“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2009, 09:40
488

Yuri Pompeyev: Ermənilərin işğal etdikləri torpaqlarda ot da bitmir

A- A+

“O ərazilərin qanuni sahibləri – azərbaycanlı köçkünlər doğma yurdlarına qayıtmayana qədər heç bitməyəcəkdir də”

Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olan rusiyalı yazıçı-publisist, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, professor Yuri Pompeyev jurnalistlərə açıqlama verib. 
 
Tanınmış yazıçı müsahibəsində nəzərə çatdırıb ki, Azərbaycanın yeni tarixinə həsr olunmuş bir neçə kitabın müəllifidir: "Emənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı ilk kitabım - “Qarabağ qan girdabında” 1992-ci ildə Sankt-Peterburqda nəşr etdirilmişdir. Müəllif xudbinliyi ilə demək istərdim ki, kitabın çap olunmasından 17 il keçsə də, əsər aktuallığını, əhəmiyyətini itirməmişdir. Kitab internet vasitəsilə yayılmış və bir çox beynəlxalq forumlarda müzakirə olunmuşdur”, - deyə o bildirib.

Yazıçı qeyd edib ki, hazırda İslam Konfransı Təşkilatının Gənclər Forumu Heydər Əliyev Fondunun dəstəyi ilə onun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş üçcildliyimü çap etdirmək niyyətindədir: “Mənim bu mövzu ilə bağlı 1993-cü ildə “Məşəqqətli günlər” kitabım da çap olunmuşdur. Əvvəlki kitabın davamı olan bu əsərdə də ermənilərin məfkurəvi millətçiliyi tənqid olunur”.

Pompeyev qeyd edib ki, sSon 10-15 ildə bu mövzuda məqalələri, oçerkləri Sankt-Peterburqun qəzet və jurnallarında, eləcə də Bakıda nəşr olunan beynəlxalq “İrs” jurnalında dərc edilmişdir: “Bu məqalə və oçerklər, eləcə də Rusiya, Ermənistan mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərindəki hazırkı vəziyyətlə bağlı dərc olunmuş materiallar əsasında kitabımın üçüncü cildi – “Xarabalıqlar” adlı kitab ərsəyə gələcəkdir. Onu da qeyd edim ki, ermənilərin özlərinin təsdiqinə görə, işğal olunmuş torpaqlarda Azərbaycan zərb-məsəlinə əsasən “ot da bitmir” və o ərazilərin qanuni sahibləri – azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmayana qədər heç bitməyəcəkdir də”.

 

Mövzuya dair:

Tanınmış rusiyalı yazıçı Yuri Pompeyev İnsan Hüquqları İnstitutunda olub

Avqustun 20-də AMEA-nın İnsan Hüquqları İnstitutunda (İHİ) Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olan tanınmış rusiyalı yazıçı-publisist, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, professor Yuri Pompeyevlə görüş keçirilmişdir.

İHİ-nin direktoru, hüquq elmləri namizədi Aytən Mustafayeva institutda dünyanın tanınmış alimləri, siyasətçiləri, mədəniyyət xadimləri ilə görüşlərin artıq ənənə halını aldığını söyləmiş, sonuncu belə tədbirin avstriyalı tarixçi, görkəmli şərqşünas, erməni yalanlarını cəsarətlə ifşa etmiş mərhum Erix Fayql ilə keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılmış ən gənc elmi tədqiqat institutunun əsas fəaliyyəti insan hüquqlarının qorunması məsələlərinə, Ermənistan ordusunun torpaqlarımızda törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmağa yönəldilmişdir.

A.Mustafayeva İHİ-nin ilk direktoru olmuş mərhum professor Rövşən Mustafayevin kitabları barədə Yuri Pompeyevə məlumat vermiş və bu nəşrlərin nümunələrini qonağa hədiyyə etmişdir.

Professor Yuri Pompeyev sonuncu dəfə Azərbaycanda 1994-cü ildə olduğunu və 15 ildən sonra respublikamızda gördüklərindən heyrətə gəldiyini, bütün sahələrdə böyük irəliləyişləri müşahidə etdiyini söyləmişdir. Bildirmişdir ki, səfərin məqsədi Qarabağ hadisələrinə həsr olunmuş üçcildlik üzərində işlə bağlıdır.

"Bu mövzu ilə bağlı “Qarabağ qan girdabında” (“Krovavıy omut Karabaxa”) ilk kitabım 1992-ci ildə, “Məşəqqətli günlər” (“Yudolnıye dni”) adlı ikinci kitabım 1993-cü ildə çap olunmuşdur. “Xarabalıqlar” (“Ruinı”) adlı üçüncü kitabda isə Moskvada, Sankt-Peterburqda və Bakıda nəşr olunan jurnal və qəzetlərdə dərc edilmiş məqalələrim toplanacaqdır. Bu kitabda Ermənistan tərəfindən işğal olunmuş əzəli Azərbaycan torpaqlarının hazırkı vəziyyəti öz əksini tapacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa etməlidir", - deyə Pompeyev bildirib. 

Yazıçı Qarabağ hadisələri şahidlərinin xatirələrini nəşr etdirilməsinin vacibliyini də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bir gün əvvəl cəbrayıllı qoca kişi ilə söhbət etdiyini söyləyən Y.Pompeyev, qaçqının doğma yurd-yuvası üçün gözlərindəki kədərin, səsinin titrəyişinin ona böyük təsir etdiyini vurğulamış, bildirmişdir ki, bu açı görüşü heç vaxt unutmayacaqdır, belə qəddarlıqları insan insana qarşı törətməməlidir. Dünyanın ən böyük bəlalarından biri də qatı millətçilikdir və erməni millətçiliyi, erməni şovinizmi onların ən müdhişləridir.

Azərbaycanla bağlı xatirələrini danışan Yuri Pompeyev 1990-ci il yanvarın 23-də Bakıya gəldiyini və Qanlı Yanvardan bir neşə gün sonra şəhərin tanklarla və əsgərlərlə dolu olduğunu, yanmış və əzilmiş avtomobilləri, komendant saatının tətbiq edildiyini öz gözləri ilə gördüyünü söyləmişdir.

Tədbirdə çıxış edənlər Y.Pompeyevin fəaliyyətini yüksək qiymətləndirmiş və ona elmi fəaliyyətində nailiyyətlər arzulamışlar.
Sonda yazıçı-publisist Yuri Pompeyevə xatirə hədiyyəsi təqdim edilmişdir.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi