“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.05.2011, 17:26
460

Yarım əsrlik qənimət adam

A- A+

Tanınmış jurnalist Süleyman Qaradağlı 50 yaşı haqladı...

...Əslən Füzulidən olsa da, biz ona "köçkün" sözünü yaraşdıra bilmirik. Çünki Yerə bağlı bu adamın həyatsevərliyindən, nikbinliyindən, aşıb-daşan enerjisindən bütün bölgələrə pay düşə bilər.

 ...Şirin söhbətlidi. Bu da onun, çağdaş dildə desək, el şənliklərində boynuna götürdüyü xeyirxah missiyası ilə bağlıdır. Bu səbəbdən hərdən çay süfrəsində görüşəndə dilindən dəfələrlə eşitdiyimiz, dövrü-zəmanədən tutmuş sənət və futbol mövzularına kimi eyni şikayətnamələrini də rahat-luqum kimi udmalı oluruq. İlk baxışda ən xırda, bəlkə də mənasız görünən mətləblərin zərgər dəqiqliyilə, özü də elə-belə yox, faktı-sübütu ilə izahını versin, bir kanalın suyunun neçə arxdan qaynaqlandığını yerli-yataqlı təsvir eləsin, danışdıqca da cuşa gəlsin, sən də sakitcə dinlə və zövq al.

Bizim yaşı yarım əsri adlayan dostumuz hərtərəfli məlumata malik maraqlı həmsöhbətdi. Və bu maraqlı söhbətlərinin duzunu bədii ricətlərlə, lirik haşiyələrlə, məşhurlardan, bəzən hətta kəndindən gətirdiyi sitatlarla bir az da artırsın, sən də dinməz-söyləməz saatlarla ona qulaq kəsil, feyziyab ol. Amma bütün bunlarla yanaşı oturuşunda-duruşunda da, yerişində də ağır-batmandı. Lap yüz ilin kişiləri kimi möhtəşəmdi.

...Tanınmış jurnalist, H.B.Zərdabi mükafatı laureatı Süleyman Qaradağlı biz dostları üçün qənimət adamdı.

Səmimi dost, həssas, sadə və sadəlövh insan, istedadlı jurnalist, publisist, sinədəftər-şair kimi dəyərini uca tutduğumuz Süleyman Qaradağlı yəqin 50 illik yubileyini belə qısaboy qeydlərlə təbrik etdiyimizə görə bizdən inciməz. Daha uzun təbrikləri və gözaydınlığını bircə balası Elvinin toy mərasimində əlindən mikrofonu alandan sonra söyləyəcəyik. İntəhası, onu da dəqiq bilirik ki, yubilyar qardaşımızın küsüb-barışmağının arasındakı məsafə cibindən darağını çıxarana qədər qısadır.

...Əzizimiz Süleyman Qaradağlının bundan sonra daha bir 50 illiyinin sevincini bərabər yaşamaq arzusu ilə,

yaxın dostları 

Xəbərlər
Redaktorun seçimi