Metyu Brayza: “Baza prinsiplərinin hamısı fundamental olaraq razılaşdırılıb”
“Amma detallar üzərində işləməyimiz lazımdır. Yeni mərhələ baza prinsiplərinin son məqamları üzrə yaxınlaşmanı təmin edəcək”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın APA-nın ABŞ bürosuna müsahibəsi
- Krakovda həmsədrlərin “Madrid prinsipləri”nə etdiyi dəyişikliklər nə dərədəcə fundamental oldu? Danışıqların çox həssas hissəsi adlandıra biləcəyimiz məsələ, Dağlıq Qarabağın gələcək statusu, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi mövzulara yeni detallar əlavə olunubmu?
- Biz heç bir fundamental dəyişikliklər etmədik. Biz 2007-ci ilin noyabrından bəri, yəni “Madrid Sənədi”ni təqdim etdiyimiz dövrdən etibarən diqqətlə deyilənlərə qulaq asırıq. Biz hər bir prezidentin dediklərini, danışıqlarda ortaya çıxan məqamları təhlil etdikdən sonra ümumiləşdirmə apararaq, ən yaxşı təkliflərlə çıxış etdik. Mənim fikrimcə, bu təkliflər danışıqlar nəticəsində prezidentlər arasında yaranmış fikir ayrılıqlarına son qoymalıdır. Baxmayaraq ki, danışıqlar onların mövqeyini kifayət qədər yaxınlaşdırıb.
Bir sözlə, bizim etdiklərimiz fundamental deyil, amma bunlara kosmetik dəyişiklik də demək olmaz. Bu, son 13 ayda prezident Əliyevlə Sarkisyanın apardığı intensiv danışıqların nəticəsində mövcud olan ziddiyyətləri aradan qaldırmaq üçün bir cəhd idi. Mən dəyişiklik etdiyimiz məqamların detallarına varmaq istəmirəm. Amma deyim ki, Sizin sualınızda qeyd etdiyiniz detallar baza prinsiplərinin əsas sütunlarıdır.
- Niyə İtaliyada keçirilən G8 samitindən dərhal sonra, danışıqların aparıldığı bütün müddətdə ilk dəfə Ağ Evin mətbuat xidməti baza prinsiplərinin əsas maddələrini açıqladı?
- Ağ Evin etdikləri ətrafında spekulyasiya etmək istəməzdim. Lakin vacib məqam onunla bağlıdır ki, ABŞ, Fransa və Rusiya açıq şəkildə bəyan etdilər ki, onlar Minsk Qrupunun baza prinsiplərini dəstəkləyir. Məhz bu prinsiplərin razılaşdırılması üçün Azərbaycan və Ermənistan prezidentlərinə həmsədrlər kömək ediblər. Burada vacib olan məqam odur ki, prezidentlər şəxsən danışıqlarla maraqlanır və həmsədrlərin səylərini dəstəkləyirlər. Onlar istədilər ki, biz Krakovda Madriddə verdiyimiz təklifləri yeniləyək. Bu yeniliklər Azərbaycan və Ermənistan prezidentlərinin fikirləri və rəylərini əks etdirir.
- Siz Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olduğunuz bütün dövrlərdə Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri səviyyəsində münaqişəyə bu qədər marağın olmasının şahidi olmuşdunuz?
- Heç vaxt indiki qədər maraq olmayıb. Fəxr edirəm ki, biz bu qədər yüksək səviyyəli marağı təmin edə bilmişik. Bu, işlərimizi irəli aparmaq üçün kömək edəcək. Məncə, prezidentlər münaqişəyə diqqət göstərməklə ona işarə edirlər ki, biz düz yoldayıq və öz işimizi yaxşı görürük. Yəni nəzərdə tuturam ki, Minsk Qrupunun bütün iştirakçıları ciddi irəliləyiş əldə edirlər.
Azərbaycan televiziyasının elan etdiyi kimi, baza prinsipləri münaqişənin həlli üçün ədalətli imkanlar yaradır. Danışıqlarda irəliləyiş olub və biz danışıqların yeni mərhələsinə qədəm qoymuşuq. Yeni mərhələ baza prinsiplərinin son razılaşmayan məqamları üzrə yaxınlaşmanı təmin edəcək və həmsədr ölkələrin prezidentləri istəyirlər ki, danışıqlara cəlb olunan tərəfləri son nəticə əldə olunması üçün ruhlandırsınlar.
- İndiki mərhələdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmasının danışıqlarına cəlb olunmasına ehtiyaca varmı?
