“Əfsuslar olsun ki, torpaqlarımız işğal altındadır”
“Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir”Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı 2013-cü ildə həyata keçirilən işlərdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açıb, eyni zamanda, həlli vacib problemlərdən, yeni ildə görüləcək işlərdən danışıb. Ölkənin qarşısında duran ən böyük problem isə Azərbaycan torpaqlarının artıq 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmasıdır.
* * *
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
- Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
2013-cü il arxada qalır. 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli inkişafı davam etmişdir.
2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak etmişdir. Beynəlxalq hüququ, ədaləti müdafiə etmişdir.
Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik.
Ordu quruculuğu işində böyük uğurlarımız vardır. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır. Bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güclü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal siyasət aparacağıq.
İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatlar bunu təsdiqləyir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır.
Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük nailiyyətdir, çox böyük nəticədir, onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. Son illər ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə gətirib çıxarmışdır. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl şəkildə icra edilir.
Eyni zamanda, güclü iqtisadiyyat əlbəttə ki, sosial məsələlərin həllinə də kömək göstərir. Azərbaycan bu sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə, güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtlarından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilmişdir. Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcəkdir. Bunu deməyə əsas verən bizim güclü iqtisadi potensialımızdır. İqtisadi müstəqillik olmadan heç bir ölkə özünü tam azad, müstəqil hesab edə bilməz. Ona görə, hesab edirəm ki, iqtisadi sahədə müstəqilliyin əldə olunması bizim ən böyük nailiyyətimizdir.
Eyni zamanda, ölkəmizdə siyasi islahatlar davam etdirilir və davam etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir.
Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə 2013-cü ildə daha da böyük miqyasda aparılmışdır. Biz daha da böyük uğurlara nail olmuşuq. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaratmışdır. İlin əvvəlində yaradılmış “ASAN xidmət”in fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış “ASAN xidmət” bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu xidmətə beş yüz mindən artıq vətəndaş müraciət etmişdir. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda, elektron xidmətlərin sayı da artırılmalıdır.
Azərbaycan bu il dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq etdi. Bu il Azərbaycanda Üçüncü Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu iki tədbir dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun aparılması üçün özünü bir mərkəz kimi göstərir. Ölkəmizdə mövcud olan dini və milli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə təcrübəsi dünyada öyrənilir və təqdir edilir.
Əlbəttə ki, neft-qaz sektoru da ölkəmizin gələcək inkişafı üçün çox böyük məna daşıyır. 2013-cü ildə bir neçə vacib məsələ öz həllini tapmışdır. Onlardan biri də Trans-Adriatik kəməri layihəsinin seçilməsidir. TAP layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq edilmişdir. 2012-ci ildə Trans-Anadolu qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir və bu il bu istiqamətdə böyük işlər görülmüşdür. Dekabrın 17-də “Şahdəniz-2” layihəsinə start verildi. Bu, tarixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, “Şahdəniz-2” layihələri Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha Azərbaycan xalqını bu böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu layihə xalqımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir layihədir.
Bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər azad, ədalətli şəkildə keçirilmişdir. Seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət vermişlər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət vermişdir. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam.
Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində “Azərspace-1” peykinin fəzaya buraxılması tarixi nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmiz böyük işlərə, böyük uğurlara imza atır. Kosmik sənayenin inkişafı ölkəmizin ümumi, intellektual və iqtisadi potensialını bir daha təsdiqləyir.
Əziz bacılar və qardaşlar, bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün azərbaycanlılar, əminəm, fəxr edirlər ki, bu gün güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz vətəndaşları üçün çalışır, vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir.
Mən bütün Azərbaycan xalqını bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.