Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb
“Şadam ki, vaxtilə müharibə və siyasi fəlakət həddində olan ölkənin indi mədəniyyət və incəsənətini təbliğ edirəm”
Montana Universitetinin professoru, “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltzun Azərbaycanın “Qədim Şərq” muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli film Kaliforniyada keçirilən festivalda “Şərəf” mükafatı alıb.
APA-nın ABŞ bürosunun xəbərinə görə, “Accollade Film” festivalına təqdim olunan filimdə “Qədim Şərq” qrupunun Montananın Billings şəhərinin “Rocky Mountain College”-də, Bozmanda yerləşən Montana Dövlət Universitetinin musiqi departamentində, Yelloustoundakı Livinqston kitabxanasında və Missula şəhərində yerləşən Montana Universitetində muğam ustası Cefri Verbohla birgə çıxışı lentə alınıb.
Professor T. Qoltz mükafatın təqdimat mərasimində “mən şadam ki, vaxtilə müharibə və siyasi fəlakət həddində olan ölkənin indi mədəniyyət və incəsənətini təbliğ edirəm”, - deyə qeyd edib.
Filimin ərsəyə gəlməsində Azərbaycan-Avropa Birliyi Cəmiyyətinin sədri Tale Heydərov, Montanada yaşayan Dağlıq Qarabağdan olan məcburi köçkün Vahid Ələkbərov, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov iştirak ediblər.
Qeyd edək ki, Kaliforniyanın La Jolla şəhərində keçirilən festival bu il 15 illik yubileyini qeyd edir.
Bax həmçinin:
Tomas Qolts: "Təsadüfən Azərbaycana gəldim, özüm də bilmədən bu ölkəyə marağım yarandı"
O, Azərbaycana ilk dəfə hadisələrin gərgin cərəyan etdiyi vaxtda - 1991-ci ildə gəlib. Ölkədə baş verən dəyişikliklərin, o cümlədən Qarabağ münaqişəsinin şahidi olmuş yeganə əcnəbi jurnalistdir. Həm də Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalistidir. Şahidi olduğu bütün hadisələri təfərrüatı ilə "Azerbaican Diari" (Azərbaycan Gündəliyi) kitabında cəmiləşdirib.
Əlbəttə, söhbət bu gün Azərbaycan cəmiyyətinə yaxşı bəlli olan amerikalı jurnalist Tomas Qoltsdan gedir. O, 1954-cü ildə Yaponiyada anadan olub. Kariyerasına Çikaqo və Nyu-Yorkda aktyor dramaturq kimi başlasa da, sonralar diqqətini xarici dilləri və tarixi öyrənməyə yönəldib. 1985-ci ildə Orta Şərq Araşdırmaları üzrə Nyu-Yorkda Universiteti bitirib.
Tomas İstanbulda sərbəst formada bir sıra qəzet və agentliklərlə əməkdaşlıq edib. Bu dövrdə onun jurnalistik fəaliyyəti Bolqarıstan, Kipr, Misir, Almaniya, İraq, İordaniya, Sudan və Suriyanı əhatə edib. Qəribə bir təsadüf onu Bakıya gətirib çıxarır və iki həftə keçməmiş bu amerikalıda sözün əsl mənasında, Azərbaycana maraq və sevgi yaranır. Elə bu sevginin təsiri altında 1991-ci ildən bu günə qədər Tomas Qolts Azərbaycan üçün çox böyük işlər görüb.
Bakıya budəfəki səfəri də bir sıra mühüm səbəblərdən qaynaqlanır. Həmkarımızla söhbətə daha əvvəldən, 90-cı illərdən başladıq.
- Cənab Qolts, hər kəs sizi azərbaycanlıların dostu kimi tanıyır. Okeanın o tayında yaşayan fərqli dil, din və adət ənənəni təmsil edən bir amerikalıda Azərbaycan sevgisinin olması nədən irəli gəlir?
- Bunun çox maraqlı tarixçəsi var. 1990-cı ildə Amerikanın Cari Dünya İşləri İnstitutunun xətti ilə Sovet Orta Asiyası üzrə türkdilli respublikaları araşdırmaq işinə başladım. Amma nədənsə Orta Asiya məndə maraq yaratmırdı. O zaman birinci körfəz müharibəsi gedirdi. Amerikadan Türkiyəyə gəldim. Bir qədər Şimali İraqda çalışdım. İyul ayında İstanbul-Moskva-Daşkənd reysinə bilet almaq üçün İstanbula gəldim. Amma mənə bu bileti satmaq istəmədilər. O zaman Ankarada işləyən və yaxın dostum olan Yalçın Əlizadə adlı azərbaycanlı müxbir mənə dedi ki, İstanbul-Bakı reysi üzrə bilet alım. Dedi ki, vizan yoxdur, amma sərhədçilərlə birtəhər dil taparsan;mənim ailəm səni o biri tərəfdə qarşılayacaq.
Beləliklə, həyat yoldaşımla Bakıya gəldik. İki həftə bu şəhərdə qaldıqdan sonra diqqətimi 4 mühüm məqam çəkdi:Siyasi hakimiyyət dəyişmək üzrədir, rejim çökür, neft sahəsi, Ermənistan-Azərbaycan müharibəsi. Beləcə, heç özüm bilmədən Azərbaycana maraq yarandı. Mən Orta Asiya üzrə mütəxəssis olacaqdım. Amma təsadüf hər şeyi dəyişdi. Bakıda bir ay qalacaqdım. Amma sonrakı proseslərin gedişində Azərbaycan müstəqil ölkə oldu. 1991-ci ilin oktyabr ayında Azərbaycan Xarici İşlər Nazirliyinin xarici mətbuat xidməti ofisi yarandı. Həmin ofisdə akkreditə olunmuş ilk əcnəbi müxbir mən oldum.
- Siz Heydər Əliyevlə hələ o, Naxçıvanda olarkən görüşmüsünüz. O günləri necə xatırlayırsınız?
- İttifaq dövründə çox məşhur bir adam haqqında oxuyub eşitmişdik. Bakıda mənə məlum oldu ki, indi o, ən ucqar yerdə yaşayır. Bu, Heydər Əliyev idi, 1991-ci ildə Naxçıvana getdim və onunla görüşdüm. Mənə maraqlı idi ki, Kremldə işləmiş bir adam indi Naxçıvanda necə yaşayır. Ona görə getdim. Və bu da onun xoşuna gəldi.
O zaman Qərbdə və Amerikada belə fikir var idi ki, Heydər Əliyev siyasi səhnədən birdəfəlik gedib. Söhbət zamanı mənim üçün Qərbdə və Amerikada formalaşan fikir alt-üst oldu. Düşündüm: Bu adamın böyük iradəsi var. Sülhü bərqərar etmək üçün yaşayır.
- Söhbətinizin mövzusu nə idi ki, belə qərara gəldiniz?
- O, mənimlə elə söhbət edirdi ki, guya mən sovet mütəxəssisiyəm. Moskvada bütün siyasi mövqelər haqqında danışırdı. Tamamilə yad ölkə, yad insanları olan Azərbaycan və hamıdan da maraqlısı Heydər Əliyev idi. Çünki əslində onun böyüklüyü görünürdü. Dahi olmaq üçün çoxtərəfli olmalısan. Bu keyfiyyətlər isə onda var idi. Heydər Əliyev dahi insan idi. O, Azərbaycanla digər ölkələr arasında siyasəti balanslaşdıra bilirdi.
- "Bakı-Ceyhan Neft Odisseyası-2000" layihəsi üzrə keçirilən yürüşün ideya müəllifi siz olmusunuz. Bunda məqsəd nə idi?
