Siyasət bostan deyil, yoldaşlar!
Türkiyə-Ermənistan dialoqu ətrafında usanmadan möhtəkirlik edən «milli vətənpərvərlərimizə» ünvanlanır...
Spekulyasiya, yaxud öz dilimizdə desək, möhtəkirlik son illər siyasi leksikonda özünə möhkəm yer edən, informasiya vasitələrində gen-bol işlənən ifadələrdəndir.
Sovet dövründə yaşayanların yadında olar, o vaxtlar «spekulyantları» (möhtəkirləri) cəmiyyət üçün zərərli element adlandırır, onları daima ictimai qınaq ünvanına çevirirdilər. Möhtəkir hər hansı malı (məhsulu) bir manata alıb beş manata başqalarına sırıyan, yəni bunu bacaran şəxslərə deyilirdi.
İndi zaman dəyişib, azad bazar və sərbəst rəqabət üzərində köklənən ticarətdə möhtəkirliyə o qədər də yer qalmayıb. Əvəzində indiki söz, fikir, ifadə özgürlüyü şəraitində başqa spekulyasiya yollarına imkanlar yaranıb. O cümlədən siyasi spekulyasiya həvəskarları, söz və bəyanatlarla alver edən, öz iddialarını lovğalıqla ictimai rəyə sırımaq istəyən kəslər üçün imkanlar genişdir.
Bu günlərin ictimai-siyasi spekulyasiya predmetinə çevrilən əsas mövzulardan biri, şübhəsiz, Türkiyə ilə Ermənistan arasında gedən dialoqla bağlıdır. Bu prosesin Azərbaycan üçün nə dərəcədə həssas məsələ olduğunu xüsusi vurğulamağa gərək yoxdur. O üzdən Türkiyə ilə Ermənistan arasında cərəyan edən hər hansı diplomatik gəlişməyə, təşəbbüsə bizim müstəsna diqqət göstərməyimiz qayət təbiidir.
Amma məsələ bundan o yana keçəndə, ura patriotizm, dekorativ vətənsevərlik, siyasi lovğalıq və çılız iddialarla köklənmiş möhtəkirlik baş alıb gedəndə ortaya suallar çıxır. Bu hay-küyün arxasında nə(lər) durur, Türkiyə hakimiyyətini Azərbaycana xəyanətdə ittiham edənlərin maraq və məramı nədir?
Bir il öncə başlanan qovğa və suya düşən iddialar
Düz bir il öncə, 2008-ci il sentyabrın 6-da Türkiyənin prezidenti Abdullah Gül Yerevana səfər etdi. Ermənistan və Türkiyə futbol komandalarının matçına tamaşa etmək vəsiləsi ilə gerçəkləşən səfər mahiyyət etibarilə mühüm siyasi addım, əlamətdar jest idi.
Ondan üç ay öncə, 2008-ci ilin iyununda Ermənistan prezidenti Sarkisyan Qazaxıstanın paytaxtı Astanada türkiyəli həmkarı ilə görüşdə onu futbol matçına dəvət edəndə, yəqin güman etmirdi ki, prezident Gül Yerevana gələcək. Bu halda erməni tərəfi Türkiyəyə qarşı yeni kampaniyaya başlamaq, Ankaranı çözüm tərəfdarı olmamaqda ittiham etmək üçün bəhanə əldə etmiş olacaqdı. Lakin prezident Gül Yerevana getməklə bu bəhanəni ermənilərin əlindən aldı.
Bir il əvvəl həmin məsələ ətrafında istər Türkiyədə, istərsə də Azərbaycanda nələrin baş verdiyi, hansı siyasi qovğaların cərəyan etdiyi məlumdur. Türkiyə rəhbərliyini qardaş Azərbaycana xəyanət etməkdə günahlandıran, «Türkiyə Ermənistana qapı açır» deyə car çəkənlər nə qədər oldu?
Üstündən bir neçə ay keçdi, 2009-cu ilin fevralında bir erməni jurnalisti («Azadlıq» radiosunun erməni xidməti) ortaya yeni iddia atdı: Türkiyə Ermənistanla münasibətlərdə daha Qarabağ məsələsinin həllini şərt olaraq irəli sürmür.
Bu iddia nə qədər rezonans doğurdu? «Türkiyə Qarabağı satdı» deyə nə qədər çıxışlar, ittihamlar səsləndi? Hərçənd məsələyə bir qədər soyuqqanlı yanaşıb «bir erməninin ortaya atdığı fikirlə bu qədər müzakirə açmağa gərək varmı» sualını da özümüzə verə bilərdik.
Düzdür, həmin dövrdə məsələ ilə bağlı Türkiyə və Azərbaycan arasında rəsmi kanallarla təmasların yetərsizliyi, ən azından bu barədə ictimaiyyətin lazımınca məlumatlandırılmaması da spekulyasiyaların artmasına rəvac vermişdi. Məhz bu üzdən o vaxt Türkiyə hakimiyyətinə ünvanlanan qınaq kampaniyasına Azərbaycanda rəsmi çevrələrdən, deputatlardan da qoşulanlar vardı.
Bununla belə, həmin proseslərdə ortada «at oynadan» əsas simalar Azərbaycan siyasətində «gerçək vətənpərvər və millətçi qüvvələr» adı ilə spekulyasiya edənlər, hər kəsə və hamıya yurdsevərlik, türkçülük dərsi verməyə qalxan kəslər idi.
Nəhayət, bu ilin 22 aprelində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı «Yol xəritəsi»nin razılaşdırıldığı bəyan edildi. Zamanlama baxımdan Türkiyə diplomatiyasının uğuru sayıla biləcək bəyanat mahiyyət etibarilə də diqqətəlayiq idi. Ermənilərin qondarma «soyqırımı günü» - 24 aprel öncəsi açıqlanan bəyanat ABŞ Konqresi başda olmaqla dünyadakı erməni lobbisinin Türkiyə əleyhinə kampaniyalarını ciddi şəkildə səngitdi.
Əslində Türkiyə Ermənistanla «Yol xəritəsi» anlaşmasına varmaqla qarşı tərəfi davakar, zəhlətökən iddialı siyasətə son verərək normal dialoq masasına əyləşməyə vadar etdi. Bu prosesdə təşəbbüs Türkiyənin əlinə keçmiş oldu ki, son gəlişmələr də bunu göstərir.
Nəhayət, bizim üçün ən vacib olan məsələ - Qarabağ probleminin Türkiyə-Ermənistan dialoqundakı yerinə gəldikdə isə, qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ilin mayın 14-də Bakıda bu barədə qəti mövqeyini bir daha ifadə etdi: Türkiyə-Ermənistan münasibətlərinin qurulması, sərhədlərin açılması Qarabağ münaqişəsinin həllinə bağlıdır.
Təbii ki, diplomatiya bir prosesdir. Ötən müddətdə Türkiyə-Ermənistan dialoqu da kulislər arxasında davam edib və avqustun 31-də daha bir məsafə qət edilib, məlum protokollarla bağlı birgə bəyanat verilib.
Bir daha vurğulayaq: hələlik tərəflər diplomatik münasibətlərin qurulması və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə protokolları, sadəcə, paraflayıblar. Bu protokolların nə vaxt imzalanacağı, nə vaxt parlamentdə ratifikasiya olunub qüvvəyə minəcəyi barədə ortada heç bir tarix və öhdəlik yoxdur.
Ortada yalnız bir konkret zaman zərfi var - sözügedən protokollarla bağlı Türkiyə və Ermənistanda daxili siyasi məsləhətləşmələri 6 həftə içində, yəni oktyabrın 12-dək tamamlamaq. Bu zamanlamanın da mahiyyəti isə məsələdən az-çox xəbərdar olan hər kəsə bəllidir. Ermənistan prezidenti Türkiyəyə futbol matçına (14 oktyabr) getmək üçün iki ölkə arasında münasibətlərin qurulması, sərhədlərin açılması ilə bağlı müzakirələrin başlanmasını şərt olaraq sürmüşdü. Türkiyə tərəfi 31 avqust birgə bəyanatı ilə Sarkisyanın bu bəhanəsini də əlindən alıb: müzakirə demirsən, bu da müzakirə.
Protokollara gəldikdə isə, artıq onların mətni mətbuatda dərc olunub və orada Türkiyə üçün də, Azərbaycan üçün də mühüm olan üç məsələ əks olunub:
1) Ermənistan Türkiyənin mövcud sərhədlərini tanıyır, yəni 1921-ci il Qars anlaşmasının şərtlərini qeyd-şərtsiz qəbul edir. Xatırladaq ki, Qars anlaşmasının bəndlərindən biri Naxçıvanın Azərbaycanın ərazisi kimi təsbit olunması, ermənilərin bu yöndə iddialarının rədd edilməsi ilə bağlıdır.
2) Erməni tərəf 1915-ci il olayları ilə bağlı türk tərəfi və üçüncü ölkələrin tarixçiləri ilə müştərək komissiyanın yaradılmasına razılıq verir. Bu anlaşma erməni tərəfin Türkiyə əleyhinə illərdən bəri apardığı «soyqırımı» kampaniyasını tərksilah edir. Təsadüfi deyil ki, bu müddəa həm Ermənistandakı millətçi qüvvələr (daşnaklar), həm də xaricdəki erməni diaspor təşkilatları tərəfindən qəti şəkildə rədd olunur. Onlara görə, soyqırımı məsələsinin müzakirəsinə razılaşmaq erməni xalqı üçün təhqirdir. «Bəs onda indiyədək soyqırımı tanımış ölkələrə nə deyək» deyə onlar prezident Sarkisyana sual edirlər.
3) Türkiyə ilə Ermənistan arasında imzalanacaq protokollarda tərəflərin üçüncü ölkələrin daxili işlərinə qarışmamaq, dövlətlərin sərhəd toxunulmazlığı, münaqişələri dinc yolla həll etmək prinsiplərinə əməl etmək barədə öhdəlikləri əks olunub. «Türkiyə-Ermənistan razılaşmalarında Qarabağ şərti yoxdur» deyənlər bu müddəya diqqət yetirməlidirlər. Qarabağ məsələsi hərfi baxımdan olmasa da, prinsip etibarilə bu razılaşmalarda yerini qoruyur. Diplomatik sənədlərdə bundan artığını axtarmaq diplomatiya nə olduğunu bilməmək deməkdir.
Elə isə kimlər və nədən narazıdırlar?
Beləliklə, Türkiyə ilə Ermənistan arasında imzalanacaq protokolların mahiyyəti də, məzmunu da ortadadır. Bəli, həmin protokollarda yazılıb ki, onların parlamentdə təsdiqlənməsi və qüvvəyə minməsindən sonra filan-filan zaman kəsiyində filan addımlar atılacaq. Məsələn, 2 ay sonra Türkiyə-Ermənistan sərhədi açılacaq.
Lakin, gəlin görək, həmin 2 ay sürəci nə vaxt başlanacaq? Bir daha vurğulayaq: protokolların imzalanması, parlamentdə təsdiqi ilə bağlı ortada heç bir öhdəlik, zaman zərfi yoxdur.
Türkiyə Ermənistanla anlaşmalarda bu məsələləri açıq qoymaqla özünə mühüm manevr imkanları saxlayıb. Bu, açıq məntlə qeyd olunmasa da, mahiyyət etibarilə hər kəsə bəllidir ki, sözügedən sürəcin işə düşməsi Qarabağ nizamlanması prosesinə bağlı olacaq. Bir sözlə, Türkiyə-Ermənistan münasibətlərinin qurulması real olaraq Azərbaycan-Ermənistan sülh danışıqlarının tempi ilə nizamlanacaq.
Məhz buna görə də Azərbaycanın hakimiyyət dairələri də, real(ist) müxalifət qüvvələri də cərəyan edən proseslərə soyuqqanlı yanışır, gəlişmələri izləməyə üstünlük verirlər. Bu baxımdan Türkiyə-Ermənistan dialoqu Qarabağ sülh prosesini sürətləndirə bilər (əgər erməni tərəf uzlaşmaya meyl göstərsə), əksinə, Qarabağ nizamlanmasının dalana girməsi isə bu dialoq prosesini də ləngidə bilər.
Elə isə gəlin görək, gedən proseslərdən kimlər və niyə narazıdırlar?
