Metyu Brayza Ermənistanda «persona non-qrata» elan edilir
Erməni millətçilərinə görə, Qarabağ məsələsində Azərbaycanpərəst mövqe tutan diplomatın Ermənistana ayaq basmağa haqqı yoxdur
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini Metyu Brayza regional səfər çərçivəsində dünən Bakıya gəlib. Səfərdə başlıca məqsəd Qarabağ nizamlanmasına dair baza prinsiplərinin («Madrid prinsipləri») bəzi detallarının yenilənməsini Azərbaycan rəhbərliyi ilə müzakirə etməkdir. Ötən həftə Yerevanda olan Brayza bu barədə Ermənistan rəhbərliyi danışıqlar aparıb. Brayza həmçinin erməni müxalifətinin lideri, eks-prezident Levon Ter-Petrosyanla, qeyri-hökumət təşkilatları, gənclər qurumları ilə görüşlər keçirib.
Amerikalı diplomatın avqustun 13-dək sürəcək Bakı səfərinin proqramı da zəngindir. Onun prezident və XİN başçısı ilə yanaşı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşəcəyi də gözlənilir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Brayzanın həmçinin özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Amerikalı diplomat təhlükəsizlik və enerji məsələləri, eləcə də demokratik institutlarının gücləndirilməsində birgə maraqlara dair davam edən ABŞ-Azərbaycan tərəfdaşlıq məsələlərini də müzakirə edəcək.
Qeyd edək ki, 2005-ci ilin iyun ayından ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə məsul şəxsi, 2006-cı ilin avqustundan isə paralel olaraq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi vəzifəsində çalışan Metyu Brayzanın bu ilin payızında vəzifəsini təhvil verəcəyi bildirilir. Məlumatalara görə, Brayza ABŞ-ın Azərbaycanda yeni səfiri təyin olunacaq. Hərçənd indiyədək bu xəbərlər Brayzanın özü, eləcə də ABŞ rəsmi qaynaqları tərəfindən təsdiqlənməyib.
Bir gün öncə Gürcüstanın informasiya vasitələri ABŞ-ın Tiflisdəki səfirliyindəki mənbələrə istinadən Brayzanın Amerikanın Azərbaycandakı səfiri postuna təyinat alması barədə növbəti xəbər yaymışdılar. Dünən isə ABŞ-ın Ermənistandakı erməni mediasının məsələyə xüsusi həsaslığını nəzərə alaraq həmin xəbəri təkzib edən açıqlama yayıb.
Səfirlikdən bildiriblər ki, Brayzanın Azərbaycana səfir təyin olunacağı barədə xəbərlər dezinformasiyadır. «Biz bu informasiyanın haradan qaynaqlandığını bilmirik, bu barədə heç bir rəsmi açıqlama olmayıb», - deyə «Panarmenian.net» saytı səfirliyin açıqlamasından sitat gətirir.
Qeyd edək ki, Brayzanın Amerikanın Azərbaycanın böyükelçisi təyin olunması ehtimalı erməni dairələrini əbəs yerə narahat etmir. Erməni siyasi dairələri və mediası artıq xeyli müddətdir ki, amerikalı diplomatı Qarabağ sülh prosesində azərbaycanpərəstlikdə ittiham etməyə başlayıblar.
Brayzanın ötən həftə Yerevanda erməni gənclərin forumunda bəyan etdiyi fikirlər bu ittihamlara yeni meydan açıb.
Xatırladaq ki, Brayza həmin forumda Qarabağ sülh prosesindən danışarkən erməni tərəfin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana qaytarmalı olduğunu deyib və bu zaman Azərbaycan prezidentinin də bir qədər əvvəl səsləndirdiyi bəyanatdan sitat gətirib. Amerikalı diplomat əlavə edib ki, Qarabağ sülh prosesinin digər mühüm elementi bölgənin statusunun müəyyənləşməsidir. Brayzanın sözlərinə görə, bu məsələ hazırda müzakirə mövzusudur və tərəflər uzlaşma tapmağa çalışırlar. Eyni zamanda, o bildirib ki, statusun müəyyən olunmasında Dağlıq Qarabağ əhalisi arasında referendum əsas məqamlardan biri olacaq.
«Madrid sənədindəki fundamental prinsiplər olduğu kimi qalır. Dəyişən yalnız bir neçə kiçik texniki məqamdır. Əlbəttə, bu dəyişikliklər mühümdür, amma heç bir tərəfə üstün şərait yaratmır», - bunu isə amerikalı diplomat «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində deyib.
Lakin erməni dairələri Brayzanın sözlərini kəskin tənqidlə qarşılayıblar. Politoloq Levon Melik-Şahnazaryanın fikrincə, «Madrid prinsipləri»nin Brayzanın dilindən səslənən təqdimatı erməni tərəf üçün qətiyyən qəbuledilməzdir: «Brayzanın açıqlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasından birmənalı bəhs edildiyi halda, Dağlıq Qarabağın gələcək statusu barədə qeyri-müəyyən fikir səslənir və faktiki olaraq heç nə deyilmir».
«Brayza hələ Azərbaycanda səfir vəzifəsində işə başlamamış bir sıra strateji xarakterli səhvlərə yol verib. Sual olunur, nəyə görə Brayza Qarabağ sülh prosesindən danışarkən Azərbaycan prezidentindən sitat gətirir. Belə təsəvvür yaranır ki, amerikalı diplomat bununla özünün Azərbaycanda şəxsi mövqelərini möhkəmləndirməyə çalışır», - deyə digər erməni politoloqu David Babayan qeyd edir.
Politoloqun fikrincə, bu yolla Brayza daha çox Amerika siyasətinin Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində diplomatik uğur qazana bilər, nəinki Ermənistan-Azərbaycan münasibətləri məsələsində.
Ermənistanın «Konstitusiya Hüququ İttifaqı» partiyası isə amerikalı həmsədrə qarşı daha kəskin ittihamla çıxış edib. Partiya Brayzanın Ermənistanda arzuolunmaz diplomatik şəxs - «persona non-qrata» elan olunmasını tələb edib.
«Mən təqribən bir il bundan öncə də bildirimişdim ki, Ermənistan hakimiyyəti Brayzanı «persona non-qrata» elan etməlidir və yenə də bu fikirdəyəm. Ermənistan xalqına, dövlətinə və hakimiyyətinə hörmət etməyən əcnəbi diplomat məhz buna layiqdir», - deyə partiyanın sədri Ayk Babuxanyan bildirib.
Ermənistanda «arzuolunmaz şəxs» qismində təqdim olunan Brayza qonşu Gürcüstanda isə yüksək mükafata layiq görülüb. Dünən prezident Mixail Saakaşvili amerikalı diplomatı iki ölkə arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Gürcüstanın ali dövlət nişanı - «Şərəf» («Qızıl qoç yunu») ordeni ilə təltif edib. Ordeni amerikalı diplomata təqdim edən Saakaşvili bildirib ki, Amerika və Gürcüstan arasında bugünkü bərabərhüquqlu tərəfdaşlarlıq münasibətlərinin yaranmasında Brayzanın böyük əməyi olmuşdur: «Bu, eyni demokratik dəyərlərə söykənən iki tərəfdaşın bərabər münasibətləridir».
“525-ci qəzet”, 12.08.2009.
Mövzuya dair:
Metyu Brayza: “Dağlıq Qarabağ ətrafındakı yeddi rayon Azərbaycana qaytarılacaq” (11.08.2009)