“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.11.2009, 22:10
375

Dağlıq Qarabağın azərbaycanlı icması Berlində tədbir keçirəcək

A- A+

Almaniya ictimaiyyətinə Qarabağ həqiqətlərindən bəhs edən fotosərgi təqdim olunacaq

Noyabrın 26-da Almaniyanın paytaxtı Berlində “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçiriləcək. Tədbir Berlindəki “Konsert-Haus” binasında (Elmlər Akademiyasının binasının yanında) düzənlənəcək.

Tədbirin təşkilatçıları qismində Dağlıq Qarabağın Azərbayanlı İcması ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon mədəniyyət və turizm şöbəsi, Alman-Azərbaycan Forumu, “Bakı-Berlin Qalereyası” və “Qız qalası” incəsənət qalereyası çıxış edir.

Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri barədə həqiqətləri Almaniya ictimaiyyətinə çatdıqmağı qarşıya məqsəd qoyan tədbirdə Qarabağa həsr olunmuş fotosərgi də nümayiş olunacaq.

“Dağlıq Qarabağ” -“Berg Karabach” adlı fotosərgidə Dağlıq Qarabağın tarixi-mədəni abidələri, Qarabağ xalçaları, Qafqazın konservatotiyası və mədəniyyət beşiyi olan Şuşanın tarixi, bu şəhərdə doğulmuş mədəniyyət və incəsənət xadimlərindən bəhs edən fotoşəkillər təqdim ediləcək.

Sərgidəki fotostendlərin əsasını tanınmış fotojurnalist Mirnaib Həsənoğlunun müxtəlif vaxtlarda çəkdiyi və Qarabağ münaqişəsinin acılarından, faciəli fəsadlarından bəhs edən ağlı-qaralı fotoşəkillər təşkil edir.

Sərgi ilə bağlı xüsusi olaraq hazırlanan, Azərbaycan və alman dilərində nəşr olunan dərgidə bu şəkillər barədə deyilir: “Bütün şəkillər ağ-qaralıdır, çünki müharibənin ayrı rəngi yoxdur. Nümayiş etdirilən bütün materiallar sanki bu mənasız, qəddar müharibənin foto-tarixidir. Bu, Qarabağ faciəsi haqqında həqiqəti dünyaya danışa biləcək fotoxronikadır. Vaxt gedir, həyat davam edir və gələcəkdə faciəyə yol verməmək üçün dünənki günü bilmək və yadda saxlamaq lazımdır”.

Qeyd edək ki, fotosərgi Qarabağ münaqişəsinə və müharibə həqiqətlərinə həsr olunsa da, onun əsas devizi gələcək sülhə doğru köklənib.

Tədbirin keçirilməsində əsas məqsəd Qarabağ münaqişəsinin tarixi gerçəklərini Almaniya ictimaiyyətinə təqdim etməklə yanaşı, Azərbaycanın bu münaqişəni sülh yolu ilə, millətlərarası anlaşma və tolerantlıq zəminində həll etmək niyyətini bir daha nəzərə çatdırmaqdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icması bu torpaqda dinc şəraitdə və ən əsası, ədalətli sülh içində yaşamalıdır. Yalnız bu halda sülh möhkəm əsaslı və uzunmüddətli ola bilər.

www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi