Almaniyada fəaliyyət göstərən institut Qobustan barədə tədqiqat layihəsi hazırlayıb
Layihənin məqsədi dünya mədəni irsinə aid olan Qobustanın tarixini dünyaya tanıtmaqdır
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu Qobustan, Novruz bayramı və Qafqaz Amazonları haqqında beynəlxalq tədqiqat layihəsi hazırlayıb.
Mədəniyyət İnstitutundan APA-ya verilən məlumata görə, layihə çərçivəsində Amazonların həyatından bəhs edən filmin çəkilişi də nəzərdə tutulub.
Layihənin məqsədi isə Qafqaz Amazonlarının həyatlarına dair araşdırma aparmaq, ölkəmizin qədim mədəniyyətini, eləcədə dünya mədəni irsinə aid olan Qobustan tarixini bütün dünyaya tanıtmaq və hazırda Qafqaza olan beynəlxalq marağı daha da genişləndirməkdən ibarətdir. Təbliğ olunacaq milli irs siyahısında türk dünyasında böyük rol oynayan Novruz bayramı və onun tarixi haqqında bilgilər də yer alıb.
Qeyd edək ki, Nizami Gəncəvi adına Mədəniyyət İnstitutuna Almaniyada yaşayan həmyerlimiz, tanınmış şairə və tədqiqatçı Nuridə Atəşi rəhbərlik edir.
Yenilənib
Avqustun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Qobustan, Novruz bayramı və Qafqaz Amazonları haqqında hazırlanan beynəlxalq tədqiqat layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov layihənin beynəlxalq aləmdə böyük maraq doğurduğunu bildirib. Tədbirdə Azərbaycanda səfərdə olan Bundestaq millət vəkili Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Steffen Rayxe, Bundestaq millət vəkili Eduard Lintner, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova, Qobustanın arxioloqu Firuzə Muradova və başqaları çıxış ediblər.
Mövzuya dair:
Olimpiadanın beşiyi - Qobustan
"Nə hay-küy salmısınız, yoldaş Cəfərzadə?!
Mircəfər Bağırov
Tam 13 ildən bəri Qafqaz amazonlarını tədqiq edərkən gəldiyim nəticələr və aşkara çıxardığım tapıntılar özümdən çox, avropalıları şaşırtdı və bu günə qədər bir çox Qərb tədqiqatçılarının amazonlar haqqında yazdıqları cild-cild kitabların önəmini, demək olar ki, heçə endirdi.
Avstriyalı tədqiqatçı Gerhard Pöllauer, almaniyalı Jochen Fornasier, amerikalı Patrik J.Gearu və professor Janin Deviss Kimball amazonların tanınmış tədqiqatçıları hesab edilirlər.
Mən amazonlar haqqında antik yazarların və bugünkü tədqiqatçıların yazdıqlarının izi ilə uzun illərdən sonra addım-addım irəliləyib, amazonların məhz azərbaycanlı qadınların əcdadları olduğu qənaətinə gəldim və onların dünyada ilk yaşayış mağaralarının Qobustanda yerləşdiyini bütün dünyaya bəyan etmək gücünü artıq özümdə hiss edirəm.
Qobustandakı "Ana zağa", "7 gözəl" mağaralarının əsl amazonlar mağarası olduğuna artıq heç bir şübhəm qalmamışdır. Hətta "Ovçular", "Kəniz" mağaralarının da amazon mağaraları olmaları haqqında böyük ehtimallarım var. Zağalardan çıxmış arxeoloji materiallar, qadın heykəlcikləri, daşdan düzəlmiş bəzək əşyaları, vəhşi öküzün ilk dəfə əhliləşdirilməsini əks etdirən, çiyinlərində ox-yay olan, eradan öncə 12-8-ci minilliklərdə qayalara döyülmüş əsl amazon rəsmlərinin avropalıların indiyə qədər amazonların ya mifik obrazlar, ya da yunan qadınları olması barədə fikirlərini alt-üst edəcəyinə qəti əminəm.
Kaliforniyalı arxeoloq xanım Janin Deviss Kimbalın son illərdə Qara dəniz sahillərində, sonra Ukraynanın cənubunda və Parkovka kəndi yaxınlığında ukraynalı arxeoloq Leonid Jablonski ilə birgə apardığı arxeoloji qazıntılar zamanı aşkara çıxardığı 300 amazon qəbrindən tapılan qadın skeletleri, ox-yaylar bütün dünyanı heyrətə gətirdi. O skeletləri analiz etdirərək sübuta yetirdi ki, qadınlar uşaq vaxtlarından bəri at çapan, ox atan insanlar olmuşlar. Bunun haqqında Almaniyanın məşhur ZDF kanalı hətta sənədli bir film çəkdi (Expedition. Sagenhafte Völker das Amazonenritsel". "Əfsanəvi xalqın amazon tapmacası").
Onu da qeyd etmək lazımdır ki, xanım Kimbalın bu kəşfi dünyada sensasiya doğurdu və amazonların doğrudan yaşamış olmalarına bir inam yaratdı. Gilbart Argaundun söylədiyi "Amazonlar mifologiya deyil, onlar tam ayrıca bir tarixdir" fikri dünyada ilk dəfə sübuta yetirildi. Lakin xanım Kimballın bu böyük qələbəsindən sonra Qafqaza deyil, Monqolustana üz tutması, mənim fikrimcə, səhv idi. Onun orada guya 12 yaşlı bir qız uşağında amazon genini tapması tarixi həqiqəti bir az dolaşdırdı. Mən bu sənədli filmə baxarkən və arxeoloq xanımın tədqiqatlarını oxuyarkən ona qəzəblənir, nədən Qafqaza, Azərbaycana getmədiyini düşünərək, tədqiqatçını qınayırdım.
Mən əminəm ki, alim xanım əgər Qobustana gəlib çıxsaydı və "7 gözəl", "Ana Zağa" mağaralarına girmiş olsaydı, qayalarda çiyinləri ox-yaylı təsvir olunan qadınları, mağaralardan çıxarılan qadın heykəlciklərini, bəzək əşyalarını görsəydi, yerində quruyub qalar, hər zaman sensasiya axtaran dünya mətbuatı isə bunu bir amerikalının möcüzəli kəşfi kimi bütün dünyaya car çəkərdi.
Bu kəşfə imza atmaq isə təsadüfən mənə qismət oldu. (Xanım Kimballa çox borcluyam, məni o ayıltdı). Bilmirəm, bu qələbəni mənə qıyacaqlarmı? Amma ölkəmizdə yüzlərlə, minlərlə tutarlı elmi, tarixi, arxeoloji faktların olması məni, əlbəttə ki, çox cəsarətləndirir və bir də 13 ildən bəri oxuyub araşdırdığım tarixi, antik mənbələr, sənədlər, cild-cild kitablar və tədqiqat əsərləri mənə cürət verir.
Məni amazonları tədqiq etməyə, hələ 1996-cı ildən bu tədqiqatı aparmağa sövq edən isə berlinli mərhum türk tədqiqatçısı və tarixçisi Osman Kurt oldu.
Osman Kurt 1992-ci ildə Qobustanda olmuş və geri döndükdən sonra "Hürriyət" qəzetinin 11 avqust 1992-ci il tarixli sayında "Tanrının daş ormanları - Qobustan" adlı yazı yazmışdır. O, ölümünə yaxın məni yanına çağıraraq 30 illik tədqiqatlarını verərək söylədi: "Bu sənin tarixindir, qızım, onu araşdır, sənə güvənirəm" - dedi və bir həftə sonra dünyasını dəyişdi.
Düz 13 ildir, amazonların izini Yunaıstanda, Türkiyədə, İspaniyada, Amazoniyada axtarsam da, ən sonda öz doğma vətənimdə - Qobustanda onların ilk məskənlərinin yerləşdiyini ortaya çıxarmağım məni hədsiz qürurlandırır.
Qobustanla bağlı ikinci bir istəyim - yeni tezisim dünyada Öküzün ilk dəfə əhliləşdirilməsinin də Qobustan qadınlarının şücaəti olduğunu sübut etməkdir. Kiçikdaş dağındakı 58 nömrəli qaya üzərində tələyə salınmış, ağzından köpük çıxan öküz rəsmi, zağalardan tapılmış gil araba təkərləri, Cınqırdağ dağındakı 55 nömrəli daşın üzərində eradan əvvəl 2-ci minilliyə aid edilmiş ikiçarxlı araba rəsmi, Böyükdaş dağındakı 45 nömrəli qayaüstü rəsm - eradan əvvəl 6-cı minilliyə aid edilən, başına ip salınmış öküzün təsviri, qayalarda öküzləri bağlamaq üçün açılmış dəliklər mənim fikrimin təkzibedilməz sübutlarıdır. Antik yazarların Xəzər sahillərində, Qafqaz dağlarında yaşayan Amazon qadınlarının öküz arabaları olduğunu dəfələrlə müxtəlif mənbələrə əsasən söyləmələri isə bu tezisimin doğru olduğunu təkrarən təsdiqləyir.
Dünya qarşısında isbatlayacağamız digər kəşf isə Olimpiadanın Yunanıstandan deyil, Qobustandan başlamasıdır və bu fikir fərziyələrə deyil, qayaüstü rəsmlərə əsaslanır. Qayalardakı "Yallı" rəsmləri, bir çox Qobustan tədqiqatçılarının da söylədiyi kimi, Daş dövrü insanlarının ilk musiqi aləti olan Qavaldaş və kollektiv rəqs, uğurlu ovdan sonra əyləncə mərasimləri ilkin tutarlı faktlardır. Amazonların oxatma, qayalardan tullanma, qaçma kimi yarış və məşqlərinin olduğu da məlumdur. Bunlar bizə Qobustanın görkəmli tədqiqatçıları olan İ.Cəfərzadənin, C.Rüstəmovun və F.Muradovanın çox qiymətli əsərlərindən bəllidir. Bu faktlar isə antik mənbələrin amazonların yazda dağlardan enərək tonqal ətrafında rəqs etmələri, kollektiv oyun mərasimləri ilə üst-üstə düşür.
Əvvəllər yazdığım silsilə məqalələrimdə qeyd etmişəm ki, yunanlar ilk dəfə amazonlar haqqında Homerdən eşitmişdilər. Yalnız eradan əvvəl 776-cı ildə Yunanıstanda Olimpiya oyunları keçirilməyə başlayıb. Halbuki eradan ən azı 12 min il öncə ulu rəssamlar Qobustan amazonlarını çiyinlərində ox-yay olmaqla qayalara həkk edərək, təsvirlərini bizlərə ötürüblər. Qobustandakı yallı rəsmlərinin tarixi isə öz etibarlı arxeoloqlarımız tərəfindən ən azı eradan öncə 4-5-ci minilliklərə aid edilib.
Amazonlar, eyni zamanda, şəhər qurucuları kimi də tarix səhifələrində yer alıblar. Onlar Themiskzyra, Ephesos (Efes) şəhərlərini salıblar. Hətta İzmir şəhərini də Murina adında bir amazon qadının qurduğu bildirilir.
Amazonların saldığı ilk şəhər isə - Qayalar yurdu - əzəmətli Qobustan olub! Onların qurduğu bu ilk şəhər, amazonların bütün dünyadakı yeganə daş kitabı ilə dünyanı heyrətləndirməliyik. Bu işi çox yüksək səviyyədə təşkil etməyin vacibliyini vaxtında və hamılıqla anlamalıyıq.
İndi isə, yazının əvvəlində sitat gətirdiyim, əsəbi tərzdə deyilmiş cümlələr barədə: Qobustanın girəcəyindəki qaya parçasının önündəki, Sovet Azərbaycanından qalma afişanın qarşısındakı hər dəfə ora gedəndə xeyli dayanıram. Afişada kiril qrafikasıyla yazılıb: "Üzərində şəkil, çuxur, dəlmə və yazı olan daşlar qədim Azərbaycan mədəniyyəti abidələridir. Onları qırmaq və xarab etmək qanunən qadağan edilmişdir. Azərbaycan SSR Elmlər Akademiyası, 1950".
Ancaq gerçəklik Qobustanın əleyhinəydi. İllər boyu Qobustandakı qayalar, daşlar dağıdıldı, parçalandı, Bakı-Tiflis dəmiryolunun, qonşu kənddəki məscidin tikintisində və yaxud da qəbir daşlarının hazırlanmasında istifadə edildi. Qobustandakı həbsxananın dustaqları gecə-gündüz orada məcburi işlədildi. Hətta qayaları, daşları daha asanlıqla daşımaq üçün tunellər, yollar çəkildi. Yüzlərlə qayanı, qiymətli daşları parçaladılar, kurqanlar dağıdıldı.
Qobustanın fədakar tədqiqatçısı mərhum Cəfərqulu Rüstəmov "Qobustan dünyası" kitabında Böyükdaş, sonra da Kiçikdaş dağının üstündə daş karxanasının açılmasını, buna icazə verilməsini görünməmiş bir cinayət hesab edir və ürəyi yana-yana öz müəllimi, məşhur arxeoloq İ.Cəfərzadədən eşitdiklərini qələmə alır: "Bir gün Mircəfər Bağırov İsaq müəllimi yanına çağırıb deyir: ""Nə hay-küy salmısınız, yoldaş Cəfərzadə?! Qayalarda bir neçə cızıq tapmısınız deyə, istəyirsiniz ki, müharibədən qayıtmış, Hitlerə qələbə çalmış əsgərlərimiz üçün ev-eşik tikməyək?"
C.Rüstəmov Qobustan uğrunda uzun illər boyu apardığı mücadiləni, eşidilməyən haraylarını içinə gömüb, təəssüf içində dünyasını dəyişdi. Bu gün isə Qobustanın həyatda olan yeganə arxeoloqu - onun həyat yoldaşı Firuzə xanım Muradovanın harayları cavabsız qalıb. 2009-cu il aprelin 18-də Azərbaycanda mədəni irsin, yaxud tarixi abidələrin qorunması günü münasibətilə Qobustana gələn 75 yaşlı arxeoloq Firuzə xanım Muradova Kiçikdaş dağında qum karxanasının fəaliyyət göstərdiyini görüb dəhşətə gəldi və mətbuatda haray qopardı. Kim səs verdi arxeoloqun səsinə?
Həmin gün mən də fotoqrafım M.Həsənoğlu ilə Qobustanda idim. Bu dəhşətli mənzərəyə sakitcə baxdım və susdum. Son illərdəki haraylarımın acı nəticəsi idi məni susmağa məcbur edən. Hər gün 100-200 maşın qum daşınır oradan. Qobustanın çökməsi təhlükəsi, Firuzə xanımın söylədiyi kimi doğrudan da var. Var belə bir təhlükə!!! Biz o daş və qum daşıyan maşınların təkərləri üzərində öz tariximizi gedər-gəlməzə yola sala bilərik!!!
Ölkə rəhbərliyinin bu harayını eşidərək, Qobustanda karxana fəaliyyətinin dayandırılması barədə qərar verəcəyinə, Olimpiadanın beşiyi olan Qobustanın daha diqqətlə qorunmasının qayğısına yenə də inanır, bunu bütün varlığımla arzu edirəm. İnanıram ki, Azərbaycan mədəniyyətinin qorunması və təbliği üçün önəmli işlər görən Heydər Əliyev Fondu da Qobustan qayaüstü rəsmlərinin yox olmasına imkan verməmək üçün də zəruri addımlar atacaq.
Nuridə Atəşi, “525-ci qəzet”, 08.08.2009.
Bax həmçinin:
Azərbaycanlı şairənin kitabları Almaniyanın Milli Dövlət Kitabxanasında kataloqlaşdırılıb
Almaniyanın Leypsiq şəhərində yerləşən Almaniya Milli Dövlət Kitabxanası bu ölkədə yaşayıb yaradan tədqiqatçı yazar Nuridə Atəşinin Almaniyada və Azərbaycanda nəşr olunmuş kitablarını kataloqlaşdırıb.
APA-nın məlumatına görə, kataloqa müəllifin indiyə qədər nəşr olunmuş 15 kitabı, müxtəlif antologiyalarda yer almış əsərləri, həmçinin tədqiqat nümunələri daxildir.
Klassik Azərbaycan ədəbiyyatının “Pərvanə və Şam” adlı antologiyasını məşhur alman sairi Jan Veinertlə bərabər ötən ilin sonunda Almaniyanın tanınmış “Mattes& Seitz” nəşriyyatında nəşr etdirdikdən sonra şairə alman ədəbi dairələrinin diqqətini daha da cəlb edib.
Nuridə Atəşi həmçinin K. Fiser nəşriyyatından alman dilində seçilmiş əsərlərindən ibarət kitabını nəşr etdirmək təklifi alıb. “Od qızı” adlı şeirlər kitabı ötən ay nəşriyyatın nəzdindəki “Deutsche Lyrik Verlag“ nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunub.
Bundan başqa, K. Fişer nəşriyyatı “Bu günün nəsri və poeziyası” adlı 537 səhifəlik antologiyasına azərbaycanlı şairənin 5 əsərini və geniş bioqrafiyasını daxil edib.
Qeyd edək ki, dünya şöhrətli yazar Məhəmməd Əsəd Bəydən sonra N. Atəşi alman dilində yazan və alman ədəbiyyatında özünə yer edən ikinci Azərbaycan yazarıdır.