- Bütün tərəflərin mövqeyi əks olunmadan uzun müddətli sülh əldə etmək mümkün deyil. Bu baxımdan Qarabağın erməni və azərbaycanlı icmasının rəyləri istənilən son razılaşmada əks olunmalıdır. Əks halda razılaşma uğur qazanmayacaq. İndi bu formal yolla, yəni həmsədrlərin Dağlıq Qarabağ erməniləri ilə apardığı uzun məsləhətləşmələr yolu ilə baş tutur. Mən ümid edirəm ki, Bakıya növbəti səfərimdə Dağlıq Qarabağın Azərbaycan icması ilə də danışıqlarımı bərpa edəcəyəm.
Tərəflərin danışıqlarda birbaşa iştirakı isə Bakı ilə İrəvan arasında həll olunmalıdır. Yadınıza salım ki, 1998-ci ilə kimi Qarabağ erməniləri danışıqlarda iştirak edirdi. Lakin sabiq Ermənistan hökuməti belə qərara gəldi ki, Dağlıq Qarabağ ermənilərinin yerinə rəsmi İrəvan danışıqlar aparacaq. Yəni bu Ermənistanın qərarı idi. Bu qərarı dəyişmək üçün Bakı və İrəvanın birgə razılığına ehtiyaca var. Ümid edirəm ki, yaxın zamanlarda bu baş verəcək. İndi isə baza prinsiplərinin yekunlaşdırmalıyıq və elə etməliyik ki, orada Dağlıq Qarabağın bugünkü və sabiq sakinlərinin mövqeləri əks olunsun.
- Ermənistanda hökumət ciddi tənqid olunur. Müxalifət iqtidarı “bir tərəfli güzəştlərə” getməkdə ittiham edir. Prezidentlərin görüşləri boyunca siz buna bənzər nəsə müşahidə etmişdiniz?
- Moskvada aparılan danışıqlar keyfiyyətcə bundan əvvəl müşahidə etdiyim danışıqlar arasında ən yaxşısı idi. Prezidentlər detallı danışdılar, hətta deyərdim ki, konstruktiv idilər. Onlar ortalıqda olan ziddiyyətləri həll etmək üçün çalışırlar, amma bu demək deyil ki, onlar yumşaq idilər. Ermənistanda prezident Sarkisyanın və ya nazir Nalbadyanın “birtərəfli qaydada güzəştə getməsi” barədə deyilənlər doğru deyil. Düşünürəm ki, belə güzəştlər olsaydı, Azərbaycan tərəfi çox sevinərdi. Lakin real həyatda danışıqlar belə aparılmır. Biz real danışıqlar aparırıq və onlar dediyim kimi yeni mərhələyə qədəm qoyub. Danışıqlarda sən nəsə verirsənsə, gərək əvəzində nəsə əldə edəsən. Belə danışıqlar mühitində birtərəfli güzəştlərdən söhbət gedə bilməz.
- Deyə bilərsinizmi, baza prinsiplərinin necə faizi razılaşdırılıb?
- Belə qiymət verə bilmərəm. Lakin deyə bilərəm ki, birincisi, bütün maddələr razılaşmadan heç bir maddə razılaşdırılmayıb. Ona görə deyə bilmərəm ki, faiz baxımından maddələrin neçə faizi həll olunub. Çünki proses belə işləyir: mən rəmzi olaraq “A”-nı almaq istəyirəm sizdən. “A”-nı almaq üçün gərək “B”-ni sizə verim. Əgər B-ni sizə versəm, gərək onda C-dən nəsə alım. C-ni vermək üçün isə gərək bir daha A-ya qayıdaq.
Bilirsiniz ki, danışıqlar irəliyə doğru inkişaf edir. Lakin bəzi hallarda tərəflərin razılaşdırdığı məqamlara yenidən qayıdaraq bir daha müzakirə edirik. Yəni bütün maddələr bir-biri ilə bağlı və əlaqəlidir. Ona görə də bəzən santimetr- santimetr irəlilədiyimizi deyə bilərəm. Krakovda etdiyimiz da elə bundan ibarət idi.
Başqa sözlə desəm, sülh razılaşması üçün çərçivəni müəyyən edən baza prinsipləri az-çox həm prezident Əliyev, həm də prezident Sarkisyan tərəfindən qəbul olunub. Lakin tam razılaşma əldə etdiyimizi deyə bilmərəm. Bunun üçün gərək geriyə qayıdaraq, bütün detalları diqqətdən keçirməyimiz lazımdır. Baza prinsiplərinin hamısı, yəni tam olaraq hamısı fundamental olaraq razılaşdırılıb, amma detallar üzərində işləməyimiz lazımdır.
- Türkiyə Ermənistan yaxınlaşması ilə bağlı danışarkən bunun Azərbaycan Ermənistan danışıqları ilə fərqli proseslər olduğunu, lakin paralel inkişaf etməsinin vacibliyini vurğulamışdınız. Lakin bu model işləmədi...
- Mənim üçün Türkiyə və ya Ermənistanın bu məsələdə niyə irəliyə getmədiklərini demək düz olmaz. Ortalıqda “Yol Xəritəsi” var idi. Orada hansı addımların nə vaxt atılması əks olunmuşdu. Onu deyə bilərəm ki, ABŞ hökuməti ümid edir ki, müəyyən olunmuş vaxt çərçivəsində bu addımlar reallaşmağa başlayacaq. Baxmayaraq ki, artıq bəzi qərarların reallaşmasında geriləmə var.
Düşünürük ki, hadisələrin belə cərəyan olması regionda hamı üçün yaxşı olacaq: Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan üçün də. Lakin ABŞ bu müqavilənin bir hissəsi olmadığı üçün mən sənədin irəliyə getməməsi mövzusunda danışmaq istəməzdim.
Mən demişdim ki, bunlar fərqli proseslərdir. Bu, doğurdan da belədir. Əgər prosesin biri irəliyə getsə, ikinci məsələ daha yaxşı mühitdə, gərginlik aşağı olan şəraitdə inkişaf edə bilər.
- Sizin ABŞ-ın Azərbaycandakı səfəri təyin olunmağınız barədə çoxlu şayiələr gəzir. Azərbaycan mediasında yazılanlara görə, Sizi orda səfir görmək istəyənlər də az deyil...
- İlk olaraq minnətdaram ki, Azərbaycanda insanlar, dediyiniz kimi, məni səfir görmək istəyirlər. Bu mənə xoş təəssürat bağışlayır. Lakin bilmirəm mənim gələcək işimin nədən ibarət olacaq. Bu, dövlət katibi və prezidentdən asılıdır. Bundan əvvəl dediyim kimi, ümid edirəm ki, yeni vəzifəm məni Cənubi Qafqaz regionu ilə bağlı saxlayacaq.
Yeni vəzifəm barədə şərh verə bilmərəm. Gərək bir az səbirli olum. Minsk Qrupu ilə işlərimi hələ bitirməmişəm. Hər üç həmsədrin adından bir həftə və ya bir az artıq müddətdə regiona səfərdə olmaq niyyətindəyəm. Ümid edirəm ki, Krakovda “Madrid Sənəd”i üçün etdiyimiz əlavələr yaxın zamanlarda razılaşmanın əldə olunmasına öz töhfəsini verəcək.
Mövzuya dair:
Rusiya xarici işlər nazirinin müavini: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
Rusiya artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aktiv iştirak edir. Bu açıqlama ilə APA-nın Moskva müxbirinin suallarını cavablandıran Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin çıxış edib.
Rusiyalı diplomat bu xüsusda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Moskvada keçirilən görüşlərini qeyd edib. Onun sözlərinə görə, bu görüşlərdə qəbul olunmuş sənədlər və əldə edilmiş razılıqlar nizamlanma prosesinə dair praktik məsələlərdə irəliləyiş olmasına xidmət edir: “Mən Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin bu ölkələrin xalqları arasında pozitiv münasibətlərin yaranması üçün İrəvana, Bakıya və Dağlıq Qarabağa birgə səfərlər təşəbbüslərini də qeyd etmək istərdim. Axı bunlar qonşu xalqlardır. Düzdür, problemlər sözsüz ki, var, amma münasibətləri pozitiv məcraya salmaq vacibdir”.
Karasin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Onun sözlərinə görə, ötən ilin avqust hadisələri Gürcüstanın ərazi bütövlüyünə ona görə zərbə vurub ki, rəsmi Tiflis danışıqları dayandırmaq və beynəlxalq ictimaiyyət tərəfindən münaqişə tərəfi kimi tanınmış Cənubi Osetiyaya hücum etmək barədə qərar qəbul edib: “Bundan sonra Gürcüstanın ərazi bütövlüyündən necə söhbət gedə bilər? Onu bugünkü Tiflis hakimiyyəti pozub”.
Diplomat əlavə edib ki, Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasının klassik “ərazi bütövlüyü” prinsipinə aidiyyəti yoxdur: “Gürcüstanla bağlı biz təcavüzdən və beynəlxalq nizamlanma prosesinin pozulmasından danışırıq. Amma rusiya beynəlxalq hüququn prinsiplərini həmişə tanıyıb və tanıyır”.