələrin XİN rəhbərləri birgə bəyanatla çıxış ediblər:
“Münaqişə tərəflərinin səyləri fikir ayrılıqlarını aradan qaldırmaq üçün kifayət qədər yetərli olmayıb”
Iyulun 17-də ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ-ın dövlət katibinin müavini Ceyms Steynberq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün nəticələrinə dair birgə bəyanatla çıxış ediblər.
Bəyanatda ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin ötən il dekabrın 1-də Afinada verdiyi bəyanatı və tərəflərə Helsinki Yekun Aktına əsaslanaraq Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll edilməsinə öhdəliklərini xatırladıblar: “Bu prinsiplər təhdidlərdən və güc tətbiq etməkdən çəkinmək, dövlətin ərazi bütövlüyü, tərəflərin bərabər hüquqluğu və millətlərin öz müqəddəratını təyinetmə hüququna əsaslanır”.
Bəyanatda qeyd olunur ki, prezidentlər Dmitri Medvedev, Nikola Sarkozi və Barak Obamanın ötən il iyulun 9-da Akvilldə və bu il iyunun 26-da Muskokadakı bəyanatlarda bu münaqişənin ədalətli və uzunmüddətli həllinin zəruriliyi öz əksini tapıb.
Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Steynberq yanvarın 25-də Soçidə və iyulun 7-də Sankt-Peterburqda aparılan danışıqlara diqqət çəkərək Rusiya prezidenti Dmitri Medvedyevin və xarici işlər naziri Sergey Lavrovun tərəflərin mövqeyini yaxınlaşdırmağa yönəlmiş səylərini yüksək qiymətləndiriblər.
Rusiya, Fransa və ABŞ nümayəndə heyətinin rəhbərləri bildiriblər ki, münaqişə tərəflərinin səyləri fikir ayrılıqlarını aradan qaldırmaq üçün kifayət qədər yetərli olmayıb.
Onlar iyunun 18-19-da qoşunların təmas xəttində baş verən silahlı insident də daxil olmaqla münaqişədə gərginliyin artmasından təəssüfləndiklərini bildiriblər: “Güc tətbiqi vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. Biz tərəfləri baza prinsiplərini razılaşdırmaq və danışıqlar prosesini davam etdirmək üçün kompromisə çağırırıq”.