Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq vacibdir
AŞPA sədri azərbaycanlı deputat Rövşən Rzayevin təklifini dəstəkləyib
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 21-də başlanan qış sessiyası davam edir. AzərTAc-ın mıəlumatına görə, yanvarın 23-də AŞPA sessiyasında gündəliyə uyğun olaraq sərbəst dinləmələr keçirilib.
Azərbaycanın parlament nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında Dağlıq Qarabaq münaqişəsinin nizamlanması prosesində icmalararası dialoqun vacibliyini qeyd edib. Deputat Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun başlanması ilə bağlı müraciətinə ciddi münasibət bəsləməsini AŞPA sədrindən xahiş edib.
Milli Məclisin deputatı AŞPA sədri Jan-Klod Minyonun qurumun bir illik fəaliyyətindən danışarkən dondurulmuş münaqişələrin mütləq danışıqlar və dialoq yolu ilə həllinə dair səsləndirdiyi fikirləri xatırladıb. Rövşən Rzayev bildirib ki, Qarabağın hər iki icması arasında dialoqun başlaması ümumi böyük sülh sazişinə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatında öz müsbət töhfəsini verə bilər.
Jan-Klod Minyon azərbaycanlı deputatın təklifini dəstəkləyib və bildirib ki, məsələyə belə yanaşma düzgün mövqedir. Onun sözlərinə görə, hər iki icma arasında dialoq başlamalıdır. Sədr bu istiqamətdə səylərini daha da gücləndirəcəyini diqqətə çatdırıb.
* * *
AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minyon Azərbaycanın və Ermənistanın AŞPA yanındakı daimi nümayəndə heyətinin rəhbərləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılmasının vacibliyi vurğulanıb.
* * *
Mövzuya dair:
Jan-Klod Minyon: “Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun işinə etibar edirəm”
“AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsinin fəaliyyəti bərpa edilməyəcək”. Bu fikirləri AŞPA sədri Jan-Klod Minyon yanvarın 21-də Strasburqda keçirdiyi mətbuat konfransında deyib (APA).
O, hər iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə mütəmadi görüşdüyünü xatırladıb: “Mənim Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə keçirdiyim üçtərəfli görüşə gəldikdə, bu, Alt Komitə çərçivəsində deyil, qeyri-rəsmi çərçivədə keçirilən görüşdür. Bu komitənin fəaliyyəti məndən öncəki sədr tərəfindən dəstəklənsə də, mən bunu dəstəkləmirəm.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işi ilə ATƏT-in Minsk Qrupu məşğul olur və mən də onların apardığı işə tam etibar edirəm. Bununla belə, qərara gəldim ki, bu işə bir az fərqli formada, yeni formatda öz töhfəmi verim. Fərq sadəcə ondadır ki, bizim bu görüşlərimiz hansısa rəsmi formatda deyil, qeyri-rəsmi formatda keçirilir. Öz aramızda qərara gəlmişik ki, görüşlərimizin məzmunu barədə mətbuata açıqlama verməyək. Çünki hələ elə bir ciddi razılıq əldə etməmişik, danışıqlarımız davam edir.
Bu üçtərəfli görüşlərimiz yalnız Strasburqda deyil, komitələrimizin Parisdə və digər şəhərlərdə keçirildiyi iclaslarda da baş tutur. Ümid edirəm ki, Ermənistanın may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyindən əvvəl bir razılığa gələcəyik və bu irəliləyişlərimiz haqda rəsmi açıqlama verə biləcəyik”.