“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.08.2010, 19:02
503

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı

A- A+

Bakı ümid edir ki, hərbi bazanın resursları Azərbaycana qarşı yönəlməyəcək...

Yerevanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb.

“Novosti-Armeniya” agentliyinin verdiyi məlumata görə, sənədə prezidentlər Dmitri Medvedev və Serj Sakisyanın görüşündən sonra müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar.

Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb.

Əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, indi bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb.

Ən önəmli və Azərbaycanın milli təhlükəsizlik maraqlarına aidiyyəti olan məqam ondan ibarətdir ki, Rusiya hərbi bazası Ermənistan ordusu ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu məqsədlə Rusiya tərəfi Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək. Rusiya hərbi bazasındakı hərbi qüvvədən istifadə edilməsi ikitərəfli razılaşmalar əsasında gerçəkləşəcək.

Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.

* * *

Azərbaycan XİN Rusiya ilə Ermənistan arasında hərbi protokola münasibət bildirib 

“Azərbaycan ümid edir ki, Rusiya Ermənistandakı 102-ci bazanın hərbi texnika və resurslarından Azərbaycana qarşı istifadə edilməməsi haqda öz üzərinə götürdüyü öhdəliklərə bundan sonra da sadiq qalacaq”.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. E. Poluxov xatırladıb ki, Rusiya 2006-cı ildə Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən hərbi bazalarını çıxararkən bu bazaların Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazaya göndərilən silah və hərbi texnikasından Azərbaycana qarşı istifadə olunmaması barədə öhdəlik götürüb.

Qeyd edək ki, avqustun 20-də İrəvanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə əsasən Rusiya hərbi bazası Ermənistan ordusu ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu məqsədlə Rusiya tərəfi Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək.

* * *

Bax həmçinin:

Rusiya Qarabağ məsələsinə yeni vasitəçilərin cəlb olunmasına qarşı deyil 

Dmitri Medvedev: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə tərəflərin razılığı ilə yeni vasitəçilərin cəlb olunmasının əleyhinə deyilik”

-20.08.2010-

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə tərəflərin razılığı ilə yeni vasitəçilərin cəlb olunmasının əleyhinə deyil”.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev həmkarı Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərkibinin genişlənməsi və “Azərbaycanın bu məsələni Minsk Qrupu çərçivəsindən çıxarmaq cəhdləri”nə Rusiyanın münasibəti haqda sualı cavablandıran D. Medvedev bildirib ki, önəmli olan nəticədir, bu yolda istifadə edilən institutlar yox: “İkincisi, istifadə olunan, ya da istifadəsi təklif edilən vasitəçilik institutlarını tərəflər, eyni zamanda danışıqlar prosesinin iştirakçıları qəbul etməlidir. Bir tərəfin istəmədiyi, bitərəfliyinə əsaslı şübhə duyduğu vasitəçiləri sırımaq mümkün deyil”.

D. Medvedevin sözlərinə görə, tərəflər digər iştirakçıları cəlb etməyi razılaşdırarsa Rusiya bunu qəbul edəcək:

“Əsas odur ki, effektiv iş aparılsın. Açıq desək, hazırda hansısa effektivliyi yalnız Minsk Qrupu nümayiş etdirir. Danışıqların digər potensial iştirakçıları danışıqların mövzusundan kifayət qədər uzaqdadır, detallardan xəbərdar deyil və bu da onların vasitəçilik potensialından istifadəni çətinləşdirir”. 

Xəbərlər
Redaktorun seçimi