“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.11.2009, 22:19
418

BMT-də Qarabağ münaqişəsinə dair daha bir sənəd yayılıb

A- A+

BMT Baş Məclisinin komitəsi isə Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edib

BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyindəki 14-cü və 18-ci bəndlər - “GUAM ərazisində davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” və “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” məsələləri ilə bağlı BMT Baş Məclisinə və Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin nümayəndə heyətlərinə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü: səbəblər və nəticələr” adlı hesabat təqdim edilmişdir. 

Baş Məclisin sənədi kimi yayılan faktlarla zəngin 30 səhifəlik hesabat bir neçə fəsildən ibarətdir: “Münaqişənin tarixi”, “Sovet dövründə Ermənistan ərazisinin genişləndirilməsi və əhalisinin demoqrafik tərkibinin dəyişdirilməsi”, “Dağlıq Qarabağ muxtar bölgəsi Azərbaycan SSR-nin tərkibində”, “Münaqişənin müasir mərhələsinin başlanması”, “Münaqişənin qızışması, gedişatı və nəticələri”, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”, “Vasitəçi səyləri” və “Münaqişənin həllində Azərbaycanın mövqeyi”.

Hesabatın giriş hissəsində vurğulanmışdır ki, hazırkı sənəd Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən 2008-ci və 2009-cu illərdə beynəlxalq təşkilata təqdim etdiyi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi nəticələri”, “Dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə fundamental normaları Ermənistanın işğalçı siyasəti baxımından”, “Hərbi işğalçı kimi Ermənistanın beynəxlaq hüquqi öhdəlikləri” haqda hesabatlar və digər sənədlərə əlavədir.

Bununla Azərbaycan Respublikası münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanan mövqeyini çatdırmışdır.

Hesabatda o da qeyd olunmuşdur ki, Ermənistanın BMT-dəki daimi nümayəndəliyi öz növbəsində bu sənədlərə cavab olaraq Dağlıq Qarabağla bağlı bu ilin mart ayında memorandum yaymışdır. Lakin, maraqlısı budur ki, bu sənəddə münaqişənin həlli ilə bağlı istinad gətirilən sənədlərin arasında nə BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin müvafiq qətnamələri, nə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatları, ATƏT-in Parlamet Assambleyasının qətnaməsi xatırlanır.

Halbuki, məhz BMT-nin qərarları problemin həllinə dair ən nüfuzlu sənədlərdir. Azərbaycan tərəfi ümid edir ki, BMT-nin üzvü olan dövlətlər Ermənistanı təcavüzkar siyasətindən əl çəkməyə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa, sülh danışıqlarında səmimi mövqedən çıxış edərək, uzunmüddətli həll yolu tapmağa inandıracaqlar.

* * *

BMT Baş Məclisinin İkinci Komitəsi Azərbaycanın təşəbbüsü ilə qətnamə layihəsi qəbul edib

Nyu-Yorkda BMT Baş Məclisinin İkinci Komitəsinin (İqtisadi və Maliyyə) növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə dair qətnamə layihəsi yekdilliklə qəbul edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə aid qətnamə layihəsi BMT Baş Məclisinin 64-cü sessiyasında Azərbaycan tərəfindən irəli sürülmüşdür. Cari ilin sentyabrından isə Azərbaycanın nümayəndə heyəti tərəfindən qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar müvəffəqiyyətlə aparılmışdır.

Qətnamə layihəsində dünyada iqtisadi artım və sosial inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının vacibliyi etiraf olunmaqla yanaşı, Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması baxımından TASİM-in mühüm rolu vurğulanmışdır. Bu təşəbbüsün həyata keçirilməsi istiqamətində regional səylərin əlaqələndirilməsinə dair Azərbaycan hökumətinin təklifi alqışlanır.

TASİM kimi yeni və qabaqcıl təşəbbüsü təqdim edən qətnamə layihəsi müxtəlif regionlar tərəfindən dəstəklənmiş və BMT-nin üzvü olan bir sıra nüfuzlu ölkələr bu təşəbbüsə müəllif kimi qoşulmuşlar.

Onların sırasında ABŞ, Almaniya, Avstraliya, Belarus, Bolqarıstan, Əfqanıstan, Çin, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərləri vardır.

AzərTAc.

 

 

Xəbərlər
Redaktorun seçimi