“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.01.2010, 21:22
453

2010-cu il üçün iqtisadi azadlıq indeksi

A- A+

Azərbaycan 179 ölkə arasında 96-cı yeri tutur

“Heritage” Fondu (ABŞ) 2010-cu il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb. “İqtisadi forum” jurnalı xəbər verir ki, Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 96-cı yeri tutub. 

Fondun hesabatına görə, Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə 100 mümkün baldan 58,8-ni toplayıb.

Azərbaycan 2008-ci ildə 107, 2009-cu ildə isə 99-cu yeri tutumuşdu. 2010-cu ildə ölkə öz mövqeyini daha üç pillə möhkəmləndirib.

Reytinq cədvəlində ən aşağı bal 0, ən yüksək bal 100-dür. Fond ballar əsasında iqtisadi azadlığın səviyyəsini belə təsnifatladırıb:  

100-80 bal - azad ölkələr;

79,9-70 bal - əsasən azad ölkələr;

69,9-60 bal - orta səviyyədə azad ölkələr;

59,9-50 bal - əsasən qeyri-azad ölkələr;

49,9-0 bal - qeyri-azad ölkələr.

Azərbaycan əsasən qeyri-azad ölkələr sırasına düşüb.

İqtisadi Azadlıq İndeksi 10 komponent əsasında tərtib edilir. Bu komponentlərə - biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilir.

Azərbaycan əmək azadlığı (82,5 bal), fiskal azadlıq (79,5 bal), hökumətin xərcləri (77,5 bal), biznes azadlığı (74,6 bal), ticarət azadlığı (77,1 bal) komponentləri üzrə yüksək bal toplayıb. Ölkə monetar azadlıq üzrə 62,7, investisiya azadlığı üzrə 55, maliyyə azadlığı üzrə 40 bal qazanıb. Ən aşağı göstərici mülkiyyət hüquqları (20 bal) və korrupsiyadan azadolma (19 bal) komponentlərində olub.

“Heritage” Fondunun 2010-cu il üzrə İqtisadi Azadlıq İndeksində Ermənistan 69,2 balla 38-ci yeri tutub. Bu ölkənin mövqeyində son 3 ildə zəifləmə müşahidə edilir. Ermənistan 2008-ci ildə 28-ci, 2009-cu ildə 31-ci yerdə olub.

Gürcüstan əvvəlki illərdə olduğu kimi yüksək nəticə göstərib. Bu ölkə 70,4 balla 26-cı yeri tutmaqla azad ölkələr sırasına qoşulub.

Estoniya 74,7 balla 16-cı, Litva 70,3 balla 29-cu, Latviya 66,2 balla 50-ci yeri tutub.

Əvvəlki illərlə müqayisədə Qırğızıstanın mövqeyində pisləşmə olub. Qırğızıstan 61,3 balla 80-ci, Qazaxıstan 61 balla 82-ci yerdə gedir.

Digər MDB ölkələri Azərbaycandan pis nəticə göstərib. Moldova 125-ci (53,7), Tacikistan 128-ci (53), Rusiya 143-cü (50,3) yeri tutmaqla əsasən qeyri-azad ölkələr sırasına daxil olub. Belarus (48,7 balla 150-ci yer), Özbəkistan (47,5 balla 158-ci yer), Ukrayna (46,4 balla 162-ci yer) və Türkmənistan (42,5 balla 171-ci yer) azad olmayan ölkələr sırasındadır.

Ən çox bal toplayan Honq-Konq 89,7 balla 179 ölkənin siyahısına liderlik edir. İkinci yeri Sinqapur (86,1), üçüncü yeri Avstraliya (82,6) tutur.

Siyahıdakı son üçlük Kuba (26,7 bal), Zimbabve (21,4 bal) və Şimali Koreyadan (1 bal) ibarətdir.

 * * *

Bax həmçinin:

“Human Rights Watch” təşkilatı yenə Azərbaycana mənfi rəy verib

- 21.01.2010 -

“Human Rights Watch” təşkilatının dünyada insan haqlarının durumuyla bağlı son hesabatında Azərbaycanda insan haqları sahəsində vəziyyətin daha da pisləşdiyi vurğulanır.

“Azadlıq” radiosunun məlumatına görə, hesabatda buna əsas kimi 2009-cu il martın 18-də Azərbaycan Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referendum, jurnalistlərə qarşı hücumlar, dini etiqada dair qanuna məhdudlaşdırıcı müddəaların salınması, polis və cəzaçəkmə məntəqələrində işgəncə halları, kobud rəftar, hüquq müdafiəçilərinin sıxışdırılması halları göstərilir.

90 ölkəni əhatə edən 612 səhifəlik hesabatda Azərbaycana 5 səhifə ayrılıb. 5 səhifənin tam yarısı media azadlığı və vətəndaş cəmiyyətinin aktivliyinə həsr edilib. Hesabatın bu hissəsində 2008-ci ilin noyabrından sonrakı 1 il ərzində Azərbaycanda azı 9 jurnalistin böhtan maddəsi ilə cinayətdə ittiham edilməsindən, Adnan Hacızadə və Emin Milli kim bloqçuların həbsindən, jurnalistlərə qarşı zorakılıq hallarının araşdırılmamasından və Milli Teleradio Şurasının xarici radiostansiyaları milli tezlikdən çıxarmasından danışılır.

Üstəlik, 2009-cu ilin 18 mart referendumunda söz azadlığıyla bağlı bəzi hüquqların da məhdudlaşdırıldığı bildirilir.
“Human Rights Watch” söz azadlığı kimi din azadlığının da Azərbaycanda məhdudlaşdırldığını qeyd edir. Hesabata görə, may ayında qəbul edilən “Dini etiqad azadlığı haqqında” yeni qanun və iyundakı bəzi əlavələrdən sonra bu azadlığın məhdudlaşdırılması daha bariz şəkil alıb. Ölkədəki dini qurumlar 1991-ci ildən sonra 3-cü dəfə təkrar qeydiyyatdan keçməyə məcbur edilir, dini qurumların təbliğat imkanları məhdudlaşdırılır.

Hesabatda deyilir ki, Azərbaycanda müvəqqəti saxlanma yerləri və həbsxanalarda kobud rəftar və işgəncə halları geniş yayılıb. Sübut kimi ötən ilin avqustunda “Tolışi sədo” qəzetinin həbsdəki baş redaktoru Novruzəli Məmmədovun müalicə ala bilmədiyi üçün vəfat etməsi göstərilir.

“Human Rights Watch” vurğulayır ki, iqtidar hələ də siyasi məhbus problemini tam həll etməyib, məsələnin uzadılması Avropa Şurası Parlament Assambleyasını siyasi məhbus üzrə xüsusi məruzəçi təyin etmək cəhdinə səbəb olub. Siyasi səbəblərlə fəallar, iş adamları və başqalarının da həbs olunması halları davam edir.

“Human Rights Watch” təşkilatının proqram direktoru Leyn Levin deyir ki, ötən il təkcə Azərbaycanda yox, bütün dünyada insan haqlarını pozan hökumətlər daha da aqressivləşib, hüquq müdafiəçilərinə qarşı hücumların sayını artırıb: “İnsan haqları hərəkatının nüfuzunun bütün dünyada artması və yayılması üzündən hüquq pozuntularını qeydə alan və qarşısını almağa çalışan təşkilatlara və şəxslərə qarşı hücumlar da intensivləşib. Biz bunu dünyanın bir çox yerində, o cümlədən İranda və post-sovet ölkələrində görürük”.

Levinin sözlərinə görə, insan haqlarını ənənəvi olaraq pozması ilə ad çıxaran Çin, İran, Şimali Koreya və Birma kimi rejimlərin sayı son illərdə lap artıb. Bir-iki istisna olmaqla post-sovet ölkələrinin əksəriyyəti, o cümlədən Azərbaycan da bu siyahıya qoşulub.

Rusiya, Ermənistan, Belarus, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan da artıq daim insan haqlarının pozulduğu ölkələr siyahısındadır. Ukrayna və Gürcüstanda isə vəziyyət elə də yaxşılaşmır.

"Media forum"

Xəbərlər
Redaktorun seçimi