“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.02.2013, 15:14
472

“Bu, son xəbərdarlıqdır”

A- A+

“Əgər bir də bilsəm ki, hansısa məmurun övladı xuliqanlıq, nadanlıq edib, o adam həbs ediləcək, atası işdən qovulacaq”

“Bölgələrdə gedən işlər dövlət siyasətinin təzahürüdür. Yerli icra orqanları səmərəli, fəal işləyirlər. Amma bəzi hallarda yerli icra orqanlarının hərəkətləri tamamilə bizim dövlət siyasətinə zidd olur. Onlar öz məsuliyyətini dərk etməlidirlər”.

Prezident İlham Əliyev bu sözləri fevralın 12-də “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Prezident deyib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Biz hər şeyi vətəndaşımız üçün edirik. Biz xalq üçün çalışırıq, qurub-yaradırıq, ölkəni gücləndiririk, Azərbaycan qüdrətli dövlətə çevrilməsini istəyirik. Hər bir vətənpərvər adam bunu istəyir. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsiz şəraitdə yaşayacaqlar”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır: “Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqir edilib, incidilməməlidir. Amma belə hallar var? Var. Kim bunu edir? Dövlət məmurları. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Buna yol vermək olmaz”.

Prezident qeyd edib ki, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir: “Amma belə hallar da var, hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, ona bir neçə əsas istiqamət göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Bunu hər birinə deyirəm. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Çünki etimadı doğrultmayıblar. Hər bir icra başçısını təyin edəndə demişəm ki, gedin insanlara arxa durun, köməklik göstərin, hörmətlə yanaşın. Bəzən mən bunu görmürəm, görməyəndə də tədbirlər görürəm”.

Ölkə başçısı bəzi hallarda məmurların vətəndaşlara yuxarıdan aşağı baxdığını qeyd edib: “Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər. Belə hallar var, bunlar aradan qaldırılmalıdır”.

 

“Özləri üçün böyük məclislər, təmtəraqlı yubileylər düzəldirlər”

 

Prezident qeyd edib ki, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməli, insanlara qulluq etməli, təvazökar olmalıdır: “Bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu mənim təbiətimdi. İkincisi, bir yol göstərdim, belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu edir, bilir, mən kimi nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir.  Hesab edirəm ki, bu sözlərdən sonra özləri və ailə üzvləri, uşaqları özlərini yığışdıracaqlar”.

 

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər”

 

Dövlət başçısı vəzifəli şəxslərin ailə üzvləri ilə bağlı gələn informasiyalardan da danışıb: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları vəzifəyə mən təyin eləmişəm, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq, nadanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bunu hamı bilsin. Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər, hamısı həbs ediləcək. Vəssalam”.

Prezident qeyd edib ki, bu barədə Daxili İşlər Nazirliyi də məlumat verəcək: “Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənəmizi yerə vuran hər kəs cəzalanacaq. Bunu hamı bilsin. Mən hesab edirdim ki, bir neçə dəfə bu barədə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan adət-ənənəmiz, davranış qaydalarımızdır. Bunu pozmaq istəyənlər öz cəzalarını alacaqlar”.

* * *

►Mövzuya dair:

İcra başçıları işdən çıxarılıb

 

Prezident İlham Əliyev fevralın 14-də Nizami Həsən oğlu Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Mirdaməd Sadıqov bu təyinatadək Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru idi. İqtisad elmləri doktoru, professor Sadıqov Mirdaməd Mirsadıq oğlu 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

* * *

Prezidentin İlham Əliyev fevralın 15-də imzaladığı sərəncamla Asif Salman oğlu Məmmədov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu vəzifəyə Asif Əzizağa oğlu Ağayev təyin edilib.

 

 

Xəbərlər
Redaktorun seçimi