Ermənistanda və erməni diasporunda Türkiyə ilə anlaşmaya hansı qüvvələrin nədən qarşı çıxdığı bəllidir.
Türkiyəyə gəlincə, orada Ermənistanla razılaşmaları rədd edən müxalifətin niyə belə davrandığını sezmək çətin deyil. Nəticədə bu bir siyasi mübarizədir və müxalifətin iqtidarın hər addımına şübhə və tənqidlə yanaşması təbiidir. Məgər Türkiyə müxalifəti AKP iqtidarını təkcə Ermənistanla dialoqa görə tənqidə tutur?
Sadəcə, türk-erməni dialoqu və ortadakı Azərbaycan maraqları olduqca həssas mövzular olduğu üçün AKP iqtidarınını müxalifləri də bundan maksimum yaranlanırlar. Bu gün Türkiyədə cümhuriyyətçi Baykal, yaxud millətçi Baxçalı iqtidarda olsaydılar və Ermənistanla dialoq siyasəti aparsaydılar, onlara müxalifətdə olan AKP də eynilə tənqidçi rolunda çıxış edəcəkdi.
Bununla belə, o da birmənalıdır ki, Türkiyənin, iqtidarda kimin olmasından asılı olmayaraq, Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını güdaza verməsi mümkün deyil. Bu yöndə siyasi möhtəkirlik etmək də əbəs məşğuliyyətdir.
Təəssüf ki, bu cür möhtəkirliyi özünə iş-peşə sayanlar vardır. Siyasətdə uğur qazanmayan, ölkənin real siyasi palitrasında özünə yer tapa bilməyən, yeknəsəq ictimai fəaliyyətlə bir şey əldə etməyən kəslər bir qayda olaraq cəmiyyət üçün həssas mövzularda möhtəkirlik etməklə gündəmdə qalmağa çalışırlar.
Yəqin elə buna görədir ki, Azərbaycanın bütövlüyünü özünə məram edən, fəqət bu yöndə özünə perspektiv görməyən təşkilatın rəhbəri ümumtürk həmrəyliyi ilə spekulyasiya etməkdən özgə siyasi özünütəsdiq yolu görmür. Hələ ortada Ermənistanla bir saziş, yaxud konkret addım yoxdur. Nə olsun ki, yoxdur. Türkiyə hökumətini növbəti dəfə Azərbaycana xəyanətdə ittiham edib gündəmə gəlmək istəyi ki var.
Eyni istək Bakıya bu və ya digər beynəlxalq tədbirlə bağlı səfər edən ermənilərə qarşı aksiyalar keçirməklə ad çıxarmış təşkilat rəhbəri üçün də cazib görünə bilər. Niyə də olmasın. Onsuz da neçə vaxtdır Bakıya erməni təşrif buyurmur. Mövzu və ictimai fəaliyyət qıtlığıdır.
Yaxud da Türkiyənin Bakı böyükelçisinin bu günlərdə qəzet redaksiyalarını ziyarət etməsindən pəjmürdə olub (çünki hörmətli səfir onu ziyarət etməyib) acığını ən emosional tərzdə büruzə verən qəzetçilər də tapılar. Hətta acığa düşüb, Türkiyəni Rusiyanın ayağına da verər: «Əgər Azərbaycan «Bakı-Ceyhan»la axan neftini Ankaranın deyil, rəsmi Moskvanın nəzarəti və xeyir-duası ilə Avropaya axıtsaydı, çoxdan Dağlıq Qarabağ problemi də həll edilmişdi, ermənilər isə işğal etdikləri ərazilərimizdən tamamilə rədd olub getmişdilər».
Bax belə. Elə isə niyə dayanmışıq? Dərhal neft borumuzu qoltuğumuza vurub üz tutaq Rusiyaya.
Buna artıq, sadəcə, möhtəkirlik demək də azdır. Bu artıq siyasəti bostan bilib «ura» deyə ora üz tutanların məntiqidir. Əlbəttə, bostanı uralamaq, irili-xırdalı qazanc da əldə etmək olar. Amma siyasət bostan deyil axı, yoldaşlar!
Vüqar Orxan, “525-ci qəzet”, 05.09.2009.