- 2000-ci ilin 22 avqustunda prezident məni qəbul etdi və ideyama dəstək verdi. 12 gün davam edən macerayabənzər bu yürüşlə, sanki Azərbaycan mədəniyyətini təbliğ edirdik. Yollarda mahnılar, rəqslər ifa olunurdu. Biz bu yürüşlə göstərmək istəyirdik ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin olması mümükündür. Çünki bilirsiniz ki, borununu tikintisindən əvvəl ona qarşı çıxanlar var idi. Bu həm də Heydər Əliyevin böyüklüyünü göstərirdi. Buna qədər hər kəsə elə gəlirdi ki, iqtisadi maraqlar siyasi maraqların üzərində durur. Lakin prezident hamıya sübut etdi ki, siyasi maraqlar iqtisadi maraqlardan daha vacibdir. O, şəxsən mənə bir çəllək neft verdi və dedi ki, apar və bütün dünyaya sübut et ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri xəyal yox, reallıqdır. Mən həmin nefti hələ də yadigar olaraq saxlayıram.
- Azərbaycana gəldikdən sonra hərbi jurnalist kimi fəaliyyət göstərmisiniz. Qarabağ müharbəsinin ən qaynar nöqtələrində olub həqiqəti dünyaya çatdırmısınız. Bu sizin üçün çətin deyildi?
- Bu çox çətin idi. Mən beynəlxalq aləmi inandırmalı idim ki, Azərbaycan tərəfə ermənilər hücum edib. Bu, həmişə problem yaradırdı. Hətta bu gün də çətindir. O zaman Qərb mətbuatı yazırdı:Azərbaycanlılar müsəlman, ermənilər isə xristiandırlar. Ermənilər həmişə bu faktordan istifadə edirdilər: "Mən xristian mənşəliyəm və ya xristian mədəniyyətindən gəlmişəm". Əgər erməni deyirsə ki, mən xristianam, bu, mənim üçün heç bir əhəmiyyət kəsb etmir.
Eyni zamanda, bu, onların hərəkətinə heç bir haqq qazandırmır. Lakin Avropada və Amerikada elə insanlar var ki, deyirlər: "Əgər onlar xristiandırlarsa, deməli düzgün hərəkət edirlər". Elə həqiqətləri yaymağa da mane olan bu kimi amillər idi. 1991-ci ildən 1994-cü ilə qədərki dövr Azərbaycan üçün çətin illər idi. Həmin illərdə jurnalist kimi Laçın, Kəlbəcər, Şuşa, Xocalıda olmuşam. Budəfəki səfərimdə də Tovuza getdim. Tərtər, Bərdə tərəflərdə oldum.
- Azərbaycana budəfəki səfərinizin səbəbini bilmək maraqlı olardı?
- Bu, artıq mənim ilə ərzində Azərbaycana üçüncü səfərimidir. Bu səfərimin bir neçə səbəbi var. Azərbaycan diplomatiyasının 90 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etdim. Digər məqsədim "Azərbaycan Gündəliyi"kitabının dilinizə tərcümə olunmasıdır. Heydər Əliyev kitabın tərcüməsi barədə hələ 9 il əvvəl göstəriş vermişdi. Ölkənizdə nə qədər qalmağım da bu prosesdən asılı olacaq. Üçüncü səbəb "Xocalı" sənədli filminin proyekti ilə əlaqədardır. Çünki mən bu hadisələrin şahidi olmuşam. Mən həmçinin köhnə dostlarımla görüşmək istəyirəm. Bəlkə Qəbələyə velosipedlə yürüş etdim.
- Filmin çəkilməsi kimin ideyasıdır və onu nə zaman çəkməyə hazırlaşırsınız?
- "Xocalı" sənədli filmi proyektinin arxasında Heydər Əliyev Fondunun Moskva nümayəndəsi Leyla Əliyeva dayanır və mən də "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən bu proyekti dəstəkləyirəm. Bizə, həmçinin Heydər Əliyev Fondu, İslam Şurası Təşkilatının Gənclər Forumu dəstək verir. Filmin nə qədər vaxta ərsəyə gələcəyini bilmirəm. Onu çəkmək üçün ən azı Vaşinqton, London, Nyu-York və böyük ehtimalla Moskvaya getmək lazım gələcək. Çünki biz adları Rusiyanın insan hüquqları tarixi salnaməsinə daxil olan insanlardan da müsahibələr götürmək istəyirik. Ona görə ki, onların Xocalı barədə hesabatları var idi.
P.Sultanova, “525-ci qəzet”, 08.08.2009.